Daxili dövlət borclanması 2 dəfəyə yaxın artıb

İqtisadiyyat və biznes 05 oktyabr 2021, 17:30

2021-ci ilin 9 ayı (yanvar-sentyabr) ərzində Azərbaycan Maliyyə Nazirliyi dövlət istiqrazlarının yerləşdirilməsi yolu ilə 1 milyard 326 milyon 489 min 176 manat cəlb edib. Bu, "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında" qanunda 1,3 milyard manat nəzərdə tutulan 2021-ci  il üzrə daxili dövlət borclanmasının yuxarı həddindən çoxdur.

Karvannews.com Bakı Fond Birjasına istinadən xəbər verir ki, 2020-ci ilin eyni dövrü ilə müqayisədə cəlb edilən vəsaitin məbləği 1,9 dəfə və ya 615 milyon 98 min 950 manat artıb. 2020-ci ilin yanvar-sentyabr dövründə 711 milyon 390 min 226 manatlıq dövlət istiqrazları yerləşdirilmişdi.

Dövlət istiqrazları ilə təkrar bazarın həcmi isə ötən ilin 9 ayında 383 milyon 203 min manat ikən, bu ilin 9 ayında 745 milyon 1567  min manat təşkil edib.

"Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında" qanunda 2021-ci  il üzrə daxili dövlət borclanmasının yuxarı həddi (limiti) 1 milyard 300 milyon manat, xarici dövlət borclanmasının yuxarı həddi 1 milyard 200 milyon manat təsdiq edilib, il ərzində veriləcək dövlət  zəmanətlərinin  məbləğinin yuxarı həddi isə 1 milyard manat məbləğində təsdiq edilib.
"Dövlət borcu haqqında" Azərbaycan Respublikası qanununun 6.3-cü maddəsinə görə, yeni dövlət borcalması dövlət borcunun əsas məbləğinin qaytarılmasına yönəldildikdə, bu borcalma dövlət borcunun yuxarı həddinə (limitinə) daxil edilmir. 2021-ci ildə yeni borclardan əsas məbləğinin qaytarılmasına 800 milyon manat yönəldilməsi nəzərdə tutulduğundan (artıq 500 milyon manat qaytarılıb) dövlət borcalması üzrə yuxarı hədd "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında" qanunda göstərilən məbləğdən daha yüksəkdir.

2021-ci  ildə dövlətin daxili  və xarici borclarına xidmətlərlə bağlı xərcləri - daxili dövlət borcu üzrə 167 milyon 87 min manat (o cümlədən 160 milyon 76 min manatı faiz ödənişləri), xarici dövlət borcu üzrə 2 milyard 31 milyon 668 min manat (o cümlədən 466 milyon 269 min 539 manatı faiz ödənişləri) nəzərdə tutulub. 

DİGƏR XƏBƏRLƏR

Loading
Top