“İnvestBaku” şirkəti tərəfindən 2000 fermerə məsləhət xidməti göstərilib

Kənd təsərrüfatı 29 dekabr 2021, 15:21
Kənd təsərrüfatı məhsullarının keyfiyyətinin yüksəldilməsi və  istehsalının artırılmasında əsas istiqamətlərindən biri də fermerlərə informasiya-məsləhət xidmətinin göstərilməsidir. Bu məqsədlə “İnvestBaku” şirkəti tərəfindən aqrar xidmətlər göstərən şirkətlərlə birgə konsorsium formasında bitkiçilik və heyvandarlıq üzrə peşəkar mütəxəssislərdən ibarət ekspert şəbəkəsi yaradılmışdır.
 
Karvannews.com xəbər verir ki, şəbəkənin yaranmasında məqsəd fermerlərin ehtiyac və problemlərin öyrənilməsi, xüsusən də kiçik və orta sahibkarlar üçün aqrar məsləhət xidmətinə əlçatanlığın təmin edilməsidir. Beləki, yaradılmış şəbəkə tərəfindən respublikanın iyirmidən artıq rayonlarında iki mindən artıq fermerə məsləhət xidməti həyata keçirilmişdir. 
 
Təlimdə ekspertlər tərəfindən on bir növ bitkiçilik məhsulu üzrə onların (çəltik, qarğıdalı, arpa, buğda, kartof, günəbaxan, tərəvəz, texniki bitkilər, üzüm, çay, fındıq və zeytun) becərmə texnologiyası, aqrotexniki qulluq, xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirlərinin vaxtında aparılması, heyvanlar arasında mövsumi xəstəliklərə qarşı müayinə, müalicə və profilaktiki  tədbirlərinin həyata keçirilməsi barədə yerində aidiyyatı üzrə xidmətlər göstərilmiş və fermerləri maraqlandıran suallar cavablandırılmışdır.
 
Qeyd edək ki, yaradımış şəbəkə haqqında məlumat müxtəlif vasitələr ilə yayılaraq fermerlərə peşəkar mütəxəssis axtarışında dəstək olacaqdır. Eyni zamanda şəbəkə və mütəxəssislər haqqında məlumat bir sıra portallara inteqrasiya olunaraq öz sahələrində xidmət göstərəcəkdir. Fermerlərə informasiya-məsləhət xidmətinin göstərilməsi innovativ texnologiyaları tətbiq etməklə kənd təsərrüfatının inkişafını təmin edəcək əsas istiqamətlərdən biridir.
 
Bildiririk ki, layihə Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzinin dəstəyi ilə həyata keçirilmişdir.




DİGƏR XƏBƏRLƏR

Loading
Top