Azərbaycanda geniş pul kütləsinin həcmi tarixi maksimumu yeniləyib

İqtisadiyyat və biznes 22 oktyabr 2021, 13:01

Bu ilin oktyabrın 1-nə Azərbaycanda geniş pul kütləsinin (M3) həcmi 32,212 mlrd. manat təşkil edib. Bu, yeni tarixi maksimumdur.

Karvannews.com-un Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, bu göstərici aylıq müqayisədə 2,9%, ilin əvvəlindən 10,4%, ötən ili eyni dövrü ilə müqayisədə isə 20,4% artıb.

Qeyd edək ki, bundan əvvəl 2021-ci ilin avqustun 1-nə ölkədəki geniş pul kütləsinin həcmi indiyədək qeydə alınan ən yüksək göstəriciyə - 31 507,3 mln. manata çatıb.

Xatırladaq ki, Beynəlxalq Valyuta Fondunun (BVF) yenilənmiş proqnozlarına görə, bu il Azərbaycanda geniş mənada pul kütləsi (M3) 9,5%, 2022-ci ildə isə 7,4% artacaq.

Geniş pul kütləsi ölkədə dövriyyədə olan nağd və qeyri-nağd ödəniş vasitələrinin məcmusudur. Mərkəzi banklar, xüsusilə də pandemiya dövründə uçot dərəcələrini azaldaraq kreditləşməni stimullaşdırır, bununla da iqtisadi canlanma və artıma nail olmaq məqsədi güdür.

İqtisadiyyatda pul kütləsi artdıqca, bizneslərin maliyyəyə çıxışı asanlaşır və iqtisadiyyatın böyüməyə meylləri çoxalır. Lakin geniş pul kütləsinin artımı real ÜDM istehsalının böyüməsini qabaqlayarsa, bu, inflyasiyaya yol aça bilər.

DİGƏR XƏBƏRLƏR

Loading
Top