Azərbaycanın oğulları və qızları! Unutmayın... sevirik... kədərlənirik ... - VİDEO

2841 21 dekabr 2020, 10:22
“Doğum gününə qayıdacağına dair söz vermişdi. Qayıtdı, amma istədiyimiz kimi yox”.

Karvannews Azərbaycanın igid əsgərlərindən, İkinci Qarabağ müharibəsində şəhid düşmüş Əbdülhəsən Eyvazov haqqında reportajı təqdim edir.
 
Yenilməz ordumuz Ali Baş Komandan İlham Əliyevlə birlikdə Azərbaycanın yeni tarixini yazdı və yazmaqda davam edir. Hər bir azərbaycanlının arzusunu reallaşdırdılar - doğma torpaqlarımızı geri qaytardılar və ərazi bütövlüyümüzü bərpa etdilər!
Bir çox oğullarımız döyüş meydanlarında öldürüldü. Azərbaycanın igid ordusu addım-addım torpaqlarımızı işğaldan azad etdi, gələcək nəslimizi ağır yükdən azad etdi. Birlik və yüksək döyüş ruhu nümayiş etdirən ölkənin milli ordusu bir daha bütün dünyaya Qarabağın Azərbaycan olduğunu göstərdi!
 
Çəkiliş qrupumuz şəhid Əbdülhəsən Eyvazovun ailəsini ziyarət etdi.
 
 
Atası Balaş Eyvazov:

“Sentyabrın 20-də, axşam doqquzun yarısında mənə zəng gəldi. Dedilər, oğlunu hərbi hissəyə gətirməlisən. Dedim, sabah tezdən gətirərəm. Bu gün gətirməyimi istədilər. Axşam oğlum evə gəldi, dedim hərbi hissədən zəng elədilər, oğlum dedi, dur gedək, mən də dedim indi gecdi, səhər gedərik. Dedi dostlarımla danışmışam, onlar da gedir, dur gedək, açığı tərəddüd elədim, dirəndim ki, səhər gedərik. Dedi, dostlarım məndən əskik oğlan deyil ki.

O gündən etibarən onun çətin missiyası başladı - Vətən uğrunda həmkarları ilə birlikdə çiyin-çiyinə mübarizə aparmaq.

Sentyabrın 27-də müharibəyə başlayan kimi səhər tezdən Horadizə apardılar. Səhəri mən də oğlumla görüşməyə getdim, qısa görüşdən sonra oğlum Füzulidən Alxanlı istiqamətindən döyüşə girdilər. Mən gəlmədim, orda qaldım. O qalan elə 1 ay qaldım. Postda yardım gətirənlərə kömək edirdim”.
 
Bacısı Aynur Balaşova:

“Qardaşımı yuxuda görmüşdüm. Yuxuda hərbi hissədə idik, əsgərlərin içindən çıxıb məni qucaqladı. Axırıncı dəfə görəcəkmiş kimi qucaqladı. İstədim cibimdən tez telefonu çıxarıb atama zəng edim, dedi ki, yox atam gəlib özü tapacaq məni. Sonra yuxudan ayılıb, karidora çıxıb atamı səslədim, atama yuxunu nağıl elədim”.
 
Atası:

“Onunla birlikdə döyüşə girən uşaqlar ayın 10-nu istirahətə çıxdılar. Yarısı çıxdı, yarısı mövqedə qaldı. Mənə dedilər ki, oğlun cəbhədədi. Sonra nə onlar çıxdılar, nə bunlar qayıtdılar. Qaldım, axtara-axtara. Mənə deyəndə ki, Füzulidə Seyid Əhmədli kəndindədir. O vaxt orda bunker yerləri vardı. Oğlumu orda bunkerin qarşısında tapdım. Orda şəhid olmuşdular. Özüm tapdım. Qərargah rəisləri ilə birlikdə 37 nəfər əsgərlərimiz şəhid olmuşdu”.
 
Bacısı:

“Qələbə günündə də yuxu görmüşdüm. Yuxuda mənə deyirdi ki, sən mənim qisasmı alacaqsan, sən mənim qanımı yerdə qoymayacaqsan. Yuxudan dəli kimi durub, başladım ağlamağa. Mən necə edə bilərəm, məni əsgər apara bilməyəcəklər, necə qisasını ala biləcəm deyə düşünürdüm. Elə həmin dəqiqə atama zəıng gəldi ki, oğlunuzun qanı yerdə qalmadı. Ondan sonra yuxuma gəlmədi. Üç mərasimi ad günüə düşdü. 24 yaşı tamam olurdu.
 
Getməmişdən qabaq çox həvəsli idi. Oturduğu yerdən birdən dedi, elə bil kimsə ona dedirtdi ki, mən şəhid olacam. Dedim elə söz demə, anam pis olar. Dedi görərsən, şəhid olacam, sonra güldü. Gedən günü qapıda sevinirdi. Uça-uça gedirdi elə bil. Sentybarın 28-də, mənim ad günümdə zəng eləmişdi, təbrik eləyəndə dedi ki, narahat olma, bura elə gözəl yerdi burdan torpaq alıb ev tikəcəm. Burda da qalacam, qayıtmayacam. Dedim ki, ad günümə gəlmədin, heç olmasa öz ad gününə gəl. Dedi, çalışacam gəlim. Öz ad gününə gəldi amma gözlədiyimiz kimi gəlmədi. Düzdü qardaşımla fəxr edirəm. Fəxr etdiyimiz qədər də insanın içi yanır, ürəyi yanır. Başını dik tut deyirlər, amma içində acı ilə yaşamaq çətindi”.

Gülnaz Qasımova
 

 

DİGƏR XƏBƏRLƏR

Loading
Top