Etibarnamə haqda nələri bilməliyik?

Hüquq və qanunvericilik 18 aprel 2022, 15:19
Təəssüf ki, eyni zamanda bir neçə yerlərdə ola və bütün işlərimizi şəxsən həll edə bilmirik. Bu zaman köməyimizə etibarnamə çatır. Lakin etibarnamə verərkən nələri mütləq bilməli olduğumuzu öyrənmək istəyirsinizsə, bu videonu izləməyi davam edin.  Beləliklə:

1. ETİBARNAMƏ MÜLKİYYƏT HÜQUQU VERMİR və ya ETİBARNAMƏ İLƏ AVTOMOBİL ALMAYIN


Sözümüz etibarnamə ilə avtomobil alanlaradır. Etibarnamə alqı-satqı müqaviləsi deyil və onu heç bir halda əvəz etmir. Faktiki olaraq, avtomobili alıb onun əvəzinə pul ödəsəniz belə, qanuni olaraq siz aldığınız avtomobilin mülkiyyətçisinə çevrilmirsiniz. Siz sadəcə həmin əmlakı, yəni avtomobili idarə edə bilirsiniz və yaxud mülkiyyətçinin adından bir sıra əməliyyatlar apara bilirsiniz.  

Etibarnamə ilə avtomobilin alınması bir çox problemlər ilə nəticələnə bilər: əsl mülkiyyətçinin (yəni, sizə satan adamın) borclarına   görə, avtomobilin üzərinə həbs qoyula bilər, avtomoil hərraca çıxarıla bilər, mülkiyyətçi avtomoili geri tələb edə bilər, etibarnamə özü qüvvədən düşə bilər və s. Bir sözlə: avtomobil əlinizdən çıxa bilər.  Pis vəziyyətdə qalan alıcının isə yeganə çıxış yolu avtomobilə görə ödənilmiş pulun satıcıdan tələb etməkdir. Bunun üçün isə Siz məhkəməyə müraciət etməli və pulun verilməsini sübut etməlisiniz. Bu da, özü-özlüyündə çox çətin prosedurdur.

Beləliklə, etibarnamə ilə avtomobil almaqdan birmənalı olaraq çəkinmək lazımdır.
 
2.Etibarnaməni heç bir notariusa getmədən də vermək olar.  

Əgər Siz kiməsə etibarnamə vermək istəyirisinizsə, və bunun üçün notariusa getməyə vaxt tapmırsınızsa, “mobil notariat” tətbiqini yükləyin, qeydiyyatdan keçin və etibarnamənin növünü seçməklə, istədiyiniz şəxsə etibarnamə verin.
Həmçinin, bu tətbiq vasitəsi ilə, heç yerə getmədən, verdiyiniz etibarnamələri nəzarətdə saxlaya və hətta istədiyiniz vaxt həmin etibarnamələrə xitam verə bilərsiniz.

3.Etibarnamədə səlahiyyətlər yazılarkən çox diqqətli olmaq lazımdır 

Bu məsələ ən çox el arasında “generalniy” kimi tanınmış, geniş səlahiyyətər verən universal etibarnamə növlərində aktualdır. Misal: Siz xaricə getməmişdən qabaqtələsik dostunuza etibarnamə verirsiniz ki, Sizə məxsus torpaq sahəsini satıb pulunu sizə göndərsin. Amma verdiyiniz generalnıy etibarnamədə eyni zamanda, Sizin bütün əmlakınızın idarə edilməsinə dair səlahiyyətlər yazılıb. Sonra dostunuz tapşırığa uyğun olaraq, Sizin torpaq sahəsini satır və pulunu Sizə göndərir. Lakin bununla kifayətlənməyib dostunuz Sizdən xəbərsiz Sizin mənzilinizi də satır və həmin pulu mənimsəyir. İndi gəl mənzili geri al. Bu, işə çox müşkül məsələdir: bu cür alqı-satqı əməliyyatından narazı qalan mülkiyyətçi həmin alqı-satqını mübahisələndirməkdə çətinlik çəkir, çünki hər şey qanuni, yəni verilmiş səlahiyyətlər daxilində keçirilmişdir. Siz özünüz dostunuza etibarnamə vermişdiniz, o səlahiyyət isə orada yazılmışdır.Məcbur olursunuz verirsiniz məhkəməyə, məsələ uzanır və Sizin həm pulunuz, vaxtınız və ən əsası da mənziliniz əldən gedir.
 
