Apple irimiqyaslı cərimələr ilə üz-üzə!

İqtisadiyyat və biznes 06 mart 2021, 12:08
Qlobal texnologiya nəhəngi Apple antiinhisar qanunvericiliyinin pozulmasına görə irimiqyaslı cərimələr təhlükəsi ilə üz-üzədir.
 
Apple üçün böyük təhlükələrdən biri Avropa bazarında yaranıb. Marjanın araşdırmalarına görə, musiqi məhsullarının yayımında ixtisaslaşmış Spotify şirkətinin App Store-a qarşı şikayətindən 2 il sonra, Avropa İttifaqı nəhayət məsələni daha ciddi araşdırmaq qərarına gəlib.

Əgər araşdırmalar öz rəsmi təsdiqini tapsa, bu, Avropa İttifaqının antiinhisar qanunvericiliyi ilə bağlı Apple-a qarşı ilk ciddi hüquqi proseduru olacaq və Iphone markalı telefonların qlobal istehsalçısına App Store-u idarə etmək qaydasını dəyişdirmək üçün ciddi təzyiq vasitəsinə çevriləcək.

Spotify iddia edir ki, Apple şirkəti onun məhsullarının App Store-da yerləşdirilməsinə və Iphone mobil telefon istifadəçilərinin App Store vasitəsilə Spotify-da hesab açmasına görə Spotify-ın öz abunəçilərindən aldığı xidmət haqqının 30%-ni komissiya kimi tutur. Apple  özünün musiqi xidməti olan Apple Music-ə isə belə 30%-lik komissiya tətbiq etmir. Nəticədə Apple Music Spotify-ı qiymət rəqabətində haqsız olaraq üstələyir.

Həmçinin, Apple-ın hazırkı qaydalarına əsasən, App Store-da ödənişli rəqəmsal kontent təqdim edən tətbiqi proqram və xidmət şirkətləri öz istifadəçilərindən ödənişləri yalnız Apple-ın tətbiq etdiyi daxili ödəniş sistemi vasitəsi ilə qəbul etməlidirlər. Bu zaman onlar istifadəçilərə Apple Store-dan kənar vasitələrlə qeydiyyatdan keçib daha az xidmət haqqı ödəmək imkanını reklam edə bilmirlər. Belə olan halda istifadəçilər Apple Store-un birbaşa təklif etdiyi xidmətlərə və mobil tətbiqetmələrə üstünlük verirlər, çünki qiymət daha sərfəlidir.

Bu yaxınlarda məşhur Fortnite onlayn video oyununu işləyib hazırlayan Epic Games şirkəti Apple-ın onun istifadəçilərini öz daxili ödəniş sisteminə istiqamətləndirməsini əsas gətirərək, bu oyunun App Store-da təklifini dayandırıb və rəqabət qaydalarının pozulması şikayəti ilə Avropa İttifaqında məhkəmə iddiası qaldırıb.

Qlobal miqyasda antiinhisar qaydalarının pozulmasına görə üzləşdiyi problemlər Apple-ın ən sürətlə böyüyən və ən gəlirli biznes sektoruna ciddi təhlükə yarada bilər. Özündə musiqi və video, bulud texnologiyaları (cloud) üzrə xidmətlər, oyunlar və getdikcə artan fərqli əlavələr cəmləşdirən App Store hazırda Iphone mobil telefonlarının satışından sonra Apple-ın ikinci ən böyük gəlir mənbəyidir, təkcə ötən ilin ilk doqquz ayında bu platforma vasitəsilə satışlardan daxilolmalar 15.7 milyard dollar təşkil edib.
Avropa İttifaqının ardınca Böyük Britaniyanın Bazarlara Nəzarət və Rəqabət Qurumu da Apple-ın Apple Store-da öz hökmran mövqeyindən su-istifadə edərək mobil tətbiqetmə şirkətlərinə haqsız və qeyri-bərabər qaydalar qoyması iddiaları əsasında yoxlamalara başlayıb. Qurumun rəhbəri Andrea Kosçellinin fikrincə: “Aplle-ın bazardakı mövqeyindən istifadə edərək ədalətsiz olan və rəqabət və seçim imkanlarını məhdudlaşdıran şərtlər diktə etməsi və nəticədə müştərilərin tətbiqi proqramları alarkən və istifadə edərkən daha çox pul itirməsi barədə iddialar kifayət qədər ciddidir və əsaslı araşdırılmasına ehtiyac vardır.”
Apple daha öncə bu iddialarla bağlı bəyan edib ki, onun sistemi müştərilər üçün təhlükəsizlik və gizlilik təmin edir, həmçinin, bu zaman müstəqil mobil tətbiqetmə proqramçılarına Spotify və Epic Games kimi böyük şirkətlərin tətbiq etdiyi bənzər alətlərə çıxış imkanı da verir.
Yenicə başladılan yoxlamalar və hüquqi prosedurlarla bağlı Avropa Komissiyası açıqlama verməkdən imtina edib, Apple-dan isə açıqlama almaq hələlik mümkün olmayıb. Hadisələrin növbəti gedişatı proseslərin hansı məcrada gedəcəyinə və qlobal texnologiya nəhənginin hansı növ maliyyə sanksiyalarına məruz qalacağına aydınlıq gətirəcək.

DİGƏR XƏBƏRLƏR

Loading
Top