Azərbaycanda mobil və sabit internetin sürəti yanvarda artıb

Gündəm 16 fevral 2022, 17:02

Bu ilin yanvar ayında Azərbaycanın mobil rabitə operatorlarının şəbəkələrində giriş internet trafikinin sürəti 30,96 Mbit/s təşkil edib.

Bu göstərici dekabr ayı ilə müqayisədə 6,5% artıb.

Cari ilin yanvarında ölkənin mobil şəbəkələrində çıxış trafikinin sürəti ötən ilin dekabr ayının göstəricisi ilə müqayisədə 12,8% artaraq 9,6 Mbit/s olub.

Qeyd edək ki, dünya üzrə mobil trafikinin giriş və çıxış sürəti isə müvafiq olaraq 29,62 Mbit/s və 8,44 Mbit/s təşkil edib. Yanvar ayının nəticələrinə görə, Azərbaycan bu göstərici üzrə 140 ölkə arasında 3 pillə irəliləyərək 60-cı yerdə qərarlaşıb.

Mobil internet sürətinə görə liderlərin ilk üçlüyünə BƏƏ (135,62 Mbit/s), Norveç (118,44 Mbit/s) və Cənubi Koreya (109,86 Mbit/s) daxil olub.

Reytinqə əsasən, bu ilin yanvar ayında Azərbaycanda sabit genişzolaqlı internet trafikinin giriş sürəti 17,24 Mbit/s, çıxış sürəti isə 18,26 Mbit/s təşkil edib. Dekabr ayı ilə müqayisədə giriş sürəti 0,9 artıb, çıxış sürəti isə 0,6% azalıb.

Bu ilin yanvar ayının nəticələrinə görə, sabit internetin sürəti reytinqində Azərbaycan 179 ölkə arasında 1 pillə geriləyərək 122-ci yerdə qərarlaşıb.

Dünyada ən sürətli sabit interneti olan ilk üç lider ölkə Monako – 192,68 Mbit/s, Sinqapur – 192,01 Mbit/s və Çili – 189,36 Mbit/s olub.

Bu ilin yanvarında qlobal sabit internetin giriş və çıxış trafikinin orta sürəti isə müvafiq olaraq 59,84 Mbit/s və 25,51 Mbit/s təşkil edib.

DİGƏR XƏBƏRLƏR

Loading
Top