Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu yaxınlarda mənzillərin onlayn qaydada satışını həyata keçirəcək.
Nazirliyin saytı vasitəsilə mənzilləri əldə etmək istəyən hüquqi və fiziki şəxslərin qeydiyyatı, elektron kabinetlərində mənzillərin satışı ilə bağlı bildirişlərin yerləşdirilməsi və onlara satışa çıxarılan mənzillərə dair məlumatlarla tanış olmaq imkanının yaradılması, mənzil seçiminin həyata keçirilməsi təmin ediləcək.
Bundan əvvəl Mənzil İnşaatı Dövlət Agentliyinin onlayn qaydada satdığı mənzillər insanlar arasında geniş müzakirələrə, narazılığa yol açdı. Belə ki, mənzillərin xüsusi botlar vasitəsilə alındığı, yaxud əvvəlcədən razılaşdırılmış şəkildə satılması ilə bağlı iddialar yarandı.
ƏƏSMN-nin təklif etdiyi variant da yenidən bu kimi halların yarana biləcəyi ilə bağlı narahatlıqları artırıb.
Mövzu ilə bağlı gundem.az-a danışan İKT məsələləri üzrə ekspert Osman Gündüz onlayn satışın ənənəvi satışla əvəz oluna biləcəyini deyib. Mütəxəssis onlayn satışa alternativlər də təklif edib:
"Onlayn satış üsulü vaxtilə korrupasiya hallarının qarşısının alınması üçün təklif olunmuşdu. Lakin son bir neçə satış göstərir ki, artıq texnoloji problem yaranır və bu üsul da tam effektiv deyil. Mənzillərin alışının hamı üçün əlçatan olması üçün hökumət lotoreya, siyahıyalınma kimi alternativ metodlar təqdim etməlidir. Əgər onlayn satış aparılarsa, yeniliklər olmalıdır. İlk növbədə kənar botların sistemə müdaxilə etməməsi üçün yeni sistem hazırlanmalıdır. Botların hazırlanması sistemə müdaxilə sayılmır, bu, sadəcə bacarıq məsələsidir. Bunun qarşısını almaq üçün ciddi tədbirlər görməlidir".
Ekspert satışın canlı yamımda göstərilməli olduğunu da deyib:
"Eyni zamanda təhlükəsizliklə bağlı əlavə imkanlar nəzərdə tutlmalıdır. Televiziyada mənzillərin satışı canlı yayımda nümayiş etdirilməlidir. Mənzillərin satışı 5-15 saniyə çəkir. Bunu efirdə insanlara göstərmək problem yaratmaz. Eyni zamanda sosial şəbəkələrdən istifadə edə bilməyən insanlar efir vasitəsi ilə onlayn satış barədə məlumatlanmalıdır. Bunu müxtəlif proqram və diaqramlar vasitəsilə etmək olar".