Tibb işçilərinin peşə bayramı münasibəti ilə tədbir keçirildi

Səhiyyə 17 iyun 2021, 10:23

17 iyun 2015-ci il tarixində Səhiyyə işçilərinin peşə bayramı münasibəti ilə Səhiyyə Nazirliyində geniş tədbir keçirildi. Tədbiri giriş sözü ilə acan nazir ilk olaraq bütün tibb işçilərini təbrik etdi onlara bu çətin və incə işlərində uğur və müvəffəqiyyətlər arzuladı: ”Əziz həmkarlar! Hörmətli tibb işçiləri! İlk növbədə sizin hər birinizi – bu zalda olan və olmayan hər bir həkimi, feldşeri, tibb bacısını, kiçik tibb işçisini, ümumiyyətlə, ölkəmizdə səhiyyə və tibb elmi sahəsində çalışan hər kəsi peşə bayramımız – Tibb İşçiləri günü münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Həkimlik çox nəcib peşədir. İnsanların sağlamlığını qorumaq, onlara ömür bəxş etmək, yaşatmaq müqəddəs və şərəfli bir vəzifədir. Və mən bütün tibb işçilərinin ilk növbədə özlərinə, ailə üzvlərinə uzun ömür, möhkəm cansağlığı arzulayıram. Bütün həkimlərə, səhiyyə sahəsində çalışan hər kəsə xoşbəxtlik, əmin-amanlıq arzu edirəm. Sizə çox şərəfli və fədakar fəaliyyətinizdə uğurlar diləyirəm.

Bu il biz Tibb İşçiləri gününü artıq 14-cü dəfədir qeyd edirik. Bu peşə bayramı ulu öndər Heydər Əliyevin Azərbaycan səhiyyəsinə hədiyyəsidir. Ümummilli liderin 2001-ci ildə imzaladığı Sərəncamla Tibb İşçiləri gününü təsis etməsi onun həkimlik sənətinə münasibətini, tibb işçilərinin zəhmətinə yüksək dəyər verməsini göstərir. Tibb işçilərinin peşə bayramı Azərbaycan Demokratik Respublikasının Səhiyyə Nazirliyinin yaradıldığı gün – 17 iyun tarixi seçilib. Bu da çox simvolikdir. Bu, bir tərəfdən bizim öz tariximizə bağlı olmağımızı göstərir, digər tərəfdən, xatırladır ki, ölkəmizdə səhiyyə xidməti necə böyük bir inkişaf yolu keçib.

İndi səhiyyəmizin hər ili, hər ayı irəliləyişlə, yeni-yeni uğurlarla yadda qalır. Ötən bir ilə nəzər salanda deyə bilərik ki, bu dövr Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin sosial yönümlü siyasəti, ölkəmizdəki ictimai-siyasi stabillik, iqtisadi inkişaf sayəsində həm bütün Vətənimiz üçün, həm də ölkə səhiyyəsi üçün uğurlu bir il olub. Dünyadakı maliyyə böhranına baxmayaraq, Azərbaycan dövləti səhiyyə sahəsində öz vətəndaşları qarşısında götürdüyü bütün öhdəlikləri yerinə yetirir.

İndi artıq əminliklə deyə bilərik ki, ölkəmizin səhiyyə ocaqlarında Azərbaycan vətəndaşlarına yüksək səviyyədə tibbi xidmət göstərmək üçün hər bir şərait yaradılıb. Bu həm səhiyyə müəssisələrinin tikintisi və əsaslı təmiri, həm müasir cihazlarla təchizatı, həm də avadanlıqla, dərman vasitələri ilə təminatına aiddir.

Əgər cəmi 5 il əvvəl biz əhalinin dövlət tibb müəssisələrinə etibarını qazanmağa çalışırdıqsa, müraciətlərin sayının çoxalmasına sevinirdiksə, indi bu vəzifələr artıq çoxdan həll edilib. Artıq ölkəmizdə əvvəllər ümumiyyətlə olunmayan çox mürəkkəb əməliyyatlar aparılır, o cümlədən böyrəkköçürmə, qaraciyər transplantasiyası, açıq ürək əməliyyatları geniş vüsət alıb, dünyanın ancaq ən qabaqcıl dövlətlərində həyata keçirilən digər çətin əməliyyatlar edilir. Bu ildən etibarən daha bir yenilik Yanıq Mərkəzində plastik rekonstruktiv cərrahiyyə əməliyyatlarının icra edilməsidir. Özü də cərrahiyyədə tək kəmiyyət artmayıb, həm də keyfiyyət yüksəlib. Yəni əməliyyatların sayı artsa da, əməliyyatdan sonra ölüm halları dəfələrlə azalıb.

