Karvannews.com Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü Zümrüd Səmədovanın “Mediasiya haqqında” yazısını təqdim edir.
Ölkəmizdə mübahisələr üzrə barışıq əldə edilməsinə xidmət edəcək “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununa əsasən ilkin mediasiya seansı 2021-ci ilin yanvar ayının 1-dən qüvvəyə minir.
Onu da bildirirəm ki, Milli Məclisin 18 dekabr 2020-ci il tarixdə keçirilmiş plenar iclasında “Mediasiya haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılmışıdr. Layihələyə əsasən ilkin mediasiya seansının qüvvəyə minmə vaxtı 2021-ci ilin yanvarın 1-dən iyulun 1-dək uzadılır. Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.
Həmin tarixdən etibarən əvvəllər birbaşa məhkəmələrdə baxılmalı olan kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr mediasiya prosesi çərçivəsində baxılacaq və həmin prosesi keçmədən qeyd olunan ərizələrə məhkəmələrdə baxılmasına yol verilməyəcək.
İlk öncə mediasiyanın tarixinə diqqət yetirdikdə məlum olur ki, bu institut hələ qədim Finikyada, Babildə, Roma və Yunanıstanda ailə münaqişələri zamanı barışıq üçün tətbiq edilmişdir. Lakin mediasiya qədim Romada Roma hüququndan başlayaraq, xüsusilə Yustinian ilə tanınmışdır. Romalılar mediatorları internuncius, medium, intercessor, philantropus, interpolator, conciliator, interlocutor, interpres və mediator olaraq müxtəlif adlar altında ifadə etmişdilər. Mediatorlar tarixən yüksək savada və istedada və nüfuza malik şəxslər sırasından seçilmişdir. Bu gün dünyada inkişaf etmiş dövlətlər bu institutdan istifadə edir. Mediasiya müasir dövrümüzdə mübahisənin alternativ həlli üsulu kimi qəbul olunur. Türkiyə Respublikasında 22 iyun 2012-ci ildə qüvvəyə minən 6325 saylı qanunla, Rusiya Federasiyasında isə 27 iyul 2010-cu il tarixli 193 saylı qanunla mediatorlar müstəqil ixtisas sahibləri kimi tanınmışdır.
Hazırda cəmiyyətimiz mübahisələrin alternativ həlli ilə bağlı böyük bir dəyişikliyin astanasındadır. Bu dəyişikliyin cəmiyyət tərəfindən düzgün qarşılanması və qəbul edilməsi üçün təşkilati və eləcə də təbliğat işləri aparılmalıdır.
Mediasiya mübahisələrin məhkəmədənkənar həlli üsuludur. Mediasiya mediatorun (mediatorların) vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunan prosesdir.
Bəs nəyə görə mübahisəyə məhkəmədə yox, məhz mediasiyada baxılmalıdır və bunun üstünlükləri nədədir?
- İlk növbədə qeyd olunmalıdır ki, mübahisənin mediasiyada həlli mübahisə edən tərəflərin mənafeyi üçün hesablanmışdır. Mübahisənin bu cür həlli daha ucuz başa gəlir. Yəni ona çəkilən məsrəflər məhkəmə məsrəflərindən az olması ilə fərqlənir və mübahisələrin bu qaydada həlli daha səmərəlidir.
- Bundan başqa, mediasiya prosesində işlərə qısa zaman ərzində baxılaraq qərar qəbul olunur və tərəflərin əldə etdiyi barışıq sazişi dərhal tərəflər üçün məcburi xarakter alır. Məhkəmə mübahisələri isə uzun müddət vaxt aparır. Amma, Mediasiya haqqında Qanuna əsasən mediasiya prosesi 30 gün ərzində başa çatmalıdır.
- Mediasiyanın məhkəmədən daha bir fərqi qəbul edilən qərarların xarakterindədir. Məhkəmə Azərbaycan dövlətinin adından tərəflər üçün məcburi olan bir qərar qəbul edir. Məlumdur ki, qərarla mübahisə həll edilsə də, tərəflərdən biri qəbul edilən qərardan narazı qalır. Lakin mediasiya prosesində mübahisə ilə bağlı qərarı tərəflər özləri qəbul edir, öz müqəddəratlarını özləri həll edirlər. Həmçinin məhkəmədən fərqli olaraq mediatoru tərəflər özləri seçirlər. Mediasiya könüllü bir proses olduğu üçün prosesi aparan mediator qərar qəbul etməkdə tərəflərə göstəriş verə bilməz, yalnız köməklik edir. Tərəflər istənilən an mediasiyanı tərk edə bilərlər. Tərəflər onların işlərinə istənilən mediatorun baxması ilə bağlı razılığa gələ bilərlər. Əgər mediatorun peşəkarlığı tərəflərdən hər-hansı birini qane etməzsə, və yaxud mediatorun qərəzsizliyinə şübhə yaranarsa hər hansı bir tərəf ondan imtina edə bilər, mediasiya sessiyasını tərk edə bilər. Çünki mediatorun fəaliyyəti tərəflərin etimadı əsasında həyata keçirilir. Tərəflər mediatora inanmalı, etibar etməli, lazım gələndə problemlərini onunla böluşməli, sirlərini ona açmalıdırlar. Mediator məhz həmin vasitələrdən istifadə etməklə tərəfləri barışığa gətirməlidir.
- Mediasiyanın məhkəmədən daha bir fərqi konfidensiallıqdır. Belə ki, mediasiya prosesi qapalı aparılır. Bundan başqa, mediasiya prosesində səsləndirilən bütün fikirlər, məlumatlar məxfi saxlanılır. Həm tərəflər, həm də mediator həmin məlumatların məxfiliyinə, onların yayılmamasına görə məsuliyyət daşıyır
Son olaraq qeyd olunmalıdır ki, mediasiya sahəsi üzrə əsas istiqamət tərəflərin prosesin nəticəsindən məmnun olmasıdır. Bu proses nəticəsində işdə udan və uduzan tərəf yoxdur. Hər iki tərəf öz maraqlarına uyğun olaraq qalib hesab olunur.
əlaqə vasitəsi: (+994 55) 416 31 61
mail adress: [email protected]
Fəaliyyət göstərdiyi vəkil qurumu: Bakı şəhəri 12 Saylı Vəkil Bürosu
Ünvan: Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi 57A