BEHİ NECƏ VERMƏK LAZIMDIR?

Hüquq və qanunvericilik 29 mart 2022, 11:01
Behi elə vermək lazımdır ki, nə pul batsın, nə də mənzil əldən çıxsın.

Başlayaq ki, mənzil almaq istəyirsiniz. Mənzil hər bir cəhətdən ürəyinizcədir, sənədləri də qaydasındadır (Yəqin ki, behi verməzdən əvvəl mənzilə dair bütün sənədləri yoxlamısınız). Bu cür fürsətin əldən çıxmasını istəmirsiniz və satıcıya beh təklif edirsiniz (misal üçün, 2000 AZN).
 
Gəldik behin rəsmiləşdirilməsinə. Bəli, beh haqda sazişin tərtib edilməsi VACİBDİR. Çünki qanuna görə, beh haqda sazişlər mütləq qaydada yazılı bağlanmalıdır. Desəniz ki, 500 manatlıq beh üçün də yazılı forma vacibdir? Bəli, əgər verdiyiniz pulun məhz beh kimi tanınmasını və Satıcının evi satmaq istəməsə Sizə verdiyiniz pulun ikiqatını qaytarmağını istəyirsinizsə, beh sazişini yazılı bağlayın (məbləğdən ASILI OLMAYARAQ). Behi ev, mənzil və ya torpaq almaq üçün verirsinizsə, həmin sazişi notarial qaydada da təsdiq etməyi unutmayın.
 
Bəs pulu (behi) hansı yol ilə satıcıya ötürək? Bir qayda olaraq, behi əlbəəl, nağd qaydada verirlər, bu, daha asandır. Əgər nağd vermək istəyirsinizsə, mütləq pulun satıcı tərəfindən alınmasını təsdiq edən kağız alın. Satıcı belə kağız vermək istəmirsə, ən yaxşısı, bank köçürməsidir, və yaxud indi ən rahat olan card-to-card əməliyyatı. Bank əməliyyatları sübutetmədə çox lazım olur.
 
Beh müqaviləsində nələri MÜTLƏQ qeyd etmək vacibdir:

- Mənzilin dəqiq ünvanı, otaqların sayı və s.detallar
- Sizin və satıcının adı, soyadı, atasının adı, ünvanı, FİN kodu
- Behin məbləği, verilmə üsulu (nağd, köçürmə və s.) və s.
 
Behin verilməsindən sonra adətən işlər dörd cür ssenari ilə gedə bilər:
1. Mənzilin alqı-satqısı baş tutursa, yekun qiymət verilən beh miqdarında azalır. Hər kəs məmnundur.
2. Əgər alqı-satqı nə satıcıdan, nə də Sizdən (alıcıdan) asılı olmayan səbəblərdən baş tutmadısa, - beh sizə qaytarılır.
3. Əgər alqı-satqı satıcının təqsiri ucbatından baş tutmadısa (misal üçün, Sizdən mənzil haqda vacib məlumatı gizlədib) - beh sizə İKİQAT qaytarılır (2000 vermisiniz, 4000 AZN alırsınız).
4. Əgər alqı-satqı Sizin təqsiriniz ucbatından baş tutmadısa (məs, almaqdan vaz keçdiniz, başqa mənzil bəyəndiniz) - beh sizə QAYTARILMIR.
 
P.S. Beh ilə yanaşı, mənzil və ya digər növ daşınmaz əmlak alarkən, ilkin satış müqaviləsinin də bağlanması olduqca vacibdir. İlkin satış müqaviləsində mənzilin satılması ilə əlaqədar bütün nüansları xırdalığına qədər yaza bilərsiniz, bu, Sizi gələcəkdə yarana bilən xoşagəlməz hadisələrdən düşündüyünüzdən daha çox sığortalayacaq.
 
Hörmətlə: Vəkil Əkbərova Leyla


 
 

DİGƏR XƏBƏRLƏR

Loading
Top