Nigeriyada yaşayan azərbaycanlı xanım: “Elə bildim bizi oğurlayacaqlar” – Müsahibə

MÜSAHİBƏ 27 aprel 2021, 10:53
Karvannews Nigeriyada “Azərbaycan Dostları” Təşkilatının təsisçisi və prezidenti Billurə Bayramova-Bernardla müsahibəni təqdim edir.
 
- Bir çox soyadşımız Avropaya yaxud da Amerikaya köç edirlər. Siz isə Afrika qitəsini seçdiniz. Niyə məhz Nigeriya?

- Çox düz qeyd edirsiniz ki, hər kəsin arzuladığı yer Avropa, Amerika ola bilər. Bunlara baxmayaraq Afrikanın da özünəməxsusluğu, gözəlliyi, qeyri-adiliyi, asan və daha çətin həyat tərzi var. Afrikaya gəlməyimiz, daha doğrusu bu bizim şəxsi və ya turizm baxımından olmadı. Bundan əvvəl Afrikanın şimal tərəflərində olmuşduq. Afrikada yaşamaq ağlıma belə gəlməzdi. Həyat yoldaşım fransızdır. Fransa vətəndaşı olan şəxslə ailə həyatı qurmuşam. Biz Azərbaycanda tanış olub, evlənib və 2012-cildə Fransaya, ordan da 1 il sonra Nigeriyaya köçmüşük. Həyat yoldaşımın işlərinə görə Nigeriyaya getdik. Müqaviləsi olduğuna görə. O, Azərbaycanda neft sahəsində çalışırdı. Təklif gəldi və qəbul etdik. Burda başqa insanlarla, fərqli mədəniyyətlərlə tanış oluruq. 2013-cü ildən Nigeriyanın Laqos şəhərindəyik. Gəldiyimizdə bir övladımız vardı, indi üç uşağımız var.
 
- Neçə ildir orada yaşayırsız? Yad bir mühitə necə adaptasiya oldunuz?

- 2013-cü ildən bəri burda yaşayırıq. Burda yaşamaq komfortdumu? Mən həmişə demişəm və yenə təkrar edirəm, insan özü-öz həyatını xoşbəxt edir. Harda olmasından asılı olmayaraq. Ölkələr insanı xoşbəxt edə bilməz. Hər bir şey insanın öz əlindədir. Özümüzü xoşbəxt etmək üçün nə pula, nə ən gözəl yerdə yaşamağa ehtiyac yoxdur. O qədər belə olan adamlar var ki, amma özlərini xoşbəxt hiss etmirlər. İnsan öz xoşbəxtliyini özü qurur. Mənə qəribə olan hal budur ki, bu ölkədə də özümü xoşbəxt hiss edirəm. Yoldaşıma da deyirəm ki, seçimimiz gözəldi. Hər ölkənin avantajı da var, qeyri-avantajı da. Əksəriyyət Afikanı cox pis tanıyır. Amma buranın da ayrı bir xüsusi gözəlliyi var. Xüsusi ilə Nigeriya və nigeriyalıların. Buranın adamlarının həyatı nə qədər çətin olsa belə özlərini xoşbəxt hesab edirlər, həmişə gülürlər. Məsələn, Cənubi Afrikada ağ dərililərə münasibət yaxşı deyil, amma burda bu məsələ yoxdur.
 
- Nigeriyanın təhlükəli bir ölkə olduğu sirr deyil. Bu sizi narahat etmir?

- Həyat yoldaşım mənə Nigeriyaya getməyi bildirəndə çox insanlar kimi təəccübləndim, çəkindim. İnsanların oğurlanması və başqa məsələlərə görə getmək istəmirdim, amma getdik. Hava limanına gələndə elə bildim, bizi oğurlayacaqlar (gülür). Bokuharam qruplaşması var burda. Şimalda olurlar. Bunları biz görmürük. Laqos var, təhlükəsiz yerdi. Amma yenə də müyyən hallar baş verə bilər. Ən təhlükəsiz yerdə də bir də baxırsan ki, hadisələr olur. Hər yerdə olduğu kimi. Oğurluq və.s. olur. Diqqətsiz olsan, telefonunu oğurlayarlar. Orda da məhəllələr var. Səni saxlaya bilərlər, qarət edərlər. Amma biz indi onu hiss etmirik burda. Biznes baxımından əlverişlidir. Korrupsiya məsələsi var. Yollar o qədər gözəl deyil, işıq məsələsi başqadır, generatorlar olur. Bunlar bəzən problem törədir. Bütün bunlara baxmayaraq yenə də rahatlıq var.
 
