Karvannews parapsixoloq, ekstrasens Səbuhi İmanovla müsahibəni təqdim edir.
– İlk olaraq uşaqlığınızdan bəhs edərdiniz. Sizin fövqəl güclərə inamınız necə yaranıb? Uşaqlıqda paranormal hadisələr yaşamısınızmı?
– Paranormal hadisələr barədə söhbət etsək elə uşaqlıqdan danışacağam. Çünki əslində bunun kökü elə uşaqlıqdan başlayır. Uşaq vaxtı çox ağlağan olmuşam. Bir çox ağlama hallarımın səbəbini heç kim bilmirdi. Amma mən səbəbini bilirdim. Heç kəsə də deyə bilmirdim. Çünki uşaq vaxtı, təxminən 5-6 yaşlarımda mənim gözümə insanlardan əlavə ruh şəklində, ağ rəngli başqa varlıqlar da görünürdü. Gözümə görünən varlıqlardan qaçırdım, ağlayırdım. Həm də bunların nə olduğunu dərk etmirdim. Biləsuvarda kənd evində yaşayırdıq. Evin ətrafında kanallar, arxlar vardı. Mən arxın ətrafında su ilə çox oynayırdım. Fövqəl hadisələri orada çox görürdüm. Valideynlərim isə bunu xarakterimlə əlaqələndirərək ağlağan uşaq olduğumu düşünürdülər. Mənə heç kim heç bir söz demədən belə insanların üzlərinə baxaraq ağlayırdım. Elə bilirdim məni ələ salırlar, zarafat götürmürdüm. Uşaq vaxtı çox qapalı biri olmuşam. Dostlarım belə olmayıb. Ümumiyyətlə məktəb vaxtında da bir, iki dostum olub.
Paranormal hadisələr isə 20 yaşımdan etibarən başladı. Yuxularda agah olurdu. Əvvəla gecələr istəsən də yata bilmirsən. Səhər azan vaxtına qədər oyaq qalırdım. Bir neçə ay 2-3 saat yatırdım. Və həmin ərəfələrdə çox yuxu görürdüm. Gördüyüm yuxular isə gerçək olurdu. Kənddə hətta dövlətdə hansı qanunlar olacaqsa öncədən yuxumda görürdüm. Bütün bunları heçkimlə bölüşə bilmirdim. Təkcə anama danışırdım. İki il müddətində bunları anama danışdım. Daha sonra bu proseslər yuxu fazasından başqa fazaya keçdi. Artıq gerçəklidə səslər eşitməyə, görüntülər görməyə başladım. Bu real göz deyil, xəyali gözdür. Xəyali göz o qədər aktiv işləyir ki, sən bilmirsən həyatda nələr baş verir. Çünki biz bütün danışdıqlarımızı, oxuduqlarımızı xəyalən də görə bilirik. Mən ilk vaxtlar kənddə bu barədə bilən insanlardan, din xadimlərindən məlumat almağa çalışdım. Kəndin axunduna müraciət etdim. Yuxularımı danışdım və narahat olduğumu bildirdim.
– Yuxularınızı axunda deməklə bundan xilas olmaq istəyirdiniz?
– Bütün bunların nə olduğunu bilmək istəyirdim. Bunun axırına çıxmaq istəyirdim. O vaxtlarda belə xilas olmaq barədə düşünməmişəm. Çünki bu aləmə girdinsə geri çıxmaq mümkün deyil. Axund mənə dedi ki, səni aldadırlar. Mənə tapşırdı ki, bu barədə heç kəsə heç nə demə. Əslində bu bir tarixdir. Mən axundu da başa düşürəm. Ona görə belə dedi ki, insanlar məni dəli hesab etməsinlər. Özümü sakitləşdirməyi tövsiyə etdi. Mən psixoloq yanına da getsəydim axundun dediklərini söyləyəcəkdi. Mən yuxularımda cənnəti və cəhənnəmi görürdüm. Hətta quran oxuduğumu da görürdüm. Ona görə də ilk olaraq axunda müraciət etdim. Artıq məndə intuitsiya əmələ gələndən sonra bir il xəstəlik keçirdim, yerdə yatdım. Həkimlər belə çarəsini bilmədi. Mənə dedilər ki, daxildə orqanların şişir. Mən xəstəlik zamanı arıqlayırdım, üşüyürdüm, gəzə bilmirdim, gücüm qurtarmışdı. Yavaş-yavaş ayağa qalxdım. Həmin ərəfələrdə hər gün başım ağrayırdı. Həkimlər isə hər dəfə başqa diaqnoz qoyurdular. Böyrəklərimi müalicə etdim ardınca bağırsaqlarımda problemlər yarandı. Hər dəfə əks təsirlər olurdu. Günlərin bir günü rengenə getdim. Həkim mənə dedi ki, özünü mollaya göstər. Sonralar anladım ki, bütün bunların səbəbi böyük enerjidən qaynaqlanırmış. Və vücud enerjinin gücünə dözə bilmirdi.
