Gülbəs Ayvaz: “Tanrı ilə danışıram” - MÜSAHİBƏ

Mədəniyyət və turizm 08 iyun 2021, 16:23
 Karvannews.com gənc rəssam Gülbəs Ayvazla müsahibəni təqdim edir.
 
- Pandemiya günlərini necə rəsmə çevirirsən?
 
- Pandemiya günlərində işsiz olduğum üçün sifarişlərimi evdən davam edirəm. Evi kiçik emalatxanaya çevirmişəm. Sırf yaradıcılıqla məşğul deyiləm.
 
- Yaradıcılıq qutsal sahədi, niyə o ərazidən qaçırsan?
 
- Çünki, o əraziyə daxil olmaq üçün ruhən və daxilən rahat, hüzurlu olmalıyam...
 
- Ruhi narahatlığın nədir?
 
- Sosial problemlər, işsizlik, məişət qayğları və.s...


 
- Səncə, cəmiyyət sənətkarı niyə yetərincə qiymətləndirmir?
 
- İnsanları da qınamaq olmur, sifariş verənlər, qiymətdə endirim istəyir, daha ucuz məbləğə əsər istəyirlər. Belə olan halda sırf sifarişə uyğun işlər görürəm. Yaradıcı əsərlərim cəmiyyətə maraqlı deyil, onlar daha çox portret, peyzaj kimi klassik, ənənəvi əsərlərə üstünlük verirlər.
 
- Butulka üzərində rəsmlərini sənət hesab edirsən?
 
- Özümü rəsssam hesab eləmirəm. Çünki rəssam sözünün yükü çox ağırdır. Hər əlinə fırça alıb çəkən rəssam sayılmır.
 
- Bəs sənətçi kimə deyirlər?
 
- Sənətçi sırf yaradıcılıqla məşğul olan adama deyirlər.


 
- Satdığın əsərlərə görə kədərlənmisən?
 
- Çəkdiyim əsər alınmayanda emosiyalara qapılır, gərginləşirəm. Və daha da əsəri korlayıram. Qaldı ki, satdığım əsərlər mənim çörək pulumdur. Hal-hazırda məni ayaqda tutan sənətimdir.
 
- Atan Eyvaz Əlləzoğlunun ən böyük arzularından biri sənin rəssam olmağın idi. Həm də deyirsən ki, rəssam hesab etmirəm özümü. Bu sözə görə, atanın ruhu inciməz?
 
- Xeyr. Çünki atamın özü də yazıçılığını gözə soxmağa çalışmırdı. Hətta özünü yazıçı hesab etmirdi. Özünü yazıçı kimi təqdim edəndə utanırdı. Bir də ki mən hələ rəssam deyiləm axı. Yəni istədiyim keyfiyyətdə deyiləm. Nə zamansa, bu olacaqsa, o zaman başqaları mənə rəssam deyəcək. Yəni sənətkarın özünün özünə qiymət verməsi bütün zamanlarda doğru deyil, məncə. Ona görə də bu sualı zamanın öhdəsinə buraxaq. Düşünürəm, atam da mənim belə deməyimlə razılaşardı.
 
- Bu yaxınlarda Tahir Salahovu itirdik. Onun çox keşməkeşli həyatı vardı. Burdan yola çıxaraq deyə bilərək ki, rəssamların taleyi qeyri-adi olub. Düşünürsən ki, bu cəmiyyətin uydurmasıdır yaxud tale yaradıcılıqda rol oyanyırmı?
 
- Tahir Salahov böyük rəssamlarımızdan biri idi. Ruhu şad olsun! Məncə, tale yaradıcılıqda mühüm rol oynayır. Van Qoqun taleyi ilə yaradıcılığı vəhdət təşkil edirdi. Öz taleyimdə isə yalnızlıqla imtahan olunuram. Rəsmlərimi işləyərkən yalnızlıq məndə stimul yaradır. İstədiyim əsərləri yarada bilirəm.
 

- Gülbəs, ağır sualdı, amma vermək istəyirəm: Tanrı təsəvvüründə necədi, onu çəkə bilərsən?
 
- Tanrı, möhtəşəm rəssamdır. Biz onun yaratdıqlarını köçürməyə çalışırıq. Rəssamlar onu təkrarlamağa çalışır. Nə qədər çalışsaq da onun yaratdığı rəng çalarına çata bilmirik. Tanrı mənim xəyalımda mavi səma kimdir. Onunla danışanda özümü ruhən azad hiss edirəm.
 
- Rəssamlıq İttifaqının üzvüsən? Ümumiyyətlə, fəxri adlara, sovetdən qalma titullara münasibətin necədir?
 
- Tənbəlliyimdən heç ora getməmişəm. Məncə, yaradıcı adamın hər hansı bir quruma üzv olmağı heç nəyi dəyişmir. Sadəcə, sərgi keçirməyə kömək edirlər. Sərgi keçirməyə də təcrübəm hazırda yoxdur. Gələcəkdə olarmı, bilmirəm.
 

DİGƏR XƏBƏRLƏR

Loading
Top