Azərbaycanlı şairə: “Ədəbiyyata dəxli olmayan "əsərlər” yazılır” - Müsahibə

MÜSAHİBƏ 08 fevral 2021, 13:04
Karvannews şairə Sənəm Səbayellə müsahibəni təqdim edir.
 
- Özünüz haqda məlumat verərsiniz...

- Ağstafa rayonunun Yuxarı Göycəli kəndində doğulmuşam. Tək uşaq olmuşam. Atasız böyümüşəm. Bütün atasız qızlar kimi həyatla savaşa-savaşa öz ayağımın üstündə dayanmağı öyrənmişəm. Həyat məni sınayıb, sındırmayıb.

İnsanın üç şeyi seçmək imkanı yoxdur. Vətənini, irqini və valideyinlərini. Əgər mənim yenidən doğulmaq və doğulacaq məkanı seçmək imkanım olsaydı, yenə də Ağstafa rayonunun Yuxarı Göycəli kəndini seçərdim.

Ədəbiyyata, şeiriyyata məhəbbəti məndə həmin kəndin orta məktəbinin direktoru, dil-ədəbiyyat müəllimim Fərhad müəllim oyadıb. Ruhu şad olsun. Orta məktəbdə oxuyanda mən bütün fənnləri yaxşı oxuyurdum. Rayonda keçirilən olimpiyadaların hamısına gedirdim və qalib olurdum. Riyaziyyat müəllimim məni riyaziyyatçı, tarix müəllimim məni tarixçi, Fərhad müəllim isə filoloq görmək istəyirdilər. Mən şair oldum. Şairliyinsə fakultəsi yoxdu.(gülür)

Orta məktəbdə oxuyanda kiçik həcmli şeirlər yazırdım və hamıdan gizlədirdim. Bir gün şeirlərimi yazdığım dəftər Fərhad müəllimin əlinə keçdi. O da şeirlərimdən bir neçəsini sovetlər dönəmində çap olunan "Azərbaycan pioneri" qəzetinə göndərmişdi. Bir şeirim həmin qəzetdə çap olunmuşdu. Bənövşəyə yazdığım şeir idi. Utandığımdan iki gün məktəbə getməmişdim onda.

Beləliklə, əvvəl məktəbin divar qəzetində, sonra da ara-sıra dövrü mətbuatda çap olundum. İlk qonorarıma çoxlu dəftər-qələm almışdım. Sonra ailə qurdum, qiyabi yolla təhsil aldım. Bilirəm ki, özü yerdə, ruhu göydə bir bəndəyəm...
 
- İndiyə qədər neçə kitabınız çap olunub?

- Bəli, kitablarım çap olunub. Bir kitablıq şeirlərim də kitablaşmağa hazırdır. Qismət Allahdan, yəqin bir gün o şeirlərin də bəxti açılar. Mənim fikrimcə sözün də bəxti var. Axı söz də yaradan deyil, yaranandır.

İndi kitab çap etdirmək bəziləri üçün çox asandır, bəziləri üçünsə çox çətindi. Əvvəllər deyirdilər kitabını gətir pulunu apar, indi deyirlər pulunu gətir kitabını apar. Həm də indi çox qəribə vəziyyət yaranıb, 20-30 vərəqlik bir praşura çap etdirirlər, adına kitab deyirlər. Hətta bu "kitaba" təqdimat da eliyirlər. Ədəbi məcsilslərin birində 25-30 yaşlarında bir cavan oğlan dedi ki, mənim 21 kitabım çap olunub. Mənim kitab bildiyim, kitab kimi qəbul etdiyim 21 kitabın təkcə üzünü köçürməyə 20 il vaxt lazımdı, nəinki yazmağa. Çox təəssüf ki, müəllifini unutmuşam, bir şair yazmışdı ki;

- Allah boyda yaradanın,
Cəmi dörd kitabı var.
Mənimki beşə keçdi,
Anlayanda geciydi...
 
- Bu bölgənin qədim tarixi var. Qazax-Ağstafa deyəndə Səməd Vurğun, saz, şeir yada düşür. Buranın ədəbi mühitinin yaxın tarixi və onun nümayəndələri haqqında nə deyə bilərsiniz?