Səhiyyə sahəsində dövlət proqramları uğurla yerinə yetirilir. İrsi qan xəstəlikləri ilə mübarizədə ciddi irəliləyişlər var. Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Respublika Talassemiya Mərkəzinin istifadəyə verilməsi ölkəmiz üçün aktual problem olan talassemiya xəstələrinin müalicə imkanlarını genişləndirib. Keçən ildən etibarən isə bu mərkəzdə yalnız yüksək inkişaf etmiş səhiyyəyə malik ölkələrdə icra edilən sümük iliyi transplantasiyası əməliyyatlarına başlanılıb və artıq 16 xəstəyə belə əməliyyat olunub.

Bu ildən tətbiq olunan daha bir addım da talassemiyanın profilaktikası baxımından böyük əhəmiyyət daşıyır. Belə ki, iyun ayının 1-dən ölkəmizdə nikaha daxil olan hər kəs tibbi müayinədən keçməlidir. Bu zaman onlar İİV infeksiyasına, zöhrəvi xəstəliklərə və hemoqlobinopatiyalara görə müayinə edilirlər. Bu tədbir həm adı çəkilən xəstəliklərlə mübarizədə, həm də gələcəkdə doğulacaq körpələrin sağlamlığı ilə bağlı ciddi irəliləyişlərə nail olmağa imkan verəcək.

Ümumiyyətlə, tək irsi qan xəstəlikləri üzrə deyil, səhiyyə sahəsində həyata keçirilən bütün dövlət proqramları artıq öz bəhrəsini verir. Dövlət proqramı ilə əhatə olunan bütün xəstəliklər üzrə sağlamlıq və demoqrafik göstəricilər yaxşılaşır. İldən ilə bu xəstəliklərlə, proqramların icrası ilə, dərman təminatı ilə bağlı şikayətlər azalır. İndi dövlət proqramı ilə əhatə olunan xəstəliklərin siyahısına hepatit və dağınıq skleroz da əlavə olunub.

Ana və uşaq sağlamlığı ilə bağlı ötən ildən etibarən diridoğulmanın yeni meyarlarına keçilib. Beynəlxalq səhiyyə təşkilatlarının tövsiyələrinə uyğun olan bu meyarlar müasir dövrün tələbidir. Azərbaycan səhiyyəsinin bugünkü inkişafı, xüsusiləşdirilmiş tibb müəssisələrinin avadanlıqla təchizatı bizə imkan verir ki, yeni meyarlara uyğun olaraq, vaxtından xeyli tez doğulanların da həyatı uğrunda mübarizə aparaq.

Ötən peşə bayramından keçən bir il ərzində Azərbaycan səhiyyəsində daha bir yenilik toksikoloji laboratoriyanın açılması oldu. Çox mürəkkəb, bahalı avadanlıqları olan və yüksək peşəkarlıq tələb edən bu laboratoriyanın əhalinin sağlamlığının qorunması baxımından mühüm əhəmiyyəti var. O həm zəhərlənmə hallarının araşdırılması üçün lazımdır, həm də toksiki materialların gələcəkdə sağlamlığa vura biləcəyi zərərin profilaktikası baxımından böyük önəm daşıyır.

Vətəndaşların sağlamlığının qorunması sahəsində əhəmiyyətli hadisələrdən biri də əhalinin kütləvi dispanserizasiyası oldu. Üç ay ərzində ölkə üzrə 5,4 milyon nəfər müxtəlif müayinələrdən keçirildi. Bu tədbir xəstəliklərin erkən mərhələdə aşkarlanması və vaxtında müalicəyə cəlb olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Şübhə yoxdur ki, biz yaxın gələcəkdə onun sağlamlıq göstəricilərinə müsbət təsirinin şahidi olacağıq.

Əlamətdardır ki, son illərdə tək tibbi xidmətlər deyil, səhiyyə idarəçiliyi, səhiyyə sahəsində vətəndaşların müraciətlərinə baxılması da müasir prinsiplər əsasında həyata keçirilir. Ötən ilin son günlərində istifadəyə verilən Elektron Səhiyyə Xidməti Mərkəzi buna sübutdur. Bir növ Səhiyyə Nazirliyinin “Asan Xidmət”i funksiyasını yerinə yetirən bu Mərkəz insanların bütün problemlərini yerində həll edir və şəffaflığı təmin edir.

Qeyd edək ki, Səhiyyə Nazirliyinin “Qaynar xətt”inə daxil olan müraciətləri araşdırmaq üçün yaradılan komissiya da eyni məqsədlərə xidmət edir. Komissiya vətəndaşların qaldırdıqları məsələlərə yerində baxır, şikayətləri operativ surətdə araşdırır. Bu qurum fəaliyyətə başladıqdan sonra Nazirliyin Ümumi şöbəsinə daxil olan şikayət xarakterli müraciətlərin də sayı azalıb.

Əczaçılıq sahəsində ötən bir ilin yeniliyi dərmanların qiymətlərinə dövlət nəzarətinin həyata keçirilməsidir. Bu yaxınlarda Nazirlər Kabineti tərəfindən dərman vasitələrinin qiymətlərinə nəzarət qaydadarı təsdiq edilib. Yeni qaydalar hədsiz qiymət artımını aradan qaldıracaq.

