Azərbaycan beynəlxalq nəqliyyat forumunda iştirak edib

İqtisadiyyat və biznes 22 sentyabr 2021, 14:02

Türkiyənin İstanbul şəhərində VI Qara dəniz – Xəzər Beynəlxalq Nəqliyyat Forumu keçirilib. Tədbirdə regionun aparıcı nəqliyyat-logistika şirkətlərinin, nəqliyyat strukturlarının nümayəndələri, rəsmi şəxslər iştirak ediblər.

“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Konteyner” MMC-dən verilən məlumata görə, forumun sessiyalarında çıxış edənlər beynəlxalq nəqliyyat dəhlizləri, Qara dəniz - Xəzər regionunun tranzit imkanları, transkontinental marşrutlar barədə məlumat veriblər. Türkiyənin konteynerlərlə yükdaşımalarda dəniz və quru qovşağı kimi roluna, Türkiyədən keçən yeni transkontinental dəmiryolu marşrutları, Avropa ilə Asiya arasında nəqliyyat əlaqələrində TRACECA və Xəzər limanlarının rolu məsələsinə toxunulub. Həmçinin səmərəli dəmiryolu xidmətlərinin, nəqliyyat-logistika infrastrukturunun yaradılması, tariflər mövzusunda fikir mübadiləsi aparılıb. Pandemiya şəraitində Avropa ilə Asiya arasında dəmiryolu ilə yükdaşımaların rolunun artması xüsusi qeyd edilib.

Forumun işində “ADY Konteyner” MMC-nin nümayəndələri də iştirak edirlər. Şirkətin direktoru Natiq Cəfərov forumda “Avrasiya dəmiryolu yük dəhlizlərinin kəsişməsi. Azərbaycanın dəmir yolu şəbəkəsi ilə yeni tranzit imkanlar” mövzusunda çıxış edib. N. Cəfərov ölkəmizin ərazisindən keçən nəqliyyat dəhlizləri, onların imkanları barədə forum iştirakçılarına məlumat verib. Avropa ilə Asiya arasında yükdaşımaların həcminin artırılması istiqamətində görülən işlərdən danışıb. Həmçinin Rusiyanın Uzaq Şərq limanlarından istifadə edilərək Asiya –Sakit okean regionu ölkələrindən Azərbaycandan tranzit keçməklə, Türkiyə və Avropaya yük daşımalarında Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin önəminə toxunub. Yeni logistik məhsul kimi konteynerlərin Çinin Qaşqar şəhərindən Türkmənbaşı limanına, oradan fider gəmiləri vasitəsilə Bakıya, daha sonra BTQ ilə Türkiyə və Avropaya çatdırılması, həmçinin Gürcüstanın Poti və Ukraynanın Odessa limanları arasında fəaliyyət göstərəcək fider gəmiləri ilə konteyner daşımalarının əhəmiyyətini vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Loading
Top