- Qazax-Ağstafa ədəbi mühiti çox geniş anlayışdı. Bunu bir cümlə ilə nöqtələmək olmaz. Bu yurdun uşaqları qafiyə ilə danışır, qocaları şeirlə, bayatı ilə söhbət edir. Cavanlar çox gizli mətləblərini qımqımaynan anladırlar. Bu mühitin azman-azman yazarları söz yükünü söylədiyim folklor nümunələrindən tutur. Molla Vəli Vidadi, Molla Pənah Vaqif, Şeyda Əziz, Mirzə Səməd, Çoban Əfqan, İsmayıl Katib kimi yazarlar bu yurdun oğullarıdırlar. Qazax ədəbi mühitindən danışanda İncə dərəsindən və buradakı müqəddəs ocaqda yetişən mürid şairlərdən də yan keçmək olmaz. İncə dərəsi və nəqşibəndi təriqətinin sufi şairləri: Hacı Rəhim Ağa Dilbazov, Hacı Sədi Əfəndi, Kazım Ağa Salik, Şahnigar xanım Rəncur və başqaları öz yaradıcılıqlarıyla Qazax-Ağstafa ədəbi mühitinin gəncliyinə örnək olublar. Onlar öz yaradıcılıqlarında divan ədəbiyyatıyla yanaşı heca şeirində də mükəmməl əsərlər yaradıblar. Kazım Ağa Salikin əsərlərini oxuyanda Molla Pənah Vaqifin təsiri aydın görünür:

Demə ki, sevdiyim sənə nihandır,
Sənə aşiqliyim xəlqə əyandır,
Deyibsən, busəmin qiyməti candır,
Almaq üçün bir az bahalanıbdı.

Azərbaycanın ilk xalq şairi Səməd Vurğun, Osman Sarıvəlli, Hüseyin Arif, Nüsrət Kəsəmənli, Mehdi Hüseyin, İsmayıl Şıxlı, Mirvari Dilbazi də bu diyarın övladlarıdı. Mən Qazax-Ağstafa ədəbi mühitinin yazarlarının onda birinin adlarını çəkdim. Allah yaşayanlara can sağlığı versin. Gərək məndən inciməsinlər. Onların adını çəkmirəm. Bizlərdən hansılarımız əlahəzrət zamanın ələyindən-xəlbirindən ələnib, süzgəcindən keçib ədəbiyyatda qalsaq, bizlər barədə gələcək nəsillər danışacaq.

Qaldı ki, mühitin mənə təsirinə... Əlbəttə, mənim ruhumu qidalandıran, sözümü mayalandıran Qazax-Ağstafa folklorudu.
 
- Şeir mənə yastı təpələri xatırladır, nəsr isə dağın döşündə ora-bura qaçan vəhşi heyvanları. Sizin gözlərinizdə üfüqdə nə görünür?

- Fikrinizə hörmətlə yanaşıram. Ancaq mən siz düşündüyünüz kimi düşünmürəm. Mənə görə nə şeir yastı təpədir, nə də nəsr dağın döşündə ora-bura qaçan vəhşi heyvanlar. Poeziya mənə görə başı buludlardan nəm çəkən uca bir dağdır. Söz isə bütün şairlərin o dağa çıxmaq üçün istifadə etdikləri yoldur. Bu yol kimini dağa çıxarır, kimini də balaca, yastı təpəyə... Zirvədə qərarlaşan isə həmişə dahilər olur.

Nəsr isə mənim fikrimcə ucu-bucağı görünməyən geniş bir ümmandır. Hər yazar bu ümmanda qəvvas ola bilməz. Nəsr və nəzm birlikdə ədəbi mühitdir. Bu mühitin üfüqündə söz adlı bir günəş yanır. Mən o üfüqdə o günəşi görürəm, o günəşin şüalarına sığınıram. Nə qədər ki, bizim iç dünyamızı o günəşin şüaları işıqlandırır, ədəbiyyat da, ədəbi mühit də var olacaq.
 
- Poeziya elədir ki, müəyyən dövrdən sonra şair özünü təkrarlamağa başlayır. Sizdə bu proses baş verdimi?

- Düzdü belə hallar olur. Çox vaxt yaşlı nəsilin yazılarında özünütəkrara rast gəlinir. Onlar bəlkə də az yazmaqdan, tükənməkdən qorxduqları üçün buna yol verirlər. Təbii ki, bu mənim subyektiv fikrimdi. Mən yuxarıda da qeyd etdim ki, mən kənddə doğulmuşam və  təbiəti çox sevirəm. Ona görə bu fikrimə kənd mühiti ilə aydınlıq gətirəcəm. Mənim nəzərimdə kamil yazar bar verən iri gövdəli ağaca bənzəyir. Payızda bu bar sovulur. Məsələn, armud ağacını götürək. Barı sovulandan sonra yarpaqların arasında gizlənib qalan daha şirəli, daha dadlı olur. Kamil yazarın da ömrünün payızında ara-sıra yazdığı yazılar o armuda bənzəyir məncə, daha gözəl, daha mükəmməl olur. Bu "dada", bu mükəmməlliyə özünütəkrarı qatmaq ən azı yazarın özünə etdiyi haqsızlıqdır. Bu yolverilməzdir, qəbuledilməzdir.

Mənə gəldikdə isə, mən sözün dəyərini, sözün urvatını bilirəm. Təkrarçılıq mənim anlamımda şairin də, yazıçının da tükənməsidir. Hansı gün özümdə bunu hiss etsəm qələmi qoyacam yerə. Hələliksə yazılarımda elə bir hal yoxdu. Söz ürəyimdə bişməyincə əlimə qələm almıram.
 