Müsbət və mənfi enerjilər var. Hətta bu enerjilər sözlərimizdə də var. Sözlərin sehri, magiyası, hipnozu var. Mənə gələn enerji də müsbət idi. Bədənim və şüurum hazır olmadığı üçün mənə əzab verirdi. Sonra şəhərə işləməyə gəldim. Daha sonra parapsixoloqlarla, astroloqlarla tanış oldum. Kənddə sənə deyirlər ki, vergi verilib şəhərdə isə başqa cür başa düşdüm. Kənddə oturub baxıcılıq etmək niyyətim yox idi. Hətta məktəb vaxtlarında beynimdə bir plan cızmışdım. Böyüyüb jurnalist olmaq istəyirdim. Vergili adamlarla görüşüb onlar haqqında kitab yazmaq istəyirdim. Elə oldu ki, bunları mən özüm yaşadım və necə baş verdiyini anladım. Parapsixologiya ilə bağlı çoxlu kitablar oxudum. Təhsilini aldım.
– İnsanın beynindən keçmişini, xatirələrini hipnozla silmək mümkündürmü?
Freyd deyirdi ki, "İnsana əzab verən onun xatirələridir". Əgər o xatirələri silsək insan xoşbəxt ola bilər.
– Bu hipnozun gücü deyil. İnsanlar hipnozu sehrli bir şey kimi qəbul edir. Sadəcə olaraq hipnoz halında insanın beyni fərqli işləyir. Hipnoz zamanı beyin o qədər sakit olur ki, qorxunu, şübhəni, depressiyanı, neqativ halları oradan çıxara bilirsən. Ümumiyyətlə bu neqativ hallar insanın psixologiyası gərgin olanda baş verir. Şkalada elə şeylər var ki, insanı illərlə müşayiət edir. Daha sonra xronikiləşir. Bunu aradan qaldırmaq üçün psixiatrlar da hipnoz halından istifadə edirlər. Beyindən insanın bütün xatirələrini silmək də mümkündür. Amma bunu konkretləşdirsək təklik qorxusu var, ibtidai qorxular var, gələcəklə bağlı qorxular var. Hipnozla bütün bu qorxuları götürmək mümkündür. Sadəcə bu qorxular neytrallaşdırılır. Yəni, sənin yaddaşında bu qorxular qalır, hipnozdan sonra hansı qorxulardan qurtulduğunu artıq bilirsən. Şübhəsiz ki, qorxular yaddaşımızdan gəlir. Yaddaşdan çıxaran kimi qorxular da quş kimi uçub gedir.
– Mediumda, ekstrasenslikdə parapsixologiyada fövqəl gücləri olan insanlar ölülərlə transa keçə bilir. Bəs siz ölülərlə əlaqəyə keçə bilirsinizmi? Astral səyahət anlayışı da var. İnsanın yuxuda fərqinə vararaq ruhunun bədəndən çıxması və istədiyi yerə getməsi barədə nə düşünürsünüz?
– Yoxdur, bunlar yalandır. Ölü ilə əlaqəyə girmək mümkün deyil. Sadəcə ölmüş insan barəsində informasiya olduğuna görə, yaşadığı xatirələri bildiyinə görə ölülərlə görüşməyin mümkün olduğunu zənn edirlər. Məsələn, gedirsən bir şamanın yanına. Şaman deyir ki, ruh çağıracağam. Ancaq bu kökündən yalnış bir şeydir. Çağırılan varlıqlar ruh deyil, cin, şeytandır. Ölmüş insanlar artıq bizim zaman dilimində deyillər. Ekstrasensliyə yeni başlayanda ölülərlə görüşün mümkün olduğunu mən də düşünürdüm. Sonralar yavaş-yavaş mən bütün bunları insanlarla işləyərək uzun müddət eksperimentlərdən keçirdim.
