Azərbaycanda "Twitter" istifadəçilərinin fəallığı kəskin artıb

İT texnologiyası 01 iyul 2021, 19:39

Bu ilin iyun ayında Azərbaycanda "Twitter" istifadəçilərinin fəallığı may ayı ilə müqayisədə 32 faiz bəndi artıb.

Karvannews "Global Stats" statistika mərkəzinin hesabatı əsasında apardığı hesablamalara görə, iyulun 1-nə "Twitter"in Azərbaycanın sosial media bazarında payı 40,3% təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 33,5 faiz bəndi çoxdur.

Populyarlığına görə "Twitter" ölkənin sosial media bazarında birinci yeri tutub. Sosial şəbəkələr arasında populyarlığına görə ikinci yerdə "Facebook" qərarlaşıb ki, onun istifadəçilərinin ölkə üzrə fəallığı iyun ayı ərzində 5,6 faiz bəndi artıb. Bu sosial şəbəkənin Azərbaycan bazarında payı bu ilin iyul ayının 1-nə 22,5% təşkil edib ki, bu da ötən ilin analoji göstəricisindən 15,2 faiz bəndi azdır.

Bu ilin iyun ayı ərzində ölkə üzrə "Pinterest" şəbəkəsinin istifadəçilərinin fəallığı 2,5 faiz bəndi artıb. İyulun 1-nə olan məlumata görə, "Pinterest" Azərbaycanın sosial media bazarında 14,4% bazar payı ilə 3-cü yerdə qərarlaşıb ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,8 faiz bəndi azdır.

Digər sosial şəbəkələrin pay bölgüsü belədir: "YouTube" – 12,9, "Instagram" – 6,2, “Tumblr” – 1,9%, "VKontakte" – 0,5% və s.

DİGƏR XƏBƏRLƏR

Loading
Top