Türkiyə Statistika Təşkilatının açıqladığı xarici ticarət məlumatlarına görə, 2022-ci ilin aprel ayında ixrac əvvəlki ilin eyni ayı ilə müqayisədə 24,6% artaraq 23 milyard 368 milyon dollar, idxal isə 35% artaraq 29 milyard 480 milyon dollar təşkil edib. İdxal ixracı 6 milyard 112 milyon dollar üstələyib.
Karvannews xəbər verir ki, 2022-ci ilin yanvar-aprel dövründə ixrac əvvəlki ilin eyni dövrü ilə müqayisədə 21,6 faiz artaraq 83 milyard 531 milyon dollara, idxal isə 40,2 faiz artaraq 116 milyard 85 milyon dollara çatıb.
Enerji məhsulları və qızıl istisna olmaqla ixrac 22,9 faiz, idxal isə 16,4 faiz artıb.
Xarici ticarət kəsiri aprel ayında 98,5% artıb
Aprel ayında xarici ticarət kəsiri əvvəlki ilin eyni ayı ilə müqayisədə 98,5 faiz artaraq 3 milyard 80 milyon dollardan 6 milyard 113 milyon dollara yüksəlib. 2021-ci ilin aprel ayında ixracın idxala nisbəti 85,9 faiz olduğu halda, 2022-ci ilin aprel ayında 79,3 faizə enib.
Yanvar-aprel aylarında xarici ticarət kəsiri 130 faiz artıb
Yanvar-aprel dövründə xarici ticarət kəsiri 130 faiz artaraq 14 milyard 154 milyon dollardan 32 milyard 553 milyon dollara yüksəlib. 2021-ci ilin yanvar-aprel dövründə ixracın idxala nisbəti 82,9 faiz olduğu halda, 2022-ci ilin eyni dövründə 72 faizə enib.