 
- Oranın insanları necədir? Cəmiyyət haqda bəhs edərsiniz...

- İnsanlar çox ağır həyat yaşayır. Çünki cəmiyyətdə varlı və kasıb təbəqə var. Orta təbəqə yaranmağa çalışır. Kasıb təbəqinin faizi çoxdur. Onların əksəriyyət günəmuzd qazanırlar. İnsanlar çox mehribandılar, aqressiv deyillər. Bəlkə ola bilər nəyəsə hirslənə bilərlər, amma qısa vaxtda mülayimləşirlər. Digər millətlərə qarşı çox səmimi və dinə bağlıdılar. Yarı muüsalman, yarı xristiandırlar. Xristianlar bazar günü kilsəyə, müsəlmanlar da hər beşinci gün cümə namazına gedirlər. Hər iki dinə mənsub insanlar arasında problem görməmişik. Xristian müsəlmanla da evlənə bilir. Bizim tanışlarımız evləndilər. Çox da xoşbəxtdirlər.
 
 
- Siz Nigeriyada fəaliyyət göstərən “Azərbaycanın Dostları” təşkilatının rəhbərisiniz. Təşkilatın fəaliyyəti hansı istiqamətdədir?

- Nigeriyaya gəldiyim zaman mənim belə desək rəsmi olaraq işləmək hüququm yox idi. Həm də ölkəni tanımadığım üçün təhlükə sözləri, təhlükə  ideyaları qadınların kariyerasının davam etməsinə çətinlik törədir. Amma buna baxmayaraq, mən könüllü olaraq bir çox könüllü xeyriyyə təşkilatlarında işimi davam etdirməyə başladım və sonradan da “Azərbaycanın dostları” təşkilatını rəsmi olaraq qeydiyyatdan keçirərək yaratdım. Çünki düşündüm ki, insanlar Azərbaycanı getdiyim yerlərdə, ümumiyyətlə, tanımırlar. Nəinki yerli xalq, hətta burda yaşayan xaricilər belə Azərbaycan haqda eşitməyiblər, ölkəmizi tanımırlar. Və mən bu səbəblərdən qərara gəldim ki, təşkilatı yaradım. “Azərbaycanın dostları”... Niyə? (gülür) Çünki burda mən tək azərbaycanlıyam. Sonradan azərbaycanlılar gəldilər və getdilər. Amma mən yenə Laqos şəhərində təkəm. Abuca da tanıdığım bir azərbaycanlı xanım var.

“Azərbaycanın dostları” təşkilatını yaratdım ki, hər bir insan, azərbaycanlı olmayan insan bu təşkilatın üzvü, Azərbaycanın dostu ola bilər və biz birlikdə Azərbaycan mədəniyyətini, tarixini, mətbəxini, rəqslərini, musiqilərini dünya insanına çatdıra bilərik. Məqsəd həm bu idi, həm də iki ölkə arasında əlaqələrin qurulması da bura aiddir. İstər iqtisadi, istər diplomatik, istər mədəni əlaqələr olsun - bunların yaranması üçün çalışdım. Təşkilatımın 4 təsisçisi var, biri özüməm, digəri bir fransız vətəndaşıdır, hansı ki burda bir şirkət rəhbəridir. Üçüncü təsisçi nigeriyalı hüquqşünasdı, dördüncü isə ingilis vətəndaşı olan, burda şirkətlər sahibi olan bir insandı. Təşkilatımın üzvləri də xaricilərdən ibarətdi.

- Hansı tədbirlər həyata keçirmisiniz?

