Azərbaycan mədəniyyəti günləri çərçivəsində görüş keçirilib

Mədəniyyət və turizm 27 oktyabr 2021, 16:21

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü ilə Qaraqalpaqstan Respublikası və Xarəzm vilayətində keçirilən Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri çərçivəsində Nukus Gənclər Teatrında görüş və konsert keçirilib.

Karvannews.com xəbər verir ki, tədbirdə Azərbaycan Milli Məclisinin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib.

Tədbiri Qaraqalpaqstan Respublikası hökuməti sədrinin müavini Rasul Zareneyev açaraq Azərbaycanın Özbəkistanla, o cümlədən Qaraqalpaqstanla əməkdaşlığının inkişafı haqqında məlumat verib, Qaraqalpaqstanla Azərbaycan arasında əlaqələrdən danışıb. O, Qaraqalpaqstan Respublikası və qonşu Xarəzm vilayətində Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərinin keçirilməsini alqışlayıb.

Qənirə Paşayeva salona toplaşanları salamlayıb, böyük Azərbaycan şairi Məhəmməd Füzulidən ilham alaraq əsərlər yazan Berdakın vətənində olmaqdan məmnunluğunu bildirib. Komitə sədri Azərbaycanla Özbəkistan arasındakı tarixi dostluq və qardaşlıq əlaqələrindən söhbət açıb, əlaqələrin dərinləşdirilməsində Azərbaycan və Özbəkistan prezidentləri İlham Əliyevlə Şavkat Mirziyoyevin böyük xidmətləri olduğunu vurğulayıb.

Qənirə Paşayeva əmin olduğunu bildirib ki, bundan sonra Azərbaycanla Qaraqalpaqstan arasında əlaqələr daha da güclənəcək.

Komitə sədri Azərbaycan torpaqlarının işğaldan azad olunmasından danışaraq deyib: “Bir il bundan əvvəl Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, əsgər və zabitlərimizin şücaəti ilə Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı torpaqlarımızı 44 gün ərzində azad etdik. Ermənilər şəhər və kəndlərimizi, məscid və ziyarətgahlarımızı dağıdıb, bu torpaqlarda əsl vandallıq siyasəti həyata keçiriblər. Ermənilər bu vandalizm və vəhşiliyi də öz tarixlərinə yazdılar. İndi Qarabağda quruculuq işlərinə başlanıb. Əminəm ki, biz Qarabağda cənnət yaradacağıq”.

AMM-nin direktoru Samir Abbasov Azərbaycanla Özbəkistan arasında mədəni-humanitar sahədə əlaqələrin daha da genişləndirilməsi üçün gördükləri işlərdən danışıb. O bildirib ki, Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Özbəkistanın Xalq şairi Camal Kamalın tərcüməsində böyük Azərbaycan şairi Nizami Gəncəvinin “Xəmsə”si özbək dilinə tərcümə olunub. S.Abbasov deyib ki, dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illiyi ilə bağlı Prezident İlham Əliyev bu ili ölkəmizdə “Nizami Gəncəvi İli” elan edib. Azərbaycanda və dünya ölkələrində bununla bağlı tədbirlər keçirilir. Bu il Özbəkistanda və digər dövlətlərdə böyük özbək şairi Əlişir Nəvainin 580 illiyi münasibətilə müxtəlif tədbirlər keçirilir, əsərləri çap olunur.

Sonra Azərbaycanın Xalq artisti Gülyanaq Məmmədova muğam və xalq mahnılarımızı, saz ustası İlham Abdullayev qədim el havalarını, AMM-nin nəzdindəki “Azərbaycan qızları” ansamblının üzvləri rəqslərimizi ifa ediblər.

Tədbirdə Qaraqalpaqstan Respublikasının rəhbərləri, elm, mədəniyyət və incəsənət xadimləri, Nukusda yaşayan azərbaycanlılar, jurnalistlər iştirak ediblər.

DİGƏR XƏBƏRLƏR

Loading
Top