“Kitaba pul xərcləyən gənclərdir” – Müsahibə

MÜSAHİBƏ 12 iyul 2021, 11:19
Karvannews.com "Libraff" mağazalar şəbəkəsinin piar-meneceri Sərxan Rüstəmovla müsahibəni təqdim edir.
 
- İlk dəfə hansı kitab sizi kitablar aləminə sövq elədi?

 
- Açığı dəqiq xatırlamıram. Uşaq vaxtı elə güclü kitab oxuyan olmamışam. Yəqin ki, evimizdəki kitablar və valideynlərimin daima mütaliə etməsinin təsiri olub.
 
- Ən sevidiyiniz yazıçı kimdir?
 
- İlk ağlıma gələn yazıçı Stefan Sveyqdir. Əlimə keçdikcə bütün yazdıqlarını oxumağa çalışıram.
 
- Hansı əsərləri sevirsiniz? İstər yerli ədəbiyyatdan, istərsə də dünya ədəbiyyatından...
 
- Ən çox Sveyqin ˝Dünənin dünyası˝ əsərini sevirəm. Ümumiyyətlə tarixi, bioqrafik romanlar oxumağı xoşlayıram. Məsələn, Amin Maalouf ˝Səmərqənd˝, ˝Əli və Nino˝. Eyni zamanda Tolstoyun əsərlərini, ˝İnsanı yaşadan nədir˝ kitabını hər kəsə tövsiyə edərdim.
 
- Yutub kanalınızda çox maraqlı, intellektual videolar yayımlayırsınız. Amma baxış sayı, izləyici yetərincə deyil. Bu sizi həvəsdən salmır?
 
- Qətiyyən. Bu yola başlayanda, 2016-cı ilin fevralında bilirdim ki, elə dəhşətli izləyici sayı olmayacaq, amma hər şeyə rəğmən davamlı olacağıma dair özümə söz vermişdim. Bir nəfər, bir uşaq, bir valideyn ordakı hansısa videodan yararlanırsa, bu mənə kifayətdir.


 
- Özünüz nəsə yazmısınızmı? Yaxud yazmaq istədiyiniz nələrsə varmı?
 
- Hələki yox, ancaq status yazıram.(gülür) Yazmaq istədiyim çox şeylər var, amma hələ oxumaqla məşğulam, yazmaqdan əvvəl gərək yazılanlardan bir az da olsa məlumatlı olasan.
 
- Kanalınızda daha çox xarici müəlliflər var. Yerli, müasir yazarlar çox azdı. Onlar haqda videolar çəkməyi planlaşdırırsınız?
 
- Nisbət olaraq götürəndə də xarici müəlliflərin sayı yerli müəlliflərdən və əsərlərdən çoxdur.(gülür) Yerli müəlliflərdən də videolar hazırlamışam. Məsələn, Dilqəm Əhməd, Ülviyyə Tahir, Vüsal Aydın, Coşqun Kərimov, Sərdar Amin, Reyhan Yusifqızı...
 
- Həm də kitab qiraət edirsiniz. Gələcəkdə yeni nəşr olunan kitablara da diqqət ayıracaqsınızmı?
 
- Səsli kitabları nəzərdə tutursunuz hər halda. Bilirsiniz, bu çox çətin və əziyyətli işdir. Təxminən 50 səhifəlik bir kitabı səsləndirmək, sonra onu montaj edib hazırlamaq bəzən 4-5 saat vaxt alır. Əslində bu komanda işidir. Ona görə də əsasən kiçik həcmli əsərlərə və ya qısa hekayələrə üstünlük verirəm. Diqqətimi çəkən kitablara mütləq diqqət ayıracam.
 
- Kitab bazarından vəziyyət çox acınacaqlıdır. Hətta deyərdim kitaba maraq günü-gündən azalır. Bunu nəylə əlaqələndirmək olar?
 
