Almaniyada yaşayan azərbaycanlı həkim: “Burada səhiyyə sistemi mühüm rol oynayır” – Müsahibə

MÜSAHİBƏ 21 iyun 2021, 09:28
Karvannews.com Almaniyada yaşayan, Alman İmplantologiya Cəmiyyətinin və Baden-Württemberg Diş Həkimləri birliyinin üzvü, Oral cərrahiyyə və İmplantologiya üzrə uzman Pərviz Rəhimli ilə müsahibəni təqdim edir.
 
- Almaniyaya köçməyinizdən başlayaq. Köçməyə sizi nə vadar etdi?
 
- Stomatologiya ixtisası üzrə Bakıda təhsilimi bitirdikdən sonra müxtəlif özəl və dövlət klinikalarında üz-çənə cərrahiyyəsi üzrə işləsəm də bu sahəni daha professional mənimsəmək və uzmanlaşmaq üçün xarici ölkələri nəzərdən keçirdim. Almaniyanı dünya tibbində xüsusi yeri olduğu üçün seçdim. 2013-cü ildə bugünkü qədər Almaniyaya həkim axını yox idi. Çox az həkim Xaricdə Təhsil Dövlət proqramı çərçivəsində Almaniya gedirdi.
 
Öz hesabıma Almaniyaya getməyi qərara aldım və dil öyrənməyə başladım. Heç vaxt Avropada olmamışdım və məni nə gözlədiyini bilmirdim. Təmamilə mənə yad olan Almaniyanın paytaxtı Berlin şəhərinə 2014-cü ilin mart ayında gəldim. Təyyarədən düşəndə qalacaq evim belə yox idi.
 
- Ağız və çənə cərrahı üzrə təhisliniz nə yerdədir? 
 
- Rezidenturaya qədər Berlin şəhərində müxtəlif klinikalarda Həkim-Stomatoloq kimi 6 il fəaliyyət göstərdim və hal-hazırda Baden-Württemberg əyalətində Ağız cərrahiyyəsi üzrə 3 illik Rezidenturanın artıq 1 ilini tamamlamışam. Tam cərrahi təchiz olunmuş klinika və professional kollektivlə birlikdə işləyirik. Çox stressli, ağır olsa da sevdiyim işlə məşğul olduğum üçün demək olar yorulmuram. Mütəmadi olaraq Charite və Heidelberg Universitet klinikalarında təcrübə mübadilələrinə və məcburi ixtisaslaşma kurslarına qatılaraq rezidentura müddətini daha səmərəli keçirməyə çalışıram.
 
- Almaniyada azərbaycanlı həkimlər çoxdurmu?
 
- Bundesarztekammer (Həkimlər Birliyini) 2020-ci il dekabr ayına qədər açıqladığı statistik məlumata görə, Almaniyada 1085 nəfər azərbaycanlı həkim var və əvvəlki illərə görə bu rəqəm 22,3% artıqdır. Bu da o deməkdir ki, bugün tibb təhsilini bitirən və ya hələ məzun olmamış bir çox tələbələr artıq Almaniyada karyeralarını qurmağa can atırlar. Düşünürəm, Almaniyada ixtisaslaşan hər bir azərbaycanlı həkim təcrübələrini gələcəkdə Azərbaycanda da tətbiq etməklə yerli Səhiyyə sistemimizin təkminləşməsinə və əhalinin keyfiyyətli tibbi xidmətdən yararlanmasına töhvə verəcəklər.
 
Qeyd edim ki, Almaniyada yaşayan azərbaycanlıların çoxunun da seçimi məhz azərbaycanlı həkimlərdir. Elə bu səbəbdən çox saylı istəklərə görə tarixdə ilk dəfə olaraq Almaniyada fəaliyyət göstərən müxtəlif ixtisaslı azərbaycanlı həkimlərimizin/stomatoloqlarımızın siyahısını dərc etdim. Bu siyahı hələ həkimlərimizin çox az qismini əhatə edir. Müraciətlər olduqca siyahıya yeni həkimlər əlavə edirəm.
 
