Fərdi sahibkarın istifadə etdiyi əmlakların vergiyə cəlb olunması

Hüquq və qanunvericilik 20 may 2022, 15:45

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin bu məqsədlə istifadə etdiyi və öz adına olan qeyri-yaşayış sahəsi Sabail rayonunda yaşayış binasında yerləşir. İstifadə olunan əsas vəsait hansı qiymətdən vergiyə cəlb edilməlidir?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 1 yanvar 2022-ci il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, binalar istisna olmaqla, fərdi sahibkarların balansında olan əsas vəsaitlərə görə əmlak vergisi dövlət büdcəsinə ödənilir. Fərdi sahibkarın xüsusi mükiyyətində olan binalara görə əmlak vergisinin hesablanıb ödənilməsi mexanizmində hər hansı dəyişiklik yoxdur və fərdi sahibkarın mülkiyyətində olan binalara, o cümlədən qeyri-yaşayış sahəsinə görə əmlak vergisi əvvəlki qaydada bələdiyyə tərəfindən təqdim edilmiş tədiyyə bildirişi əsasında bələdiyyə büdcəsinə ödənilir.

Yuxarıda qeyd edildiyi kimi, fərdi sahibkarlar balansında olan əsas vəsaitlərə (binalar istisna olmaqla) görə əmlak vergisini dövlət büdcəsinə ödəməlidir. Bu zaman fərdi sahibkarın əsas vəsaitlərinin orta illik qalıq dəyərindən 1 faiz dərəcəsi ilə əmlak vergisi hesablanır.

Bununla yanaşı, mikro sahibkarlıq subyekti hesab olunduğunuz halda (illik gəlirləriniz 200.000 manatdan, işçi sayı 10 nəfərdən çox olmadığı halda) Vergi Məcəlləsinin 199.14-cü maddəsinin müddəalarına uyğun olaraq, əmlak vergisi üzrə vergi öhdəlikləriniz yaranmır. Belə ki, Vergi Məcəlləsinin 199.14-cü maddəsinə əsasən, mikro sahibkarlıq subyekti olan şəxslər əmlak vergisini ödəməkdən azaddırlar (mülkiyyətində olan əsas vəsaitlərin ilin əvvəlinə qalıq dəyəri 1.000.000 manatdan artıq olan şəxslər istisna olmaqla).

Əsas: Vergi Məcəlləsinin 196 və 202-ci maddələri

DİGƏR XƏBƏRLƏR

Loading
Top