- Biz təşkilatın adı altında bir çox tədbirlər keçirməyə başladıq. Bu günə kimi də bu tədbirlər davam edir. Ən böyük tədbirlərimizdən biri də 2018-ci ildə iki böyük konsertin Nigeriyada təşkil olunmasl oldu. Əslində Nigeriyada xarici vətəndaşların konsertlərinin təşkil olunması qeyri-adi haldır, yəni çox zaman xarici artistlərin Nigeriyada konsertləri olmur. Və biz burda 2018-ci ildə Azərbaycan Cumhuriyyətinin 100 illiyi ilə bağlı "İpək yolu" adı altında gözəl bir konsert keçirdik. Bu konsertdə bizim Fransada yaşayan istedadlı musiqiçimiz pianist Səidə Zülfuqarova və Əməkdar artist, tarzən Sahib Paşazadə iştirak edirdi. Bunlarla paralel bizim Nigeriyada tanınan Tenor Jozef və Nigeriyada fəaliyyət göstərən İsveçrə konsulunun xanımı Toita, hansı ki milliyyətcə albandır, bu xanımın və bu dördlüyün bir yerdə, birlikdə iştirakı ilə bu konserti təşkil etdik. Konsert zalı 350 nəfərdən ibarət idi və çox maraqla qarşılandı. Konsertin sonunda, şəxsən öz əllərimlə hazırladığım Azərbaycan yeməkləri bizim qonaqlara təqdim edildi. Həqiqətən də çox uğurlu bir konsert oldu. Xüsusən tarla ifa olunan nömrələr burda yaşayan istər xarici, istər yerli xalqa çox, çox böyük təsir göstərdi. Və hətta konsertdən bir gün sonra konserti keçirdiyimiz mərkəzin rəhbərliyi üçün ayrıca, xüsusi konsert daha keçirdik və o tar ifaları da çox xoş qarşılandı. Düz dörd ay sonra isə, "Şərqlə-Qərb görüşəndə" adlı ikinci konsertimizi təşkil etdik. Muston mərkəzində hər il musiqi festivalı qeyd olunur. Bu festival çərçivəsində bizim musiqiçilərimiz yenidən bura dəvət aldılar və ikinci konsertimiz dı çox uğurla baş tutdu.
 
- Yaddaqalan tədbirlərdən daha hansılar olub?

- Digər, yaddaqalan və böyük tədbirlərimizdən biri də 2018-ci ilin mart ayında, Novruz bayramı ərəfəsində oldu. Həmin tədbir üçün Nigeriyanın iki fərqli verilişinin jurnalistini də Azərbaycana səfərini təşkil etdim. Üçümüz bir yerdə Azərbaycanda olduq və 10 gün ərzində iki verilişə çəkilişlər etdik. 13 epizoddan ibarət bu veriliş 10-a yaxın xarici kanalda nümayiş olundu, Azərbaycan tarixi, mədəniyyəti, mətbəxi tanıdıldı. Biz çəkiliş üçün Bakıya, Şəkiyə, Lahıca da getmiş və gəzintimiz zamanı insanlarla tanış olmuş, tarixi abidələrimizi kanallar üçün çəkmişdik.

Bundan əlavə başqa tədbirlərimiz də olur: sərgilər, yaxud mətbəxlə bağlı verilişlərdə iştirak edirəm, jurnallarda, qəzətlərdə Azərbaycanla bağlı məqalələr çap olunur.
 
- Pandemiya məsələsindən söz açmaq istəyirəm. Nigeriyada koronavirusla bağlı vəziyyət nə yerdədədir? Bununla bağlı təşkilatınız hansı tədbirləri həyata keçirir?

- Covid, pandemiya bildiyiniz kimi bütün dünyada var. Nigeriya da məhz bu səbəbdən iqtisadi baxımından ilk aylar çox ziyan gördü. Ölkə demək olar, 2020-ci ilin mart ayından may ayının sonuna qədər "total loctoun" olmuşdu - yəni tam bağlanmaşdı. Biz, ümumiyyətlə, evdən çıxa bilmirdik. Evdən çıxmağımız yalnız mağazaya gedib ərzaqları alıb geri qayıtmağımız çərçivəsində idi. Məktəblər də 2020-ci ilin sentyabrına qədər bağlanmışdı. Təbii ki, Covidlə bağlı bizim təşkilatın tədbirləri də təxirə salındı. Amma avqustda, 2020-ci ildə ölkədə restoranlar, iş yerləri açılmağa başladı. Və bu gün belə desək, Covidlə bağlı hallar artır yaxud azaları, hər yerdə olduğu kimi. Lakin ölkədə ümumi qapanış yoxdur, iş yerləri, restoranlar açıqdı, sadəcə böyük tədbirlər etmək qadağandı. Tədbirlər 50 adamdan çox olmamaq şərti ilə keçirilir. Ona görə də hal-hazırda, bir il boyunca bizim təşkilatın aktivliyi çox da olmadı. Düzü, daha çox mediaya fokuslandıq. Dediyim kimi, Xocalı, ümumən Qarabağla bağlı bizim bir neçə məqaləmiz yayımlandı.
 
- İkinci Qarabağ müharibəsində təşkilatınız nigeriyalıları Dağlıq Qarabağ münqaişələri barədə nə kimi məlumatlar verdi?

