Ford Mondeo modelinin tezliklə tarixin arxivinə göndəriləcəyi hər kəsə məlumdur.
ABŞ-da Fusion adı ilə satılan sedanın isthehsalı artıq dayandırılıb. Sedanın Avropadakı buraxılışına isə 2022-ci ilin martında son veriləcəkdir. Çində satılan Mondeo modelinin ömrünə də az qalıb.
Mondeo modelinin kross versiyasının buraxılacağı ilə bağlı şayiələr çoxdan bəri dolaşır, lakin Ford şirkəti yalnız indi bu uzunömürlü ailəni hansı modellə əvəzləmək istədiyini nümayiş etdirib.
Bu günlərdə keçirilən Şanxay avtosalonunda debüt etmiş Ford Evos kross-liftbeki buna işarə edir.
Çin bazarında satılacaq Ford Evos modelləri Changan Ford ortaq müəssisəsi tərəfindən istehsal ediləcəkdir. Kross-liftbekin satışlarının bu ilin sonuna qədər başlanması gözlənilir. Ancaq bu modelin digər bazarlarda debüt vaxtı barədə məlumat verilməyib.