“Qadınların ailə qayğıları onların sahibkarlıq fəaliyyətinə başlamasına mane olur” - MÜSAHİBƏ

MÜSAHİBƏ 11 aprel 2022, 15:09

Karvannews.com qadınların sahibkarlıq fəaliyyətində mövcud vəziyyət, onların üzləşdikləri çətinliklər və yeni biznes imkanlarına dair Uşaq İnkişaf Mərkəzinin rəhbəri, Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının üzvü Aynur Musayevanın “Report”a müsahibəsini təqdim edir:

- Azərbaycan qadınlarının sahibkarlıq fəaliyyətilə məşğulluğunda real vəziyyət mövcud potensiala uyğundurmu?

- Əvvəlcə onu deyim ki, Azərbaycanda qadınların kiçik və orta sahibkarlıqla məşğulluğuna çoxsaylı dövlət dəstəyi mexanizmləri var. Qadınlara biznes fəaliyyətinə başlamaq və sahibkarlıq fəaliyyətini genişləndirmək üçün təlim, məsləhət, ixtisasartırma, maliyyə resurslarına və satış bazarlarına çıxış, qrant, sərgilərdə iştirak kimi dəstək xidmətlərindən istifadə imkanları yaradılıb. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Qadın Sahibkarlığının İnkişafı Assosasiyası və digər müvafiq qurumlar bu istiqamətdə fəal çalışır. Rəsmi rəqəmlərə görə, hazırda ölkəmizdə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş sahibkarların 21,4 faizi qadınlardır. Yəni, bu sahədə son illərdə müəyyən irəliləyişlər olsa da, hələ də qadın sahibkarların sayındakı artımla bağlı rəqəmlər mövcud potensialı əks etdirmir.

- Sizcə, bu nə ilə bağlıdır?

- Araşdırmalar göstərir ki, qadınları sahibkarlıq fəaliyyətindən çəkindirən səbəblər müxtəlifdir. Bunlar məlumatsızlıq, müvafiq bilik və bacarıqların olmaması, maliyyə vəsaiti çatışmazlığı, bürokratik əngəllər, rəqabətdə uduzmaq qorxusu, özünə inamsızlıq, ailə qayğılarının çox olması, ailədə dəstəyin olmaması və sairədir. Mən deyərdim ki, bu səbəblər arasında qadının biznesə başlamasına mane olan əsas amil ailədə dəstəyin olmamasıdır. Bu, həm də qadının özünə inamını sarsıdır. Xüsusən də regionlarımızda qadınlarımıza belə təzyiqlər daha çoxdur. Hələ də bəzi ailələrdə qadınların biznes ideyalarını reallaşdırmasına maneçiliklər törədilir, bu təşəbbüslərinin qarşısı alınır. Hansı ki, qadının sahibkarlıq fəaliyyəti ailənin maddi rifahının kifayət qədər yaxşılaşmasına kömək edə bilər. Kişilər düşünür ki, qadının maddi gəlirinin artması onu iqtisadi cəhətdən daha çox müstəqil edərək, ailədə söz sahibi olmaq hüququnu artıracaq. Amma Azərbaycan qadınının obrazı bu kimi bəhanələrin üzərindən xətt çəkir. Daha vacib bir məqam isə qadınlarımızın ailədə qayğılarının çox olmasıdır. Bu gün qadınlarımızın ailə qayğılarının böyük hissəsini öz üzərlərinə götürməsi onların sahibkarlıq fəaliyyətinə başlamasına mane olur. Bütün bunlar isə qadınlarımızın sahibkarlıq fəaliyyəti göstərməsi üçün dövlət tərəfindən yaradılan imkanlardan kənarda qalmasına səbəb olur. Bu istiqamətdə dövlət - özəl tərəfdaşlığı çərçivəsində atılan addımlara, beynəlxalq təşkilatların çoxsaylı təşəbbüslərinə baxmayaraq, qadın sahibkarların sayında kəskin artım müşahidə etmirik.

