Dövlət Vergi Xidməti meyvə və tərəvəz istehsalı və ixracı ilə məşğul olan assosiasiyaların üzvləri ilə görüşüb.
Xidmətdən verilən məlumata görə, görüşdə vergi qanunvericiliyinin tətbiqi, işçilərin mövsümi işlərin yerinə yetirilməsinə cəlb edilməsi zamanı əmək münasibətlərinin rəsmiləşdirilməsi, ixrac prosesi, yerli fermerlərdən alınan məhsullara görə sənədləşmənin aparılması və bir sıra digər məsələlərlə bağlı mövcud vəziyyət ətrafında müzakirələr aparılıb.
Görüşün əsas məqsədi iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların vergi qanunvericiliyi ilə bağlı üzləşdikləri çətinliklərin və təkliflərinin öyrənilməsidir.
Sahibkarların dövlət-biznes əməkdaşlığının inkişaf etdirilməsi və vergitutma mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində rəy və təkliflərinin öyrənilməsi məqsədilə görüşlər davam etdiriləcək.