“Hazırda pərakəndə bazarı çox maraqlı rəqabət içindədir” – Müsahibə

MÜSAHİBƏ 26 yanvar 2021, 10:46
Karvannews.com Crispa Snacks MMC şirkətinin icraçı direktoru Nahid Cabbarovla müsahibəni təqdim edir.

- Şirkətinizin yaranma tarixi haqda məlumat verərsiniz... Əsas fəaliyyətiniz nədən ibarətdir?

- Şirkətimiz Crispa Snacks MMC 2018-ci ilin əvvəlindən fəaliyyətə başlayan qida istehsalçısıdır. Şirkətimiz ailə şirkəti olsa da korporativ və professional olma yolunda çox böyük yol qət etmişdir. Hövsan qəsəbəsində yerləşən zavodumuzda cari olaraq 5 növ alma çipsi istehsal olunur. Bu məhsullar xüsusi fransız sortu almalardan əldə edilir. Bundan başqa, şirkətimiz bir çox meyvə və tərəvəz çipslərinin istehsalını və satışını plana uyğun olaraq addım-addım həyata keçirir.

- Crispa Snack MMC şirkəti Azərbaycanın hansı bölgələrində fəaliyyət göstərir və bundan sonrakı genişlənmə planları varmı?

- Crispa Brendi altında məhsullarımız ölkəmizdə Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda demək olar ki, marketlər şəbəkələrində istehlakçılarımıza təqdim edilir. Məhsullar təkcə supermarketlərdə deyil, o cümlədən, hotellərdən, fitness mərkəzlərindən şərab evlərinədək bir çox fərqli nöqtələrdə müxtəlif hədəf kütlələrinə təklif olunur. Biz genişlənmə prosesimizi 2017-ci ildə hazırladığımız Biznes Planımız əsasında davam etdiririk. Yəni, mərhələli şəkildə böyümək daha məqsədəuyğundur deyə düşünürük. İlk istehsal sahəmiz və çeşidlərimiz kiçik olsa da ikinci mərhələdə istehsal sahəmizi, gücümüzü və çeşidlərimizi dəfələrlə artırdıq.



- Digər şirkətlərin məhsullarından sizin məhsullar hansı özəllikləri ilə seçilir?

- Crispa məhsulları 100% natural və orqanikdir. Tərkibində heç bir əlavə kimyəvi maddə və ya hansısa qatqı yoxdur. İstehsal prosesi də tam steril şəraitdə keçirilir. Məhsullar xüsusi professional avadanlıqlar vasitəsi ilə beynəlxalq standardlara uyğun şəkildə istehsal edilir. Bu baxımdan şirkətimiz Azərbaycan Qida Təhlükəsizliyi agentliyi sertifikatını və bununla yanaşı ISO 22000:2018 beynəlxalq sertifikatını da əldə etmişdir. Daim öz üzərimizdə çalışırıq və Crispa brendinin əsas məqsədi təbii və sağlam çərəz (xüsusilə də çips) sektorunda qabaqcıl yerlərdən birini tutmaqdır.

- Son illər dövlət tərəfindən qeyri-neft sektorunun inkişafına böyük dəstək verilməkdədir. Bu dəstək şirkətin istehsal və ixrac potensialında hansı müsbət dəyişikliklərə səbəb olub?

- Təbii ki, dövlətimiz tərəfindən verilən dəstəklərdən hər zaman istifadə edirik. İxracla bağlı iqtisadiyyat nazilyi, KOBİA və ən əsası Azpromonun dəstəklərini hiss edirik. Ələxsus, Azporomonun təşkil etdiyi İxrac missialarında, xarici mötəbər qida sərgilərində iştirak etmişik və bundan sonrakı tədbirlərdə də iştirak etməyi düşünürük. İxracla bağlı, bazar araştırmalarında, müştəri portfeli yaratmaqda Azpromo ilə daim sıx əməkdaşlıqda olmuşuq.