Ümumi həkimlərin siyahısı: https://bit.ly/3gGTVWz
 
Stomatoloqların siyahısı: https://bit.ly/2Sz1lDt 
 
- Bildiyim qədər 2018-ci ildən Almaniyada stomotlogiya və ümumi tibb sahəsində fəaliyyət göstəmək istəyən həkimlərə, məzunlara təmannasız qrup yaratmısız, kömək edirsiniz. Bu haqda nələr söylərdiniz...
 
- Bəli, artıq 3 ildir ki, "Almaniyada Stomatologiya" Facebook/YouTube/WhatsApp/Telegram qrupları vasitəsilə Almaniyada karyerasını başlamaq istəyən stomatoloq və həkimlərimizlə öz şəxsi təcrübəmi təmənnasız bölüşürəm. Bu qrupu açmaqda əsas məqsədim çətin Alman bürokratiyasını və imtahanlarını keçərkən əziyyətlə qazandığım təcrübələrimi kolleqalara ötürmək, bu yolda qarşılaşacaqları maneələri minumuma endirməkdir. Həm maddi, həm də mənəvi olaraq Almaniyada olduğum 7 ildə çox məşəqqətli yollar keçmişəm. Yeni məzunlarımız, həkimlərimiz heç olmasa onları gözləyən çətinliklər barəsində o qrupda öncədən məlumatlanır, imtahanların gedişatı, hazırlıq materialları əldə etmək, bəzən də şəxsən mənə yazaraq da fikirlərimi öyrənmək imkanları qazanırlar. Bundan başqa yutubda imtahanlardan müvəffəqiyyətlə keçən həkimlərimizin şəxsi təcrübələrini də paylaşır, canlı yayınlar və seminarlar edərək cavabsız sualların qalmasına imkan vermirəm. Almaniyada Stomatoloq-Həkim kimi fəaliyyət göstərmək üçün ilk dəfə A-dan Z-ə bürokratik mərhələləri paylaşmaqla bugün Almaniyada 25 nəfərdən çox qürur duya biləcəyimiz həkimlərimizin tam fəaliyyət göstərə bilməsində iştirakım olmuşdur.


 
- Almaniyada yaşayan soydaşlarımız niyə alman həkimlərinə yox, Azərbaycan həkimlərinə üstünlük verirlər?
 
- Bunun müxtəlif səbəbləri var. Öncəliklə deyim ki, bizim həkimlərin savadlarına ölkə daxilində insanların müəyyən şübhələrinin olduğu heç kimə sirr deyil. Hətta bəzən bu cür fikirlər də səslənir ki, "Almaniyaya da getdiniz yenə azərbaycanlı həkim axtarırsınız". Almaniyaya gəlmiş azərbaycanlı həkimlər Alman sistemi tərəfindən o qədər yoxlanılır, imtahan edilib, praktik bacarıqları sınanır ki, heç öz həkimlərini o qədər sıxmırlar nəinki bizimkiləri. Bu tam normaldı. Siz öz həkim diplomunuzu burada təsdiqlətmək üçün həqiqətən alman standartlarına cavab verdiyinizi sübut etməlisiniz. Bu da o deməkdir ki, Almaniyada həkimin milliyyəti deyil Səhiyyə sistemi rol oynayır. Təbii istisnalar və tibbi səhvlər Almaniyada da baş verir.
 
Almaniyada yaşayan azərbaycanlıların çoxu artıq bilir ki, bu sistemə uyğunlaşmış və fəaliyyət göstərən həkimin savadına şübhə yoxdur. Ona görə onlar daha çox öz millətinin istiqanlılığını görmək və bəzən də dil barierinə görə bizim Almaniyadakı həkimlərə müraciət edirlər.
 
-  Alman stomatoloqların orta gəliri nə qədərdir?

- Stomatologiya Almaniyada elit peşə sayılır və digər tibbi xidmətlərdən fərqli olaraq xəstələrin sığortadan əlavə ödənişlər etdiyi bahalı bir sektordur.
 