– İnsanlar sizə ən çox hansı şikayətlərlə müraciət edirlər? Daha çox Ukraynada yaşadığınıza görə sizə müraciət edənləri iki yerə bölsək, azərbaycanlılarla ukraynalılar arasındakı fərq nələrdir?
– İnsanlar çox adi şeylər üçün müraciət edirlər. Azərbaycan insanı gələcəyi bilib sakit olur. Ukraynalı isə gələcəyi edib sakit olur. Ukraynalı da, bizim insanlar da şəxsi fikirlərinin və işlərinin arxasınca qaçır.
– Sizə müraciət edən insanlar arasında sizi heyrətləndirən məqamlar olubmu?
– Ukraynaya gedənə qədər belə hallar olub. Mən artıq insanı insan formasında başa düşməyə başladım. Belə hallar qara magiya sayılır. Mən belə şeyləri bir kənara qoyuram. Onları belə düşüncələrdən uzaqlaşdırmağa çalışıram. Belə insanlar çoxdur. Kiminsə uğuru var və o insanı pis yoldan çəkindirmək əvəzinə onun uğur qapısını bağlamaq istəyən insanlar olur. Onların istəklərini qəbul etmirəm. Ancaq hipnoz vasitəsi ilə onların içlərindəki acığı, pisliyi götürməyi təklif edirəm. Kiminsə ölümü üçün nə qədər istəyirsən pul təklif edən olur. Şübhəsiz ki, elə insanları fikirlərindən daşındırmağa çalışıram. Dini tanıyan, bilən adam kimi deyirəm ki, cadu ilə insan öldürmək mümkün deyil. Sadəcə buna inanmaq mümkündür.
– Məşhur adamlar arasında müştəriləriniz olubmu? O adamların istəkləri nə olub?
– Əlbəttə olub. Həmin adamlar olduğu yerlərdə qalmaq istəyirlər. Vəzifələrini daha da genişləndirmək istəyirlər. Kreslomu itirməyim və daha böyük kresloya sahib olmaq niyyəti ilə gəlirlər. Mən adam tanıyıram ki, 10 dənə villası var, villalarda heç yaşamır, kirayə də vermir. Adam azərbaycanlıdır, Almaniyada yaşayır. Bakıda yenə çox böyük bir ev tikdirir. Halbuki ev əvəzinə bir iş qurmaq olar, insanları işlə təmin etmək olar. Həmin adam ev tikdirərək xoşbəxt olur. 7-ci evimdə italyansayağı bir şey qoydurmuşam digərində fransızsayağı dizayn edəcəm. Bu tip insanların çoxu sadəcə motivasiya almaq istəyir. Mən dəfələrlə o insanlara demişəm ki, bu düzgün deyil, belə etmə. Amma həm də görmüşəm ki, müştəri kimi əlimdən çıxır. Mən daha çox səhhətlə bağlı fikirlərimi deyirəm. İndiyə qədər müştərilər arasında heç fond açmaq istəyən birini görməmişəm. Yaxud da kitab yarmarkası edən, kiminsə sağlamlığı üçün pul ödəyən adamlarla rastlaşmamışam. Həm də belə şeyləri etmək üçün soruşmağa da ehtiyac yoxdur axı. Ən çox insanlar səhhəti, kariyerası üçün müraciət edir. Məsələn, multimilyaner bir müştəri vardı, “Forbes” jurnalına düşmək istəyirdi. Jurnala düşə bilmədiyi üçün hər gün içirdi.
– Şəhərlərin ruhu haqqında danışaq biraz. İnanırsınızmı buna? Siz uzun illər Kiyevdə yaşamısınız indi isə Bakıya gəlmisiniz. İki şəhər arasında hansı enerjini hiss etmisiniz?