- İlk öncə insanlar Azərbaycanı tanımalıdı. Ölkəni tanıtmağa çalışıram və təbii ki, növbəti sırada Qarabağ mövzusu ola bilər. Tədbirlərimin sırf Qarabağa fokuslanması mənə görə düzgün addım deyil. Xocalı, 20 Yanvarla bağlı məqaləmiz dərc edildi. Səmimi deyə bilərəm ki, ümumilikdə Qarabağla bağlı hər hansı bir tədbir, mitinq və bunların təşkili hələ ki, mənim təbliğat planlarıma uyğun deyil. İlk məqsədim ölkəni tanıtmaqdır. Azərbaycanın tarixini, mədəniyyətini tanıtmaqdır. Növbəti etaplar haqqında düşünə bilərəm.
 
- Bu yaxınlarda dünya mediasında Nigeriyada məktəblilərin qaçırılması xəbəri gündəm oldu. Bu barədə nələr söylərdiniz?

- Bir neçə il bundan öncə 200 nəfər qız uşaqlarının məktəbdən oğurlanması xəbəri yayıldı. Boko-haram şimalda olduğu üçün onlar bizdən çox-çox uzaqdır və o zonalara getmək də qadağandır. Yaşadığımız şəhərdə, işlədiyimiz təşkilatlarda bu şagirdlərin oğurlanması ilə bağlı tədbirlər həyata keçiririk. İndinin özünə kimi də bu proses davam edir. Belə hadisələr tez-tez baş verir. Oğurlanan qızların müəyyən hissəsi geri qaytarıldı. Amma onların qayıtması çox acınacaqlı idi. Bəziləri hamilə, bəziləri isə uşaqlı qayıtdı. Ümumiyyələ Avropa ittifaqının bir layihəsi "We Light Africa" həyata keçirilir. Mən də bu layihədə iştirak edirəm. Çünki tək Boko-haram bölgəsindən deyil avropa və digər ölkələrə də gedən qadınların, hansılar ki, aldadılaraq digər səbəblər üçün avropaya göndərirlər, sonradan onları tapıb ölkəyə qaytarmaq onların psixoloji baxımdan yardıma ehtiyacları olur. Nəyinki, psixoloji, hətta bu layihə ilə çalışırıq ki, onlara sosial fəaliyyərlərlə məşğul edək nələrsə öyrədək. Və bu layihələrdə mən çox yaxından iştirak edirəm. Hər bir qadının represiyalara qurban olması, onlara mənəvi dəstək olmaq çox önəmlidir.
 
- 2018-ci ildə ölkəmizə dair bir sıra verilişlər çəkmək üçün Nigeriyalı jurnalistlərin Azərbaycana səfərini təşkil etdiniz. Bu cür ziyarətlər yenidən baş tutacaqmı? Azərbaycan jurnalistləri üçün də eyni şeyi etmək planları varmı?

- Bu layihəni davam etdirmək istəyirəm. Çünki bizim 10 günlük səfərimiz zamanı Azərbaycanın çox yerlərinə gedə bilmədik. Xüsusilə istərdim onları qaçqınların yaşadığı yerlərə, Tərtərə aparım. Qarabağ yeməkləri ilə bağlı müəyyən çəkilişlər edək. Azərbaycan jurnalistlərinə əgər maraqlıdırsa niyə də yox. Nigeriya azərbaycanlılar üçün dəbdə olmayan bir ölkə ola bilər. Hər halda düzdür bizim burada səfirliyimiz, konsolluğumuz yoxdu. Lakin, əminəm ki, soydaşlarımız burda yaşamaq istəyər. Nigeriyada ailə həyatı qurmuş azərbaycanlılar var. Tanıdığım, 1970-ci ildən buraya gələn bir xanım var. Hansı ki həyat yoldaşı həmin vaxt Neft Akademiyasında təhsil alıb. Digər bir xanım var, Abucada yaşayır. Mən əminəm digər yerlərdə, bölgələrdə də azərbaycanlılar var.

Çox istədridm ki, Nigeriya və Azərbaycan arasında diplomatik münasibətlər inkişaf etsin. Konsulluğumuz açılsın və yaxud Azərbaycanda açılsın. Çünki nigeriyalılar Azərbayana maraq göstərirlər. İqtisadi münasibətlərin inkişafında maraqlıdırlar. Viza məsələləri də çətinlik yaradır və münasibətlər inkişaf edə bilmir. Bu hal mənim layihələrimdə də öz əksini göstərir. Biz daha çox layihələr edə bilərik, amma sadaladıqlarım çətinlik yaradır. İstər jurnalist, istərsə də sənət adamının Nigeriyaya gətirilməsi problem yaradır.
 
 

DİGƏR XƏBƏRLƏR

Loading
Top