Qarabağda təhsilin bərpası üçün nə etməli? - Təhsil ekspertindən təklif

Elm və təhsil 13 oktyabr 2021, 12:27
Karvannews.com təhsil eksperti Kamran Əsədovun işğaldan azad olunmuş ərazilərdə təhsilin bərpası, inkişafı ilə bağlı yazısını təqdim edir.
 
İşğaldan azad edilmiş ərazilərin quruculuğunda təhsil müəssisələrinin tikintisi, bərpası və tədrisin təşkili vacib amildir. Çünki təhsil insanların həmin ərazilərdə sürətlə məskunlaşmasına, eyni zamanda xidməti vəzifələrini yerinə yetirən əməkdaşların övladlarının təhsil almaq şəraitinin yaxşılaşdırılması üçün vacibdir.
 
Hər kəsə məlumdur ki, ölkə başçısı cənab İlham Əliyevin hazırda qarşıda dayanan ən mühüm vəzifələrdən biri işğaldan azad olunmuş ərazilərimizin bərpasıdır. Hesab edirəm ki, bu prosesdə Azərbaycan təhsili də fəal iştirak etməlidir.
İşğaldan azad edilmiş ərazilərdə xidmət keçən şəxslərin məktəbyaşlı övladlarının təhsil hüququnun təmin edilməsi, onlar üçün təhsilin əlçatananlılığının təmin edilməsi zəruridir. Buna görə işğaldan azad edilmiş ərazilərdə təhsilin inkişafı ilə bağlı tədbirlər xüsusi əhəmiyyət kəsb edir.
 
Düşünürəm ki, indiki halda Qarabağda məskunlaşacaq əhaliyə təhsil xidmətlərinin  göstərilməsi üzrə mütəxəssislərin fəaliyyətləri stimullaşdırılmalıdır. Çünki ora gedəcək müəllimlər ilkin olaraq həmin ərazilərdə yaşamaq üçün təlimlərə cəlb edilməli, onların əmək haqlarına xüsusi əlavələr edilməlidir.
 
22 sentyabrda Nazirlər Kabineti pandemiya dövründə tədrisin təşkili qaydalarına dəyişiklik etdi və ölkə ərazisində onlayn-distant təhsil ləğv edildi. Amma hesab edirəm ki, işğaldan azad edilmiş ərazilərdə xidməti ilə bağlı olan insanların ailə üzvlərinə təhsil xidmətlərinin göstərilməsi üçün onlayn-distant təhsil xidmətin göstərilməsi üçün bənd əlavə olunmalı idi.
 
İşğaldan azad olunmuş ərazilərdə məşğulluğun aradan qaldırılması baxımından eyni zmanda prioritet mövcud təhsil müəssisələrində mütəxəssislərin hazırlanması üçün Təhsil Nazirliyi Müəllimlərin işə qəbulu imtahanında iştirak edib, müvafiq balı toplayan, amma vakansiya yoxluğu səbəbindən işə qəbul olunmayan müəllimləri prosesə cəlb edə bilər.
 
Düşünürəm ki, qısa müddətdə bölgələrin ənənəvi, coğrafi və s. xüsusiyyətlərinə uyğun xüsusi profilli təhsil müəssisələrinin (məktəbdənkənar, peşə, orta ixtisas, ali) və əlavə kurslar yaradılmalıdır ki, həm yaxın zamanlarda tarixi torpaqlarına köçəcək insanların, eyni zamanda orada xidmət edən şəxslərin ailə üzvlərinin təhsil alma imkanı əlçatan olsun.
 
Bir faktı da qeyd edim ki, işğaldan azad edilmiş ərazilərdə işğaldan əvvəl ümumilikdə 259 məktəbəqədər təhsil, 673 ümumi təhsil, 40 məktəbdənkənar, 14 peşə təhsili, 7 orta ixtisas təhsili olmaqla 993 təhsil müəssisəsi fəaliyyət göstərmişdir. Əlbəttə ki, birdən-birə bu infrasturukturun bərpası mümkün deyil. Bunun üçün azı 3-5 il vaxt lazımdır. Lakin ilkin mərhələdə məskunlaşmanın həyata keçirildiyi və xidmətli şəxslərin olduğu ərazilərdə təhsil xidmətlərinin göstərilməsi təmin edilməlidir. Hətta 1969-cu ildə Xankəndində yaratdığı bir ali təhsil müəssisəsi də var idi.
 
Mənim özümün də hazırda işğaldan azad olunmuş ərazilərdə təhsilin inkişafı, tədrisin təşkili qaydaları ilə bağlı təkliflər paketini hazırlamışam, bununla bağlı layihələrimiz var. Burada 3 mərhələdən ibarət təkliflərimiz var. Yəni işğaldan azad edilmiş ərazilərdə təhsilin təşkilinin 3 mərhələdə keçirilməsini təklif edirik.
Birinci mərhələdə ora köçürüləcək, dədə-baba yurdlarına qayıdacaq şagirdlərin sayına uyğun olaraq modul tipli orta ümumi məktəblərin salınması. Birdən-birə böyük orta təhsil müəssisələrinin salınması həm uzun vaxt aparacaq, həm də tam dolmayacaq. Hazırda bilirik ki, hər rayonun nə qədər şagirdi var. İstər qoşunlarımız tərəfindən azad edilmiş Qubadlının, Zəngilanın, Füzulinin ərazisində olan şagirdlərin, eyni zamanda növbəti mərhələli şəkildə işğaldan azad ediləcək Laçın, Kəlbəcər, Ağdamın məktəblilərinin sayını bilirik. Amma bütün hər kəs ora gedəcəkmi? Bu məsələ hələ də sual altında olduğuna görə bizim təklifimizin birinci hissəsi budur ki, ilkin mərhələdə Füzuli, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçında və Ağdamda, işğaldan azad edilmiş digər kənd və qəsəbələrdə modul tipli məktəblər yaradılsın. Beləliklə də təhsil alanların təhsil hüquqları pozulmasın.
 