– İki şəhər arasında tamamilə fərqli enerjilər var. Kiyev də Bakı da güc şəhəridir. Məsələn, Kiyevdə, müharibə olmayan vaxtlarda deyirdim ki, sizə ağıllı idarəçi lazımdır. Çünki, belə idarəçiliklə ölkəni saxlamaq olmayacaq. Enerjisi çox böyük olduğu üçün buna insan başı tab gətirmir. Onlarda “lavra” deyilən bir söz var. Yeraltı monarxların yaşadığı yerdir. O vaxt onlar basdırılmayıb. Ukraynalılar lavraya inanırlar. Ölənlərin cəsədindən güc alırlar. Mən həmişə ukraynalılara zarafatla deyirdim ki, onları basdırmaq lazımdır. Deyirdilər niyə? Cavab verirdim ki, onlar basdırılmasa ölkəni dağıdacaqlar. Mən zarafatla desəm də ancaq həqiqətən insanı torpağa basdırmaq lazımdır. Belə bir düşüncə tərzi mənə həmişə qəribə gəlirdi. Axı necə ola bilər ki, ölüdən, cəsəddən nəsə diləyəsən.
Ukrayna daim üzdə qalan, hücum görən ərazidir. Çünki çox şirin bir yerdir. Kiyevin özündən qədimi bir qoxu gəlir. Şəhərin enerjisindən də qədimilik yağır. Bakı amma tamam başqa bir yerdir. Bakının enerjisi daş kimidir. Bakıya toxunmaq da çox çətindir. Amma toxunulsa orada qan görünür. Bakının enerjisində təskinlik də var. Enerjilər gün çıxandan gün batana baxır. Gün çıxan tərəf emosional tərəfdir, gün batan tərəf isə əksinə.
– Bulqakovun “Master və Marqarita” əsərində Moskvaya iblis gəlir. Əsər haqqında qeyri adi faktlar var. Məsələn, bu əsəri oxuyan adamların başına pis hadisələr gəlir. Hətta əsərə film çəkilən zaman aktyorlar qəzaya uğrayıb. Əsərlərin mistikası, sehri varmı?
– Mütləq ki, var. Əsərin sehrini mən də hiss etmişdim və yarıda saxlamışdım. Hətta filminə belə axıra qədər baxa bilmədim. Hiss elədim ki, əsəri yazan adam dəlidir. Və bu filmə baxan adam dəli ola bilər. Söhbət əsərdəki mistikadan gedir. Əslində bildiyimiz sözlərlə yazılmış əsərdir. Ancaq sözlərin yeri dəyişibdir. Çünki sözlərin funksiyası başqadır, ona görə də mistik sayılır. Maqnit sahələri künclərə baxır. Əslində sözlərin özü də bir fizikadır. Sadəcə insanlar çox dərinə gedə bilmirlər. Əsəri rus dilindən oxuyurdum. Elə ilk səhifələrdən anladım ki, burada başqa şeylər var. Sonra filminə baxmağa cəhd etdim. Bir dəfə baxdım. İkinci dəfə baxmaq istəyəndə gücüm çatmadı. Aurası həddindən artıq ağırdır. Əsərdəki iblis obrazı çox qəribə bir enerji verir. Təkcə bu kitab deyil, buna bənzər çox kitablar var.
Ümumiyyətlə mən nəsrə və şeirə fərqli yanaşıram. Şeir mənə daha yaxındır. Nəsrdə insanın psixoloji, emosional vəziyyətini açıb göstərə bilirsən. İnsan ədəbiyyat üçün bir materialdır. Məni ən çox təəccübləndirən və xoşuma gələn insan xarakteri hər hansı bir hadisəni istədiyi bir zaman çərçivəsinə yerləşdirə bilməsidir. Bu çox çətindir. Zamanla gərək sövdələşəsən.
– Zaman demişkən Heraklitin bir fikri vardı, “Zaman hər şeyi yaradır və məhv edir”. Biz indi sürətli internet əsrində zamanı necə dəyərləndirməliyik.
– Texnika əsrinə qədər olan vaxt və bir də texnika əsri var.Görürsən, biz zamanı texnikalaşdırmışıq. Və zamanı texnika ilə ölçməyə başlayırıq. Biz bunu tam ölçə bilməmişik. Bizim beynimiz hələ o qədər inkişaf etməyib. İndiki texnika dövrü bizim mənəviyyatımızı, inamımızı, imanımızı əlimizdən alacaq. Gələcəkdə çox şey adiləşəcək. Zamanı sürətlə aşan ölkələr də var, zamanda çabalayan ölkələr də. Azərbaycan şərq mühiti olaraq o zamanın içində çaşıb qalıb. Zamanı idarə etməkdən ötrü Lütfizadələri burada saxlamaq lazım idi. Onda biz zamanın üstündə olacaqdıq. İndi Rafiq Əliyevin fikirləri Yaponiyada, Koreyada, Amerikada maşınlarda tətbiq olunur. Biz hələ bilmirik o nə demək istəyir. Biz hələ ki, dünyəvi ola bilmirik. Çünki zaman dəyişəndə xalqlar, ölkələr onun təsirinə məruz qalırlar. İndiki dövr də təsirə məruz qalma dövrüdür.