Almaniyada Stomatoloqların maaşları bağladıqları əmək müqaviləsi və şərtlərə görə dəyişkəndir. Karyerasına yeni başlamış, heç bir təcrübəsi olmayan Stomatoloq 2500-3500€ (brutto), 5 il stajlı, təcrübəli həkimlər isə 4500€-5500€ (brutto) başlayan maaş + klinikaya gətirdikləri gəlirdən 25%-30% bonus alırlar. Uzmanların maaşı bir az daha yüksək olur.(gülür)
 
- Səhiyyə sistemləri necədir?
 
- Alman səhiyyə sistemi Tibbi sığorta ilə iç-içə işləyir. Həddindən artıq bürokratik və sənədləşmələrlə dolu və ciddi nəzarət üzərində qurulmuş sistemə malikdirlər. Alman sistemi ilə işləyən həkimin protokollardan kənara çıxması və kobud səhv buraxması demək olar mümkün deyil. Çünki etdiyiniz ən xırda prosedurları belə onlayn sistemə əlavə etmək məcburiyyətindəsiz və bunula da Səhiyyə qurumu nə etdiyinizi görür.
 
- Almaniyada pandemiyanın hazırkı durum necədir?
 
- Almaniyada pandemiya Azərbaycandakı qədər ciddi qapanma ilə keçmədi. Lakin buna baxmayaraq insanlar bütün qoyulan qadağalara riayət edirdi. Böyük şəhərlərdə müəyyən mitinq və etirazlar oldu, amma ümumi əhali vəziyyətin ciddiliyini anlayır. Peyvəndlənməyə "Çipləşdirmə" anlayışı ilə yanaşılmır. Bugün Almaniyada 2 doza peyvəndini vurdurmuş şəxslər bir çox qadağalardan azad edilməyə başlanıb. Yay fəsli ilə əlaqədar yoluxmanın azaldığı bölgələrdə artıq bir çox restoranlar, idman zalları, hovuz, və s. fəaliyyətini bərpa edib.
 
- Pandemiya ilə mübarizəni xaricdən necə dəyərləndirirsiniz? Mübarizədə faydalı ola biləcəyini düşündüyünüz addımlar nədir?
 
- Düşünürəm Azərbaycanda bəzi təzadlar hələ də mövcuddur. Restoranda 50-60 nəfər oturmaq olur, amma toylara icazə yoxdur. Bu insanların sosial həyatına ciddi təsir edir. Yaxşı ki açıq havada maska qadağası qaldırıldı. Çünki mənə ən çox məntiqsiz gələn o idi. Almaniyada açıq havada yalnız mərkəzdə əhalinin sıx olduğu küçələrdə istəyə bağlı olaraq bəzi insanlar maska istifadə edirdi.
 
Mübarizədə effektiv addımlar bu yay fəslindən səmərəli istifadədən keçir. Yoxsa qışda yenə eyni qapanmalar olacaq. Mümkün qədər çox adama peyvənd (dünyanın qəbul etdiyi Astrazeneca, Biontech, Moderna) vurulmalı, payızdan etibarən pulsuz rayonlar üzrə səyyar TEST mərkəzləri açılmalı, əhali daim test olunmalıdır. Qeyd edim ki, Çin məhz çoxsaylı test mərkəzlərinin hesabına yoluxmanı aşkar edib azaltdı.
 
- Vətən üçün darıxırsınız? Qaytımağı düşünürsünüz?
 
- Əlbəttə vətən üçün darıxıram. Artıq 2 ildir Azərbaycana getmirəm. Bu yay qismət olsa vətənə gəlməyi düşünürəm. Yaxın gələcəkdə bir dəfəlik vətənə qayıtmaq planım olmasa da Rezidentura təhsilim bitdikdən sonra müxtəlif tibbi lahiyələri ölkəmizdə reallaşdırmaq planım var.

DİGƏR XƏBƏRLƏR

Loading
Top