“Xocalıya mütləq qayıdacam” – Müsahibə

MÜSAHİBƏ 26 fevral 2021, 10:14
Karvannews “Erməni zindanında 8 gün” kitabının müəllifi Dürdanə Ağayeva ilə müsahibəni təqdim edir.
 
- Dürdanə xanım, özünüz barədə məlumat verərsiniz...
 
- Mən Agayeva Dürdanə 1972-ci ildə Xocalıda anadan olmuşam. Orta məktəbi bitirib Xoca danışıq məntəqəsində telefonçu kimi çalışmışam. Xocalıdan çıxarkən 20 yaşım vardı, ailədə 4 uşaq olmuşuq, 3 qardaşım və mən.
 
 
- Xocalı faciəsini necə xatırlayırsız?
 
- Xocalı faciəsi əsrimizin qan yaddaşı və dəhşətli soyqırımıdır. Mən heç zaman unutmaram o gecəni. Gecə saatlarında erməni terrorçuları və rus ordusunun 366 motoatıcı alayı Xocalıya hücüm etdi. İri çaplı silahlardan atəşə tutdular. Xocalı əhalisi isə silahsız, demək olar ki, 5 kişiyə 1 avtomat düşürdü. Xocalıda heç bir texnika yox idi ki, düşmənin qarşısını alaq. Hətta son aylar ərzaq qıtlığı yaranmışdı, demək olar ki, un və çörək yox idi. Həmin gecə Xocalılar Xocalını tərk etmək məcburiyyətində qaldı və biz meşə yolu ilə Ağdam tərəfə gəlməyə cəhd etdik. Lakin erməni əli silahsız insanların qarşısını kəsərək soyqırım törətdilər və biz 613 Şəhid verdik.
 
- Yəqin həmin ağrılı günlər gözünüzün önündən heç zaman getməz...
 
- Həmin gün yaralandım, ayağımda güllə yarası vardı. Qardaşım Elşad böyründən yaralanmışdı. Biz ikimiz də yaralı vəziyyətdə əsir düşdük.
 
Hər gün işgəncə, əzablara məruz qaldıq. Səkkiz gün əsirlik həyatı bizi məhv etdi, hər gün döyülüb təhqir olunmaq məni ölümdən betər günə saldı. Səkkiz gündən sonra Allahverdi Bağırov, unudulmaz Komandir bizi dəyişib azad etdi. Əlbəttə ki, unudulan hadisə deyil. Mən hər şeyimi əsirlikdə itirdim, sağlamlığımı, cavanlığımı və arzularımı. O dəhşətləri unutmaq çətindi.
 
- Faciə haqda kitab yazdınız. Kitabdan bəhs edərsiniz... Niyə yazmaq qərarına gəldiniz?
 
- Əsirlikdən azad olunduqdan sonra neçə illər susdum, danışmadım, əsir düşdüm sözündən yayındım və neçə illərdən sonra ailə qurdum, bir qız övladım var, ona əsirliyimdən və başıma gələnlərdən danışmağa güc tapmırdım, bilmirdim qızım necə olar, nə düşünər, kitab yazan vaxtlarda qızımın 11-12 yaşlarında idi, o qədərdə kiçik deyildi.
 
Bu kitabı ən cox qızımçün yazmışdım, böyüyər və anasının başına gələn fəlakəti bilər deyə düşünürdüm. Amma getdiyim bütün tədbirlərə qızımla gedirəm, xarici ölkələrə onsuz getmirəm.

Yazdığım erməni zindanında 8 gün kitabı indiki gənclərə bir tarixdi nə qədər cox oxusalar cox məlumatları olar. Mən çalışdığım qədər Xocalı soyqırımı haqqında danışıb və yazılar yazıram. Unutmayaq ki, erməni bizim əzəli və əbədi düşmənimizdi.
 
- Kitaba maraq necə oldu?
 
- Erməni olduqca bic millətdi (əgər millət demək olarsa). Xocalıda erməni yaşamayıb, ancaq erməni müəllimlərimiz vardı. Beləki onlarda bizə qarşı nifrət hiss etmədik. Mən kitabımda hər şeyi yazıb qeydlərimi etmişəm.
 
- Doğulduğunuz yerdən didərgin düşmək nə qədər ağrılı bir hissdir?
 
- Bəli, Xocalı bizimçün çox əziz və doğmadı. İnsan harda doğulursa ora onun vətənidir, Xocalıda mənim Vətənimdir. 29 ildir ki, həsrətini çəkirik, yuxumda görürəm hərdən Xocalını, görəndə də çox darıxıram çox. Allah bizi tezliklə öz yurdumuza qovuşdursun.
 
 
- Qarabağ və ətraf rayonlarda ermənilər azərbaycanlılarla bir yerdə yaşayırdılar. O zaman ermənilərəin azərbaycanlılara qarşı nifrəti, ərazi iddiası hiss olunurdu? Bu haqda kitabınızda qeyd etmisinizmi?
 
 
- Bayaq dediyim kimi erməni çox hiyləgər millətdi. Onlar qəti kinlərini üzlərində göstərmədi, biz heç inanmazdıq ki, bunlar belə hiyləgər ola. İnşallah onların gerçək üzünü dünya tanıyacaq ki, onlar oturduğu yeri belə mənimsəyən və hər kəsin yerinə göz dikən xainlərdi.
 
- Faciədən qurtulduğunuza görə kimə borclusunuz?
 
- Xocalı faciəsindən və əsirlikdən qurtulmağıma görə ilk Allahıma borcluyam və sonra isə biz xocalıların xilaskarı olan əfsanəvi Komandir Allahverdi Bağırova borcluyam.
 
 
- Xocalı soyqırımını dünya tam olaraq niyə tanımaq istəmir? Nə üçün 20-ci əsrin insanlıq faciəsinə biganə yanaşılır?
 
- 29 ildir Xocalı işğal olub, bütün dünya əlbəttəki bizi dəstəkləmir, bəlkə də kiçik Dövlətik özümüzü və faciəmiz yetərincə tanıtmamışıq? Ancaq özümüzdən aslıdır, Xocalı faciəsini anladıb, tanıtmaq və qəbul etdirmək.
 
 
- İkinci Qarabağ müharibəsində Qarabağı tam azad edə bildik. Geri qayıdacaqsınızımı? Nə hisslər keçirdiniz?
 
- Sentyabr ayının 27-dən müharibə başladı. 44 günə erməniyə qalib gəlib və torpaqlarımızı azad etdik. Mən Dövlət başçımıza minnətdaram ki, bizləri sevindirdi, şərəfli Azərbaycan ordusu sevincimizə səbəb oldu. Sözsüz ki, Xocalıya qayıdacam, 29 ildir həsrətini çəkirik. 29 ildir qoxusunu, suyunu, torpağını gözləyirəm Xocalımın. Mən doğulduğum Xocalıya mütləq qayıdacam.
 
Azad olunan rayonların adlarını hər dəfə eşitdikdə, insan sanki xəyallarda qalmış kimi hiss edir özünü. Xəyallarımızda canlanan Laçın, Kəlbəcər, Şuşa və digər rayonların adları hər dəfə çəkildikcə insanın qanadı olmur uçmağa.
 
Yaşasın Azərbaycan Ali Baş komandanı! Yaşasın Müzəffər Ordumuz! Bizim həsrətimizi son qoydular.
 
İnşallah Xocalıdan Sizlərə cavab verək, salam deyək. Gələn il arzum budur ki, Xocalı Şəhidlərini Xocalıda anaq. Allah Şəhidlərimizə rəhmət eləsin.
 

DİGƏR XƏBƏRLƏR

Loading
Top