Dünya Bankı: Qlobal ÜDM-nin artım templəri yavaşlayacaq

Banklar 12 yanvar 2022, 17:39

Dünya Bankı ötən ilki artımdan sonra qlobal iqtisadiyyatının artım templərinin COVID-19 pandemiyası fonunda yavaşlayacağını və 2021-ci ildəki 5,5%-dən bu il 4,1%-dək azalacağını vəd edir.

Karvannews.com-un Dünya Bankının yeni "Global Economic Prospects" adlı yanvar hesabatına istinadən verdiyi məlumata görə, artımın səngiməsinə sürətlənmiş inflyasiya və artan borclanma da səbəb olacaq. 2023-cü ildə qlobal ÜDM-nin 3,2% böyüyəcəyi proqnozlaşdırılır.

"Omicron ştamının sürətlə yayılması pandemiyanın iqtisadi aktivliyə potensial təsirinin yaxın gələcəkdə də davam edəcəyi deməkdir. Bundan əlavə, Çin də daxil olmaqla böyük iqtisadiyyatlarda artımda yavaşlama müşahidə edilir və bu da öz növbəsində inkişaf etməkdə olan ölkələrdə xarici tələbata təsir edəcək", - Dünya Bankı bildirir.

Bankın mütəxəssisləri inkişaf etmiş ölkələrlə inkişaf etməkdə olan ölkələr arasında iqtisadi artım templərində artan uyğunsuzluğa işarə edirlər. İnkişaf etmiş ölkələrdə artım templərinin 2021-ci ildəki 5%-dən 2022-ci ildə 3,8%-ə, 2023-cü ildə isə 2,3%-ə enəcəyi gözlənilir. İnkişaf etməkdə olan ölkələrdə isə iqtisadi artım 2021-ci ildəki 6,3%-dən 2022-ci ildə 4,6%-ə, 2023-cü ildə isə 4,4%-ə qədər azalacaq.

Qeyd edək ki, Dünya Bankı sözügedən hesabatda Azərbaycan üzrə proqnozlara toxunmayıb. Belə ki, ölkə üzrə proqnoz bankın oktyabrda dərc olunmuş Avropa və Mərkəzi Asiya regionu üzrə yenilənmiş hesabatında yer alıb və dəyişməz saxlanılıb.

Xatırladaq ki, Dünya Bankının proqnozuna görə, 2021-ci ildə Azərbaycan iqtisadiyyatı 5%, 2022-ci ildə 3,1%, 2023-cü ildə isə 2,7% böyüyəcək.

DİGƏR XƏBƏRLƏR

Loading
Top