– Sizin üçün həqiqət nədir?
– Həqiqət deyəndə real dünyanın həqiqətini düşünürük. Mənim üçün isə həqiqət bu dünyada olanlar deyil. Bizim zamanımızın həqiqəti deyil. Mənim üçün bir həqiqət var və o həqiqətin içində də bizim həqiqətin elementi var. Marsın öz həqiqəti, Yupiterin öz həqiqəti, Yerin də öz həqiqəti var. Zaman özü də bir yaradılışdır. Hər şey bir yaradılışdır. Və bu yaradılışları da yaradan biri var. Həqiqət bax odur. Hər şeyi yaradan həqiqətdir. Bu dünyanın ölümündə və yaşamında həqiqət təsirləri var. Amma tam həqiqət deyil. Çünki bu dünyanın həqiqəti mütləq deyil. Bu dünyada yaradanın həqiqəti mütləqdir. Böyük sirr oradadır. İnsan olaraq bu dünyanı ciddi qəbul etmirəm. Bu dünya bir səhnədir. Hamımızın bu səhnədə bir rolu var. 20 ildən çoxdur ki, bu işin içindəyəm. Dəfələrlə zənglər gəlib ki, özümü öldürmək istəyirəm. Mən də onlara izah edirəm ki, onsuz da günlərin bir günü biz hər şeyi qurtaracağıq. Çoxu bu fikrindən daşınıb.
– Elmlə mistika ayrı sahələrdir. Amma böyük mütəfəkkirlər mistikaya inanırdı. Tolstoy, Dostoyevski, Bulqakov. Onlar yaradıcılığında mistikanı da elmi də birləşdirirdilər. Elmlə mistikanı siz necə sintez edə bilərsiniz?
– Onlar ayrı deyil, birdir. Sadəcə o məqama qalxmaq lazımdır. Eynşteyin fizika alimidir. Fizika alimi Genni deyir ki, “İntuitsiya Allah vergisidir, ağıl qulluqçudur”. Biz mistikanı intuitsiya ilə tutacağıq. Ağıl ilə mistikanı tutmaq olmur. Bizim düsturlaşdıra biləcəyimiz tərz psixologiyadır. Amma başa düşə bilmədiyimiz hadisələr isə parapsixologiyadır. Psixologiya və parapsixologiya ikisi birlikdə inkişaf edən sahələrdir. Biz sadəcə parapsixologiyanı düsturlaşdıra bilmirik. Kənarda qalır. Bu o demək deyil ki, yuxu yoxdur. Sevgini, nifrəti gətirib bir düsturda yerləşdirə bilərsən? Yox, məsələn, adını depressiya qoyub illərlə pasiyentə dərman atdırırlar. Ümumiyyətlə psixatrop dərmanlar səni dərmandan asılı vəziyyətə salır. Sözlər, fikirlər bizim beynimizdə düyün düşür. Düyünü aça bilmirik. Bizə cavab lazım olduğu üçün cavabı tapa bilmirik. Həyat suallar və cavablardan ibarətdir. Biz də Azərbaycan toplumu olaraq bugünkü sualları bir ildən sonra cavablandırırıq. Biz indiyə köklənə bilmirik. Ya keçmişdə qalırıq, ya da gələcəyi istəyirik. Əslində keçmiş də, gələcək də bizim bu günümüzdür. Bunlar hamısı birlikdə həm mistikadır həm elmdir, sadəcə birləşdirmək lazımdır.
– Tanrı baş verən hadisələrə, müharibələrə, ədalətsizliklərə niyə reaksiya vermir? Niyə tamaşaçı qismində qalır? İnanclı biri kimi bu barədə nə düşünürsünüz?
– Tamaşaçı qismində qalmır, o, yaradıcı qismində qalır. Robot yaratmayıb axı. O, bizə ağıl, həyat tərzi və kitab verib. O kitabı oxuyun və başa düşün deyib. Kantın fəlsəfəsi, Nyutonun qanunu Qurandan götürülüb. Bizim başımıza gələn hər bir hadisənin səbəbkarı özümüzük. Hətta çayların daşması belə.