İkinci, bunu Azərbaycan hökumətindən xahiş edir, bəlkə də tələb olaraq qeyd edirəm ki, biz Dağlıq Qarabağın inzibati ərazisində və işğaldan azad edilmiş ərazilərimizdə bir neçə ali təhsil müəssisəsini mütləq şəkildə açmalıyıq. Nəzərə  alsaq ki, işğaldan azad edilmiş ərazilərdə məzunlar olacaq, yəni 10-11-ci siniflərdə təhsil alan abituriyentlər olacaq ki, ali təhsil müəssisələrinə daxil olmaq istəyəcəklər. Onlar paytaxt Bakıya və digər şəhərlərə getmək əvəzinə Qarabağda təşkil olunacaq universitetlərə daxil olsunlar. Yəni gələcəkdə mütləq şəkildə Qarabağ Dövlət Universiteti, Şuşa Dövlət Universiteti yaradılmalıdır. Hətta Azərbaycanın Ermənistanla sərhəd olan ərazilərində Laçında, Qubadlıda belə Müəllimlər İnstitutunun, İqtisad Universitetinin filiallarını açmalıyıq.
 
Bir daha qeyd edirəm ki, təhsil müəssisələri əhalinin məskunlaşmasına, işlə təmin edilməsinə, eyni zamanda həmin ərazilərin iqtisadi inkişafına təsir edir. Ermənilər bu istiqamətdə addım atmışdılar. Məsələn, biz Şuşada universitet açmamışdıq, amma ermənilər işğaldan sonra orada iki universitet açmışdılar. Bunlar Şuşa Texniki Universiteti, İrəvan Kənd Təsərrüfatı Universitetinin Şuşa filialı idi. Beləliklə, biz də həmin ərazidə mütləq şəkildə hərbi məktəb, ikincisi Şuşa şəhərində yerləşəcək Dağlıq Qarabağın bütün ərazisində təhsil alacaq şəxslərin ödənişsiz təhsilini həyata keçirmək üçün Qarabağ Dövlət Universiteti, Şuşa Dövlət Universiteti açmalıyıq. Həmçinin ən əsası hərbi kadrların hazırlandığı təhsil müəssisəsi, regionun kənd təsərrüfatını nəzərə alaraq orada mütləq şəkildə kənd təsərrüfatı kadrlarını hazırlayan universitet açılmalıdır.
 
Üçüncü İqtisadiyyat Universiteti, onun filialları olmalıdır. Həmçinin hüquq fakültələri açılmalıdır. Çünki şahidi olduq ki, Dağlıq Qarabağ münaqişəsi zamanı ən böyük problemlərimizdən biri həmin ərazilərdə hüquq-mühafizə orqanlarında azərbaycanlı kadrların azlıq təşkil etməsi idi. Hətta orada Polis Akademiyası da açmaq olar.
 
Prezidentimiz qeyd etdi ki, gələcəkdə ermənilər də bizimlə birgə yaşaya biləcək. Bu baxımdan çalışmalıyıq ki, rəhbər postlara təyinat üçün mütləq şəkildə daha çox azərbaycanlı kadrlar olmalıdır.
 
Məlum olduğu kimi, sovet dönəmində istər Bakıda, istərsə də digər böyük şəhər və bölgələrdə bir çox vəzifələrdə kadrlarımız az idi, daha çox ermənilər təşkil edirdi. Çünki ermənilər öz uşaqlarını universitetlərə göndərəndə biz daha çox kənd təsərrüfatı ixtisaslarına meyillənmişdik. Ona görə də təkliflərimizin ikinci hissəsi bundan ibarətdir ki, həmin ərazilərdə mütləq şəkildə universitetlərimiz açılmalıdır.
 
Üçüncü təklifimiz peşə müəssisələrinin və kolleclərin açılmasıdır. Ona görə ki, qısa vaxt ərzində həmin ərazilərdə ehtiyac duyulacaq sahələr üzrə ixtisaslı kadrlar hazırlanmalıdır.
 
Həmçinin uşaq bağçalarının açılması bizim növbəti mərhələ üçün təklifimizdir. Yəni Dağlıq Qarabağda təhsil elə bir vəziyyətə gətirilməlidir ki, 90-ci illərdə yaşadıqlarımızı bir daha yaşamayaq. Təhsil orada həm müdafiədir, həm ixtisaslı kadrdır, eyni zamanda məskunlaşmağa təsir edən birbaşa amildir. Hesab edirəm ki, işğaldan azad edilmiş və azad olunacaq ərazilərdə təhsil tamamilə yeni formatda qurulmalıdır və hökumət bu məsələni birinci məsələ olaraq ortaya qoymalıdır.
 

DİGƏR XƏBƏRLƏR

Loading
Top