- Hazırda super marketlər arasında necə bir rəqabət var? Bazarda hansı irəlidədir?

- Hal-hazırda pərakəndə bazarı çox maraqlı bir rəqabət içindədir. Bazarda olan böyük iştirakçılara qarşı digərləri birləşərək rəqabət aparmağı üstün tutur ki, bu da ən təbii haldır. Şəbəkə sayları getdikcə azalacaq və bizdə də inkişaf etmiş ölkələrdəki kimi sadəcə 4-5 marketlər şəbəkəsi fəaliyyət (daha güclü şəkildə) göstərəcək. Düşünürəm ki, hər bir supermarket şəbəkəsinin əsas sosial məqsədlərindən biri də yerli istehsala və əsasən də yerli istehsalçı KOBİ-lərə dəstək verməkləri olmalıdır.

- Sizinlə rəqabət aparan hansı şirkətlər var?

- İlk olaraq nəzərinizə çatdırım ki, səmimi desəm mən onlara rəqib gözü ilə deyil, partnyor gözü ilə baxıram. Çünki hazırda bu kateqoriyanı Azərbaycanda inkişaf etdirmək üçün bir-birimizə dəstək verməliyik və öz adımızdan bir çox yeni başlayanlara dəstəklərimizi əsirgəməmişik. Say məsələsinə gəldikdə isə, bu sahədə bizdən başqa iki böyük və 20-ə yaxın kiçik və mikro istehsalçılar mövcuddur.



- Məhsullarınızı hansı ölkələrə ixrac edirsiniz?

- Yerli bazarda iştirakla yanaşı, Crispa hal hazırda üç ölkəyə BƏƏ (Dubay), Rusiya (Moskva) və Astana (Qazaxıstan) məhsul ixrac etməkdədir.

- Bazara hansı yeni məhsullarınızı çıxarmağı planlaşdırırsınız?

- Yaxın zamanlarda qurudulmuş Təbii Çiyələk çipsi, Təbii Armud Çipsi, Təbii Xurma dilimləri ilə bərabər Təbii Alma sirkəsi, Təbii Alma Bəkməzi, Təbii Alma Cemi və s. məhsullarımız satışa çıxarılacaqdır.

- Şirkətlər sosial şəbəkələrə fokuslanmaqla öz satışlarını artıra bilərmi? Bu nə dərəcədə realdır?

- Əlbəttə sosial media hal-hazırda məhsul satışları və reklamı üçün ən vacib vasitələrdən biridir. Biz də Crispa brendi olaraq offline kanallarda əsasən SMM marketingdən istifadə edərək məhsul satışlarına dəstək verməyə çalışırıq.

- Pandemiya şirkətinizə necə təsir edir? Məhsula tələbatda dəyişiklik olurmu?

- Səmimi desəm, məhsullarımızın gündəlik tələbat malları sırasında olmaması ilə bağlı pandemiya bizə də çox təsir etdi. Ancaq biz bu prosesdə dayanmadıq, daim çalışdıq, yeni çeşidlər istehsal etdik, yeni satış nöqtələri tapdıq. Daim inkişaf üçün çalışdıq.

- İkinci Qarabağ müharibəsi vaxtı bir çox qurumlar, şirkətlər cəbhəyə yardım göndərdilər. Bəs sizin şirkət orduya və cəbhəyə necə dəstək oldu?

- Şirkətimiz və ailəmiz adından həmişə sosial aktiv olmağa çalışmışıq. Eləcə də 44 günlük müharibə dövründə də maddi və mənəvi dövlətimizin yanında olduq. Çox sevinirik ki, müzəffər ordumuz və ali baş komandanımız bizə bu sevinci yaşatdı. Allah şəhidlərimizə rəhmət etsin. Vətən uğrunda döyüşən və can qoyan hər bir kəsin qarşısında baş əyirik.
 

DİGƏR XƏBƏRLƏR

Loading
Top