- Əslində, bu fikirlə razı deyiləm. Hər zaman vəziyyət aşağı-yuxarı belə olub. Hətta bəlkə də son illər oxucu sayı artıb. Hazırda ölkənin ən böyük kitab mağazaları şəbəkəsindən birinin əməkdaşı kimi müşahidə edirəm ki, orta və yaşlı nəsil nə qədər tənqid eləsə də, elə oxuyanlar, kitaba pul xərcləyənlər də əsasən gənclərdir. Ümumilikdə isə texnologiyanın inkişaf etdiyi, ətrafda daha rəngarəng və cəzbedici vasitələrin olduğu indiki zamanda hər kəsin dizini yerə atıb kitab oxumağını gözləmək də sadəlövhlük olar. Lap olsun dünyanın ən inkişaf etmiş ölkəsi, guya orda hamı kitab oxuyur? Hər yerin oxuyanı da var, oxumayanı da. Razıyam ki, yüksək dərəcədə oxucu kütləsi yoxdur, amma olanları da tənqid edərək, ˝bizim vaxtımızda hamı kitab oxuyardı, indiki gənclər tamam pozulub˝ deməklə qaçırtmaq düzgün yol deyil. Əgər gənclərdə hər hansısa problem görürüksə, deməli problem həmin gəcnləri düzgün yetişdirə bilməyən yaşlı nəsildədir.


 
- Kitab sənayəsinin formalaşmağı, inkişafı, yaradılması üçün cəmiyyət və dövlət orqanları nələr etməlidir?
 
- Kitabın televiziyalarda təbliğatına üstünlük verilməlidir. Vergi və rüsumlar azaldılmalı və ya ləğv edilməlidir. Vəzifə və söz sahibləri oxuduqları kitabları paylaşmalı, lazımdırsa, kitab oxuyarkən fotolarını ictimaiyyətlə bölüşməlidirlər. Bir dəfə tələbələr önündə çıxış etmək üçün imkan yaranmışdı. Mövzu adı seçməliydim, söhbət 900-ə yaxın auditoriya qarşısında olacaqdı, özü də 2 növbəli, yəni ümumilikdə 1600-dən çox. Mövzunun adını ˝Day-dayınız kitab olsun!˝ qoydum. Həmin çıxışda vermək istədiyim mesaj o idi ki, qətiyyən ümidsizliyə düşməyin, onsuz da iş tapa bilməyəcəm deyə düşünməyin. Bill Qeytsdən və Mark Zukerberqdən nümunə verib dedim ki, onlar dünyanın ən güclü day-dayları olsalar da, onların da day-dayı var - kitablar. Hər ikisi müəyyən periodlarla oxuduqları və oxuyacaqları kitabları “public” olaraq paylaşırlar.
 
- Uşaqlara qarşı həssas olduğunuz videolardan da bilinir. Son vaxtlar da ölkədə dəhşətli hadislər eşidirik, körpələr küçəyə atılır və.s. Sizcə uşaqları necə qorumalıyıq? Bu təkcə kitablarla mümkündür?
 
- Bu çox dərin mövzu və ayrıca bir problemdir. Ümumiyyətlə məsələlər kitablarla yox, o kitabları oxuyub həyatında və cəmiyyətdə doğru tətbiq edən insanlar sayəsində həll olunur. Sualda qeyd etdiyiniz körpələrin küçələrə atılması məsələsinə gəldikdə bu əsasən sosial problemlər səbəbindən olur. Yeməyə çörək tapmayan adama kitab oxu demək əlbəttə doğru deyil. Çox təəssüf ki, bəzən də ciddi maddi problemlər yaşadığı halda 3 və daha artıq uşaq dünyaya gətirən ailələrin də şahidi oluruq. Bu da ailə planlaması ilə bağlı düzgün maarifləndirmənin olmamasından qaynaqlanır. Bu vəziyyətdə həmin uşağı küçəyə atan valideyn yox, onların qayğısına qalmalı olan qurumlardakı əməkdaşlar oxuyub, araşdırıb problemin həlli yollarını tapmalıdırlar.

DİGƏR XƏBƏRLƏR

Loading
Top