Uzun sözün qısası: özünüzü çətinə salmayın, 1-2 əməliyyat üçün ümumi, yəni generalnıy etibarnamə verməyin. Zərurət olmadıqca isə, ümumiyyətlə, generalnıy etibarnamələr verməyin, tapşırdığınız əməliyyatları isə etibarnamədə xüsusi qeyd etdirin.
 
4.Etibarnaməni alan şəxs özü barəsində əqd bağlaya bilməz.  

Bu nə deməkdir? Sadə misal ilə izah edək. Mən Həsənə etibarnamə verirəm ki, mənim mənzilimi satsın. Həsən həmin mənzili sata bilər, lakin özünə sata bilməz, bağışlaya bilməz, bir sözlə, ona verilmiş etibarnamə ilə özünün birbaşa iştirakçısı olduğu əqdi bağlaya bilməz.
 
Nəticə: əgər kimsə Sizə “sənə etibarnamə verəcəm, mən gedəndən evi keçirərsən öz adına” deyirsə, belə vədə aldanmayın. Çünki bunu etmək mümkün olmayacaqdır.
 
5.Etibarnamədə əgər müddət göstərilməyibsə, deməli o, bir il müddətinə qüvvədədir.  

Ümumilikdə, tövsiyə edirik ki, verdiyiniz etibarnamədə onun hansı tarixədək qüvvədə olduğu, yəni etibarnamənin müddəti yazılsın. Bununla belə, əgər hər-hansı səbəbdən, etibarnamədə onun müddəti qeyd olunmayıbsa, bilin ki, etibarnamə verildiyi tarixdən bir il müddətinə qüvvədə olacaq.
 
6.ETBARNAMƏNİ VERƏN ŞƏXS ÖLDÜKDƏ ETİBARNAMƏYƏ XİTAM VERİLİR 

Ən çox verilən suallardan biri. Şəxs mənə maşın sürmək üçün etibarnamə verib, lakin bu yaxınlarda rəhmətə gedib. Həmin etibarnamə ilə indi mən avtomobili sürə bilərəm? Xeyr, sürə bilməzsiniz. Çünki etibarnamə verən şəxs ölərsə, onun verdiyi etibarnaməyə də xitam verilir.
 
7.Etibarnaməni verən şəxs istənilən zaman etibarnaməyə xitam verə bilər.  

Bəzən olur ki, bir şəxsə bəzi təcili əməliyyatların aparılması üçün etibarnamə verirsiniz. Mələsə həll olunduqdan, yəni həmin əməliyyatlar icra edildikdən sonra narahat olmağa başlayırsınız ki, birdən etibarnamədən sui-istifadə edər, ona tapşırılmamamış əməliyyatları həyata keçirər. Narahatçılığa əsas yoxdur, çünki Siz istədiyiniz an, hətta etibarnamənin müddətinin bitməsini gözləmədən belə, verdiyiniz etibarnaməyə xitam verə bilərsiniz.
 
8.Etibarnamədən imtina etmək mümkündürmü? 

Və sonda. Daha əvvəl dediyimiz kimi, etibarnaməni verən şəxs etibarnaməyə istədiyi zaman xitam verə bilər. Bəs etibarnaməni alan şəxs, onun adına verilmiş etibarnamədən öz istəyi ilə imtina edə bilərmi? Bəli, etibar edilən şəxs də eyni qaydada istədiyi zaman etibarnamədən imtina edə bilər. Əgər mobil notariat tətbiqindən istifadə edirsinizsə, siz də heç bir yerə getmədən mobil tətbiq üzərindən sizin adınıza verilmiş etibarnamədən imtina edə bilərsiniz.
 
 
Vəkil Əkbərova Leyla Mikayıl qızı
 

DİGƏR XƏBƏRLƏR

Loading
Top