Məktəbli qızlar üçün təhsil layihəsi həyata keçirilir

Elm və təhsil 17 yanvar 2022, 17:09
Avropa İttifaqının maliyyələşdirdiyi proqram çərçivəsində məktəbli qızlar üçün təhsil layihəsi həyata keçirilir.

Karvannews.com xəbər verir ki, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, BMT-nin Əhali Fondu (UNFPA) və BMT-nin Qadınlar üzrə Agentliyi (UN Women) tərəfindən həyata keçirilən “Avropa İttifaqı Gender Bərabərliyi naminə: Birlikdə gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı” (EU4GE) proqramı çərçivəsində “Müasir Gənclərin İnkişafına Dəstək” İctimai Birliyi “Azərbaycan Qadını Elmdə” (Azerbaijani Women in Science) təşkilatı ilə birgə əməkdaşlıq çərçivəsində “Fantastik dördlük“ adlı 13-18 yaşlı məktəbli qızlar üçün təhsil proqramı layihəsinin icrasına başlayıb.



Layihə 2021-ci ilin dekabr ayından start götürüb və cari ilin fevral ayına kimi davam edəcəkdir. Layihəyə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının müəllimlərinin və Dayanıqlı İnkişaf Məqsədləri üzrə gənc səfirlərin mentor qismində cəlb olunması nəzərdə tutulur. Layihə iki mərhələdən ibarət olacaq. Birinci mərhələdə əsas məqsəd seçilmiş dörd regionda – Biləsuvar, Masallı, Lənkəran və Lerikdə 13-18 yaş aralığında olan məktəbli qızlar üçün müxtəlif təlim sessiyaları təşkil etməklə onlarda elmə və təhsilə maraq yaratmaq, həmçinin gələcəyin ixtisasları, xaricdə təhsil, texnika və mühəndislik sahələrində biliklərini artırmaqla gənc qızların təhsilinə dəstək olmaq, onları gələcək həyatlarında təhsilin əhəmiyyəti haqqında maarifləndirməkdən ibarətdir. Maarifləndirmə prosesinə qızların valideynlərinin də cəlb olunması nəzərdə tutulur. Layihənin ikinci mərhələsi isə bütün ölkəni əhatə edəcək və onlayn formatda həyata keçiriləcək. İkinci mərhələdə iştirak etmək istəyən məktəbli qızlar “Mən kim olmaq istəyirəm?!” mövzusunda inşa yazaraq layihəyə qatılmalıdır.


Layihə çərçivəsində təşkil ediləcək təlim və fəaliyyətlərdən birinci mərhələdə ən azı 200 məktəbli qızın və 200 valideynin, ikinci mərhələdə isə 100 məktəbli qızın faydalanacağı gözlənilir. Regionlarda ən azı 10 icma qrupu layihəyə cəlb olunacaq və layihə iştirakçıları sırasından 20 fəal məktəbli qız seçilərək “Azərbaycan Qadını Elmdə” təşkilatının bölgələr üzrə təmsilçiləri kimi layihənin davamlılığı istiqamətində fəaliyyət göstərəcəklər. Sonradan yerli icmaların dəstəyi ilə sözügedən təşəbbüsün müxtəlif təlimlərin təşkili yolu ilə davamlılığına nail olunacaq və beləliklə layihənin əhatə dairəsi daha da genişləndiriləcək. Ümumilikdə, layihənin 2000 insanı əhatə etməsi planlaşdırılır. Proqram haqqında: Bu təşəbbüs Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, BMT-nin Qadınlar üzrə Agentliyi (UN Women) və BMT-nin Əhali Fondu (UNFPA) tərəfindən birgə həyata keçirilən “Avropa İttifaqı Gender Bərabərliyi naminə: Birlikdə gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı” (EU4GE) proqramı çərçivəsində icra edilir. Proqram ailədə və cəmiyyətdə kişi və qadın rollarına dair stereotiplərə meydan oxuyaraq və gender əsaslı zorakılığın aradan qaldırılması istiqamətində fəaliyyət göstərərək qadınlar və kişilər üçün bərabər hüquq və imkanları gücləndirməyi hədəfləyir. Proqram regional səviyyədə altı ölkədə – Gürcüstan, Azərbaycan, Ermənistan, Moldova, Belarus və Ukraynada icra olunur. Qeyd edək ki, Layihənin Lerikdə keçirilən sessiyalarında Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lerik nümayəndəliyinin tərəfdaşlığı ilə baş tutub.



DİGƏR XƏBƏRLƏR

Loading
Top