- Ədəbi tənqidlə aranız necədir?

- Hər sahədə qərəzsiz olan tənqidi normal qəbul eliyirəm və vacib sayıram. Çox təəssüf ki, bu gün ədəbiyyatımızda ədəbi tənqidin üfüqləri çox dardır. Heç kim məndən inciməsin, məhz ədəbi tənqidin zəifliyidir ki, ədəbiyyata dəxli olmayan "əsərlər" də yazılır.
 
- Azərbaycanda qadın yazıçı olmaq nə qədər çətindir?

- Yazıçı üçün cinsin önəmi yoxdur. Yetər ki, öz içində azad olasan. Yazdıqlarını daxili senzurandan keçirə biləsən. Bir də ədəbiyyat sözündəki ədəb kəlməsini unutmayasan. Çətinliyə gəldikdə isə həyatda asan nə var ki...
 
- Ədəbiyyatımız dünya ədəbiyyatı ilə ayaqlaşa bilirmi?

- Bu suala tənqidçilər cavab versələr daha yaxşı olar. Mənim fikrimcə ədəbiyyat həm də mənsub olduğu xalqın adət-ənənəsindən doğur. Ədəbiyyatın mayası mənsub olduğu xalqın folklor qaynaqlarıdır. Avropa ədəbiyyatını oxumaq və bilmək çox yaxşıdır. Ancaq milli kimliyimizi də unutmamalıyıq. Düşünürəm ki, qərb ədəbiyyatını öyrənib, mütərəqqi dəyərlərini öz əxlaq kodeksimizə uyğun olaraq milli ədəbiyyatımızın inkişafına yönəltməliyik.
 
- Ədəbiyyat yoxsa ailə?

- Məncə ailə. Ailə bağlarımız nə qədər möhkəm olarsa biz bir o qədər güclü olarıq.
 
- Şairi istedad hara qədər qoruya bilər?

- İstedad yoxdursa yazar da yoxdur. Bir söz var deyirlər, şairin elmilə helmi gərək tən gələ. Təkcə istedadla və ya təkcə elmlə kar aşmır. Bu ikisi bir yerdə olanda şair bütöv olur. Yazdığı da oxucunu qane edir. Əks təqdirdə yarımçıqlıq olur. Həmişə bir tərəfi axsayır.
 
- Belə bir fikir var ki, XIX əsr rus ədəbiyyatı dərnəklərdə, jurnalların ətrafında formalaşdı, inkişaf etdi. Bəs bizim ədəbiyyat necə? Məsələn, sizin həyatınızda hansı amillər yaradıcılığınıza təkan verdi?

- On doqquzuncu əsr Rus ədəbiyyatının intibah dövrüdür. Jukov, Puşkin, Lermontov, Nekrasov, Çernişevski, Tolstoy, Dostoyevski, Turgenyev, Çexov və i.a. kimi yazıçı və şairlər, Qorki kimi böyük proletar yazıçısı bu əsrdə yetişiblər. Onların püxtələşməsində həmin dərnəklərin rolu danılmazdır. Azərbaycan ədəbiyyatı da müxtəlif dərnəklərdən formalaşa-formalaşa günümüzə qədər yol gəlib. On doqquzuncu əsrdə Zaqafqaziyanın Tiflisdə A. Bakıxanov, M. Ş. Vazeh, İ. Qutqaşınlı, M. F. Axundov, A.S.Qriboyedov, V. K.Kuxelbeker, F. Bodonişteyn, P. S. Sokolovski, A. Bestijev-Marıncki və başqaları arasında olan dostluq əlaqələri bir-birlərinin yaradıcılıqlarına da təsir etmişdi. Bu dövrdən sonra Azərbaycan ədəbiyyatı Şərq karvanından ayrılıb Qərb qatarına qoşuldu. Biz bu təsiri Cəfər Cabbarlının, Cəlil Məmmədquluzadənin və digərlərinin əsərlərində hiss edirik. Mənim də püxtələşməyimdə "Vahid" və "Məcmueyi-şüara" ədəbi məclislərinin böyük rolu olub.
 
- AYB üzvüsünüz?

- Bəli, 21 ildi AYB-nin üzvüyəm.
 
- Oxucularınıza hansı mesajı vermək istərdiniz?

- İndi oxucu qıtlığıdı. Kitab oxuyanlar xeyli dərəcədə azalıb. Bu gün çox adam kitabı kompüterdən oxuyur. Çox istiyirəm oxucular əsərləri kitablardan oxusunlar. Kitabla ünsiyyət kompüterlə ünsiyyətdən daha səmimidi.

Oxucularıma söz ömrü, söz qüdrəti, söz ucalığı arzulayıram.
 

DİGƏR XƏBƏRLƏR

Loading
Top