– Buddizmdə reankarnasiya anlayşı var.Öləndən sonra ruh başqa bir bədəndə və ya cismdə yaşamağa davam edir. Bu anlayış sizin üçün nə qədər doğrudur.
– Reankarnasiya yoxdur. Birdən-birə ruh başqa vücudlara keçə bilməz. Bizim gələcəkdə də dirilmə faktoru var axı. Artıq burada məntiq itir.
– Borxes deyirdi “Dünya Tanrının gördüyü bir yuxudur”. Onda biz də Tanrının keçmişiyik. Bu barədə nə düşünürsünüz? Elm yuxuları təstiq edə bilmir.
– İnsan öz həyatında çox şeyi anlamadığı halda Tanrının yuxusuna qədər gedib çıxır. Belə fikirlər sadəcə fantaziya məhsuludur. Bu tip sözlər xoşagələn ola bilər amma tutumlu deyil. Yuxular da parapsixologiyaya aiddir. Elm bir çərçivədir. Çərçivənin cavabı var. Cavab tapa bilmədiyimiz mövzuları elmləşdirə bilmirik. 150 il bundan öncə psixologiya da, tibb də belə idi. 200 il bundan öncə müasir dediyimiz Avropada tibbin adını tutanları din xadimləri yandırırdı. O vaxt zamanı deyildi. Fikrimcə nə vaxtsa yuxular da elmi təstiqini tapacaq.
Parapsixologiyada 6-cı çakra 3-cü göz var. İnsan bədənində çakra çoxdur. Əslində çakralar səmadan və yerdən enerji alır. Biz bəsirət gözü deyirik. Əslində bəsirət gözü deyil. Bir çox ekstrasenslər də deyir ki, mənim bəsirət gözüm açıqdır, gələcəyi görürəm. Bəsirət gözü gələcəyi görmək üçün deyil. Allahı tanımaq gözüdür.
– Son olaraq Azərbaycan haqqında proqnozlarınızı bilmək istərdik. Nə görürsünüz, nə hiss edirsiniz?
– Azərbaycanı çox böyük gələcək gözləyir. Həm torpaq şəklində, həm inkişaf şəklində, həm də böyük ruh şəklində enerji gözləyir. Böyük sturuktur dəyişiklikləri olacaq. Çox güman ki, bu il olmayacaq. Olsa-olsa gələn ildən başlayacaq. Televiziyada gördüyünüz aparıcıların heç birini 2-3 il ərzində görməyəcəksiniz. Azərbaycanda televiziya, media tamamilə dəyişib fərqli olacaq. Azərbaycanda qanunlar o qədər təmiz işləyəcək ki, insanlar qorxularından vəzifə istəməyəcəklər. Azərbaycanda torpaq işləməyə başlayacaq. Çox torpaqlar var ki, əkinsiz qalıb. Kənd təsərrüfatı da inkişaf edəcək. İşıqlı günlər gələcək. Bundan öncə isə silkələnmə olacaq. Ölkə ətrafında böyük müharibə gedir. O bizə də sıçrayacaq. Azərbaycanda çox böyük müharibə yaranacaq. Amma bizi o müharibənin qadası, dağıntıları çox tutmayacaq. Vətəndaş müharibəsi olmayacaq. Vətəndaş istəyi olacaq.
– Koronairus dünyadan nə vaxt birdəfəlik silinəcək?
– Bu ildən bütündünyada silinməyə başlayacaq. Yəni, şişirdilmiş halı götürüləcək. Yaddan çıxacaq. Çünki dünyanı başqa böyük və dəhşətli hadisələr gözləyir. Dünyanın özünə yeni quruluş, sistem gələcək. Bu da böyük xaos yaradacaq. Ukrayna-Rusiya müharibəsi Avropaya keçəcək. Azərbaycanın ətrafında müharibələr başlayacaq. Bəzi müharibələrdə Azərbaycanın özü də iştirak edəcək. Əsas odur ki, Rusiya kimyəvi silahlardan istifadə edəcək ki, bu dünyanın dəyişməsinə rəvac yaradacaq. Bizi çox yaxşı dünya gözləyir. Amma dünya ağrıdan keçməlidi. Dünyaya bir şillə lazımdır.
Söhbətləşdi: Oğuz Ayvaz, Dəniz Pənahova