Azərbaycandakı banklar dollar qəbulunu dayandırıb

Banklar 15 oktyabr 2021, 13:16

Azərbaycanda fəaliyyət göstərən bir sıra bankların bankomatları və terminalları vasitəsilə ABŞ dolları əsginaslarının qəbulu bir müddətdir dayandırılıb. Buna səbəb dövriyyədə saxta əsginasların olmasıdır.

Məlumatına görə, “Unibank” və “Kapital Bank” faktı təsdiqləyib.

Bu məsələ ilə əlaqədar Azərbaycan Mərkəzi Bankı (AMB) bildirib ki, AMB milli və xarici valyutada pul nişanlarının saxtalaşdırılmasına qarşı mübarizə çərçivəsində davamlı tədbirlər həyata keçirir və bu tədbirlər barədə mütəmadi olaraq kommersiya bankları, hüquq mühafizə orqanları və eləcə də ölkə ictimaiyyəti məlumatlandırılır.

“Hazırda dünyada sərbəst dönərli valyutaların, o cümlədən ABŞ dollarının geniş istifadəsi onların saxtalaşdırılması meyllərinin daha yüksəkolmasını şərtləndirir və saxtakarlar üçün cəlbediciliyini artırır. Müasir dövrdə rəqəmsal sistemlərin və yüksək texnologiyaların sürətli inkişafı isə pul nişanlarının saxtalaşdırılması imkanlarını, o cümlədən əhali üçün nəzərdə tutulmuş mühafizə elementlərinin, eləcə də nağd pul avadanlıqları, o cümlədən bankomatlar və terminallar tərəfindən müəyyən edilə bilən təhlükəsizlik sistemlərinin imitasiya imkanlarını genişləndirir”, – AMB-dən bildirilib.

Belə risklərdən sığortalanmaq üçün Mərkəzi Bank tərəfindən nağd pul avadanlıqlarının, emal sistemlərinin, nağd pul qəbul edən bankomat və terminalların xarici valyutada pul nişanlarının, o cümlədən ABŞ dollarının mühafizə elementlərinə uyğunlaşdırılmasının davamlı qiymətləndirilməsi və zəruri tədbirlərin görülməsi ilə bağlı kommersiya banklarına müvafiq tapşırıqlar verilir.

“Eyni zamanda, Mərkəzi Bankda ekspertiza nəticəsində saxtalaşdırma əlamətləri müəyyən edilmiş ABŞ dollarları və onların ekspertiza rəyləri müvafiq istintaq tədbirlərinin aparılması, o cümlədən saxta pulların ölkəyə daxil olma mənbəyinin araşdırılması məqsədilə hüquq mühafizə orqanlarına təqdim edilir”, – AMB-dən bildirilib.

DİGƏR XƏBƏRLƏR

Loading
Top