Azərbaycanlı sənətçi: “Aktyorlar, rejissorlar yetişdirmək istəyirəm” - Müsahibə

MÜSAHİBƏ 04 iyun 2021, 09:14
Karvannews.com musiqiçi, rejissor Könül Əlizadə ilə müsahibəni təqdim edir.
 
- İlk olaraq, özünüz haqda məlumat verərsiniz...

- Quruluşçu rejissor Əlizadə Könül Əziz qızı.
 
- Musiqiyə marağınız necə yarandı?

- Asəf Zeynallı adına musiqi kollecinin estrada və caz fakültəsinin məzunuyam. Beş il  22 nömrəli musiqi məktəbində əsas fənn üzrə, fotopiano müəlliməsi olaraq çalışmışam. Musiqini çox sevirəm, musiqi mənim ürəyimdə, qanımdadır. Fəxr edirəm ki, tanınmış caz ustası Salman Qəmbərovun tələbəsi olmuşam.
 


- HAK Media Productionın rəhbəri və təsisçisiniz. Şirkətin fəaliyyəti və yaranmağı barədə bəhs edərsiniz...

- Hal-hazırda Azərbaycanda bir neçə barmaqla sayılası hörmət etdiyim productionlar var, amma mən daha mükəmməlini etmək qərarına gəldim. Çünki, sənət elə bir şeydir ki, başlamısansa dayanmaq olmaz. Hər gün yeniliklər olur, çəkiliş tərzi belə dəyişir. Azərbaycanda çox kreativ, öz işini bilən insanlar var və mən bu sahəni professional dərəcədə bildiyim üçün, işində professional olan insanları bir araya topladım. Sadəcə tək çəkiliş deyil, şirkətdə aparıcılar, aktyorlar, modellər, rejissorlar və s. yetişdirmək fikrindəyəm. Pandemiyadan öncə telekanallarda öz tərəfəmindən hazırlanmış verilişlərim vardı. Pandemiyadan sonra isə artıq production tərəfindən hər kanala özəl verilişlərlə çıxmaq fikrindəyik.

Bunu da qeyd edim ki, Hak Media Production tərəfindən bir sıra layihələrə imza atmışıq. Ən son həyata keçirilən iş olaraq isə 1 iyun Uşaq Hüquqlarının Beynəlxalq Müdafiəsi günü ilə əlaqədar Avroviziya mahnı müsahibəsinin qaliblərindən olan Eldar Qasımov ilə 6 yaşlı Ömər Bəbirlinin iştirakı ilə ərsəyə gəlmiş "Sehrli Dünya" adlı klipdir. Klipin rejissoru özüm, PR menecer Eldar Qafarov, operator Orxan Qurbanov, montaj rejissoru Elnur Əliyev, bəstəkarı Ülviyyə Bəbirli və Bəbir Bəbirli, sözləri isə Nurlana Cəfərovaya aiddir.

 
- Türkiyəli müğənni Seda Sayanın Kanal D kanalına yayınlanan verlişində rejissor olmusunuz. Seda xanımla tanışlığınız necə oldu?

- Mən Kanal D-yə özüm getdim və CV-mi şəxsən təqdim etdim. Çünki hər addımımı özüm atdığım üçün bu addımı da düzgün hesab etdim. Orada onların direktoru ilə görüşdüm, işlərimə baxdılar, bəyəndilər və 1 neçə ay orada rejissor kimi çalışdım. Daha sonra qayıtmaq qərarı aldım, çünki işlərimi daha da inkişaf etdirmək üçün Londona getməliydim.
 
HAK Media Productionu yaratmaq üçün düz 10 il bu işin incəliklərini öyrəndim, işlərin gedişat qaydalarını izlədim ki, səhv buraxıb yarı yolda qalmayım. Əlbəttə ki, çətinliklər çox olurdu, amma bu gün productionumuzun bir şüarı var: “Professionallar bizi seçir!” Bu həqiqətən belədir. Çünki kollektivimizdə işlərə qarşı ciddi yanaşma mövcuddur və söz verdiyimiz tarixdə bizdən istənilən işi yüksək səviyyədə təhvil vermək əsas şərtdir.


 
- Həm musiqi sahəsindəsiniz, həm də rejissoruluq. Hansı sahə sizi daha yaxşı ifadə edir?

- Məni hər iki sahə doğru ifadə edir. Çünki ikisi də bir-birinə uyğundur. Klip, reklam çəkilişlərində - hər iki sahəni bilməyin böyük önəmi var.
 
- Bir çox sənətçilər onlayn konsertlər verirlər. Siz karantin günlərini necə dəyərləndirirsiniz?

- Karantin günlərində özümə İnsatgram sosial şəbəkəsində @kenul_alizade adı ilə yeni səhifə açmışdım. Orada tanınmış insanlarla, psixoloqlarla, kosmetoloqlarla canlı yayıma girib İnstagramdan yayımları izləyən insanlara müxtəlif faydalı məlumatlar verirdik. Çox maraqlı idi. Canlı yayımları arxiv olaraq o səhifədə saxlamışam, istəsəniz baxa bilərsiniz.
 
- Kitablarla aranız necədir? Hansı əsərləri xoşlayırsınız?

- Kitablarla aram çox yaxşıdır. Valideyinlər adətən uşaqlarına "az oyna bir kitab oxu" deyirlərsə, məndə əksinə, valideynlərim o qədər əlimdə kitab görürdülər ki, xahiş edirdilər "kitabı qoy kənara, biraz da oyun oyna" deyirdilər. Kitabların həyatmdakı yeri çox önəmlidir. Məhz oxuduğum əsərlər sayəsində rus sektoru bitirməyimə baxmayaraq, Azərbaycan dilinin ədəbi üslubiyyat normalarını gözəl bilirəm. Əgər əvvəllər daha çox nağıllar və roman oxuyurdumsa, artıq bir neçə ildir özümü daha yaxından kəşf etmək, tanımaq üçün, hədəflərimə çatmaq üçün psixoloji və sahəmə uyğun kitablar oxuyuram. Hal-hazırda isə Vasif Məmmədəliyevin "Quran tərcüməsi" kitabını oxuyuram.


 
- Rejissor kimi uzunmetrajlı film çəkmək planınız var?

- Əgər rejissor 100 faiz düşündüyü işin 50 faizini çəkə bilirsə o iş alındı deməkdir. Mən ilk növbədə qısametrajlı film çəkdim və audiovizual festivalında yaxşı nəticə əldə etdim. Sonra bir xanımın istəyi ilə nəvəsi üçün bu yaxınlarda “Böyük dəyişim” filmini komandamızla birgə çəkdik. Karantin dönəmində vaxtın bol olduğu üçün necə bir film  çəkmək istədiyimi tapdım və özüm kameranı götürüb uşaqlar üçün tammetrajlı film çəkdim. Hətta onu demo versiya kimi saxlamışam. Çünki filmin productionumuzdan çıxmasını istəyirəm. İnşallah ki, olacaq.
 
- Gələcək planlarınız haqqında nə deyə bilərsiniz?
 
- Gələcək planlarımdan birini az öncə danışdım. Ümumiyyətlə gələcək işlərimiz üçün çox çalışırıq, yeni layihələr və ssenarilər üstündə işləyirik. "HAK Media Production"-da komanda olaraq kreativ insanların mənə inanıb bir araya gəlməsi mənim üçün qürur vericidir.

- Müsahibə üçün təşəkkür, gələcək işlərinizdə uğurlar arzulayırıq.

- Çox sağ olun.
 
 

DİGƏR XƏBƏRLƏR

Loading
Top