Ölkə səhiyyəsinin inkişafı üçün atılan bütün bu addımlar savadlı, bilikli, öz bilik və bacarıqlarını praktikada tətbiq edə bilən tibbi kadrların olmasını tələb edir. Son bir ildə tibb işçilərinin ixtisas səviyyələrinin artırılması baxımından da xeyli iş görülüb. Tibb təhsilində islahatlar, xaricdə təhsil, tibb işçilərinin sertifikasiyası, onlar üçün təkmilləşmə və ixtisasartırma kursları, vakant həkim yerlərinə mərkəzləşmiş imtahan yolu ilə işə qəbul kimi tədbirlər sayəsində bu sahədə böyük irəliləyiş var. Təsadüfi deyil ki, son dövrlərin ən ağır faciəsi – Binəqədi rayonunda çoxmərtəbəli binada baş vermiş yanğın və onun nəticələrinin aradan qaldırılması zamanı paytaxtın təcili tibbi yardım xidməti, tibb müəssisələrinin, xüsusən Toksikoloji Mərkəzin tibbi heyəti yüksək professionallıq nümayiş elətdirdi və çox mütəşəkkil fəaliyyət göstərdi.

Əlbəttə, belə hadisələrdə tibb işçilərinin üzərinə böyük yük düşür. Ancaq ölkəmiz üçün fərəhli və təntənəli məqamlarda da həkimlərə, orta tibb personalına ehtiyac heç də az deyil. Bu gün Azərbaycan Bakı – 2015 Birinci Avropa Oyunlarına evsahibliyi edir. Qitənin bütün ölkələrindən minlərlə idmançı, turist ölkəmizə axışıb. Bütün qüvvələr, insan resursları bu tədbiri layiqincə keçirməyə səfərbər olunub. Bu işdə Azərbaycanın tibb işçilərinin də üzərinə böyük məsuliyyət düşür. Mən əminəm ki, biz bu vəzifələrin öhdəsindən lazımınca gələcəyik.

Ölkəmizdə tibb işçilərinin nəcib və şərəfli əməyi həm əhali tərəfindən, həm də dövlət səviyyəsində həmişə yüksək dəyərləndirilir. Hər il Tibb İşçiləri günündə, bir sıra başqa əlamətdar tarixlərdə ölkə rəhbəri tibb işçilərinin təltif edilməsi barədə sərəncamlar imzalayır. Hər il onlarla həkim, orta tibb işçisi orden və medallarla, fəxri adlarla mükafatlandırılır.

Budəfəki peşə bayramı da bizim üçün Azərbaycan Prezidentinin imzaladığı sərəncamlarla əlamətdar oldu. Bu, bir tərəfdən, tibb sahəsində çalışan ən layiqli, ən görkəmli insanların xidmətlərinə dəyər verilməsidir, digər tərəfdən, ümumilikdə tibb işçilərinin əməyinə, bütünlükdə Azərbaycan səhiyyəsinə verilən qiymətdir. Biz bunu yüksək dəyərləndiririk və bunun üçün dövlət başçısına təşəkkürümüzü bildiririk. Bu təltiflər həmçinin tibb işçilərinin öz vəzifə borclarını əzm və həvəslə yerinə yetirməsi üçün bir stimuldur.

Azərbaycan səhiyyəsinin inkişafı beynəlxalq aləmdə də xüsusi qeyd olunur. Beynəlxalq qurumlar Azərbaycan dövlətinin vətəndaşların səhhətinin qorunması sahəsində fəaliyyətini yüksək qiymətləndirir, bir sıra hallarda bunu digər dövlətlərə də nümunə göstərirlər. Bu günlərdə ölkəmizdə olan Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru xanım Marqaret Çan Azərbaycan dövlətinin öz vətəndaşlarının sağlamlığına göstərdiyi diqqətə yüksək qiymət verdi.

Əlbəttə, ötən bir ilə nəzər salanda görürük ki, Azərbaycan dövlətinin qayğısı, ölkə rəhbəri cənab İlham Əliyevin məqsədyönlü sosial yönümlü siyasəti sayəsində bu gün səhiyyəmiz böyük nailiyyətlər qazanıb. Amma hələ qarşıda görüləsi işlərimiz də çoxdur. Və mən əminəm ki, biz qarşımıza qoyulan vəzifələrin öhdəsindən bundan sonra da şərəflə gələcəyik.

Bir daha sizin hamınızı peşə bayramımız – Tibb işçiləri günü münasibətilə təbrik edir, hamınıza uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq dolu həyat, yurdumuza sülh və əmin-amanlıq arzulayıram”.

Daha sonra kollegiya katibi Azərbaycan Respublikasının səhiyyə işçilərinin “Tərəqqi” medalı, “Əməkdar Həkim” və “Əməkdar Müəllim” medal və adlarla təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Sərəncamını səsləndirdi.

 

DİGƏR XƏBƏRLƏR

Loading
Top