- Hazırda qadınların hansı sahələrdə biznes qurması üçün geniş imkanlar var?

- Pandemiyanın bizneslərin fəaliyyətində qoyduğu iz biznes ideyalara yeni baxış formalaşdırıb. Fəaliyyət sferasından asılı olmayaraq bu gün bizneslərin innovasiyalara, texnologiyalara əsaslanması şərtdir. İndi onlayn təhsil, reabilitasiya xidmətlərinin təşkili, elektron ticarət, daşınma və çatdırılma, təmizlik, turizm xidmətləri və sair sahələrdə böyük biznes imkanları mövcuddur. İnformasiya texnologiyalarının sürətli inkişafı istənilən sahədə fəaliyyət göstərən sahibkara daha çox müştərilərə çıxış üçün yeni imkanlar açır. Hesab edirəm ki, qadınlarımız da bu imkanlardan geniş şəkildə yararlanmalıdırlar. Əgər ehtiyac olarsa, bu sahədə bilik və bacarıqlarını da artırmaqdan çəkinməməlidirlər. Mən regionlarda yaşayan qadınlarımıza həmçinin aqrar turzim sahəsində sahibkarlıq fəaliyyətini nəzərdən keçirməyi tövsiyyə edərdim. Dövlətimiz tərəfindən özünüməşğulluqla bağlı həyata keçirilən proqramlar da qadınlarımıza ən müxtəlif sahələrdə biznes fəaliyyətilə məşğul olmaq üçün böyük imkanlar açır. Qadınlarımız bu proqramlarda da fəal iştirak etməklə, biznes planlarını reallaşdıra bilərlər. Çünki özünüməşğulluq layihələri qadınların əmək fəaliyyətinin artırılması üçün əlavə imkan deməkdir.

Bu gün eyni zamanda istehsal sahəsində sahibkarlıq imkanları genişdir. Xüsusən qeyri-neft sektorunda bir çox məhsulların istehsalı ilə bağlı imkanlardan yararlanmaq mümkündür. Burada ərzaq məhsullarının istehsalı və emal müəssisələrinin yaradılması, tekstil sənayesində idxaldan asılı olduğumuz məhsulların yerli istehsalının təşkilinə böyük təlabat var.

- Qadın sahibkarlar işğaldan azad olunan ərazilərimizin inkişafına nə kimi töhfə verə bilərlər?

- İşğaldan azad olunan ərazilərimizdə fəaliyyət göstərmək hər bir sahibkar üçün qürürvericidir. 30 ilə yaxın həsrətdən sonra Qarabağımızda hər hansı bir biznes layihəsini reallaşdırmaq həm də biz sahibkarların sosial məsuliyyət məsələsidir. Onu da deyim ki, işğaldan azad olunan ərazilərdə çoxşaxəli biznes imkanları mövcuddur.

Bu gün Qarabağda və Şərqi Zəngəzurda sahibkarlıq fəaliyyəti göstərmək istəyənlər üçün mühüm dövlət dəstəyi mexanizmləri var. Dövlət dəstəyi tədbirləri həmin ərazilərdə bizneslər üçün böyük səmərə vəd edir. Bu dəstək tədbirləri burada istehsal edilən məhsulların, göstərilən xidmətlərin maya dəyərinə ciddi təsir edəcək ki, bu da rəqabət üçün çox vacibdir. Düşünürəm ki, qadınlarımız da işğaldan azad edilən ərazilərimizdə fəal çalışmalı, biznes ideyalarını reallaşdırmaq üçün ciddi səy göstərməlidirlər. Bu, səmərəli olmaqla yanaşı, işğaldan azad olunan ərazilərimizin bərpası üçün çox önəmlidir. Ümumilikdə qadınlarımızın kiçik və orta sahibkarlıqla məşğulluğu yerli istehsalın genişləndirilməsi, ixracın artması, yeni iş yerlərinin yaradılması baxımından iqtisadiyyatımıza mühüm töhfədir.

DİGƏR XƏBƏRLƏR

Loading
Top