"İnləyən məzar" - Hekayə

Mədəniyyət və turizm 16 avqust 2021, 12:00
Karvannews.com Leyla Yaşarın "İnləyən məzar" hekayəsini təqdim edir.

Uzanan yollara baxan bir məzar daşı vardı. Hündür təpəlikdə özünə məskən salmışdı. Burdan yayda gözəlliyə bürünən meşələrə, al-əlvan rəngə boyanan çəmənliklərə, sevinclə oynayan uşaqlara baxardı bu soyuq məzar daşı. Payız gələndə saralar-solar, qışda qarın, buzun altında buzlaşardı. Nə gələni vardı, nə gedəni. Kimsəsi yoxdu bu məzar daşının. Kimsə bilməzdi kimin yadigarıdı burda mışıl-mışıl uyuyan.

Yaxınlığına hərdən uşaqların topu gəlib düşərdi. Onlar da qorxa-qorxa yaxınlaşıb götürərdilər toplarını. Bir də hərdən özü kimi bir kimsəsiz çoban gələrdi bu tənha məzarın yanına. Qəmli-qəmli tütək çalardı. Bu məzarın ana laylası da, Quran sədası da o qəmli musiqi idi.
Əslində kimsənin bilmədiyi, sirlərlə dolu olan bu məzar daşı şəhid məzarıydı. Vətən yanğısının qurbanı idi. Atasının anasının yeganə göz qarası, bacısın ürək parası, yarının can parası, övladının hər şeyi idi bu məzar daşı. Uzaq-uzaq ellərdə onu gozləyən neçə-neçə arxasınca həm ağlayan, həm axtaran, həm ümid edən ürəklər vardı... Qəlblər qəhrəmanı idi bu şəhid məzarı...

Nənəsi nəvəni dizi üstə oturdub, oxşayıb atasının qəhrəmanlıqlarından tez tez danışardı. Babası atasının döyüş yoldaşlarının yanına aparardı, anası gecelər xısın-xısın aglayıb, taleyinə boyun əyib, gözüyaşlı bağrına basar, oxşayardı onu; qayıdacaq can bala atan deyərdi, qayıda bilməsə bizə göylərdən baxacaq deyərdi, sən böyüyüb atan kimi olacaqsan deyirdi. Balaca qızarıb şişmiş gözlərini silib, mən səni qoyub getməyəcəm, atam kimi deyirdi... Anası onu hər dəfə qucaqlayıb; - atan bizi qoyub getmədiki?! O bizi qorumağa getdi deyərdi...

İllər keçdi... Tənha məzar daşı yenə də uzanan yollara qəmli-qəmli baxırdı, bir az olardı çoban laylasın çalıb getmişdi. Yaxınlıqdan maşın səsi gəldi, sanki məzar daşı işıqlandı. Bir yaşlı, qoca babayla bir cavan oğlan ona yaxınlaşırdı. Yaşlı baba oğlana nəsə danışırdı. Get-gedə səs aydınlaşırdı: bax bala, dediyim məzar budu, illərdi burda ziyarətsiz qalıb. Gələni yox gedəni yox. Sənin axtardığın adam ola bilərmi? Cavan oğlan ürəyi əsə-əsə, ürkək baxışlarını ad yazılan daşa yönəltdi...sanki ildırm vurdu onu.....Ola bilməz! Ola bilməz! Kişi bir anlıq qorxdu. Nə oldu mənim balam? Bu ola bilməz! Mənim atam ölə bilməz! O qayıdacaq - deyə hayqırırdı. Kişi onu sakitləşdirməyə çalışdı. Bir az su verdi, oğlan suyu içib daşı qucaqladı. Hönkürməyə başladı. Bu anda illərlə tənha qalıb, özünü məğrur tutan məzar daşı kiçilməyə, əyilməyə başladı. Daşdan qəribə bir inilti qopdu; dağlara, daşlara əks səda verdi. O artıq təhna deyildi...


 

DİGƏR XƏBƏRLƏR

Loading
Top