Ləman Əliyeva: ”İlk doğuş prosesi heç vaxt unudulmur” - MÜSAHİBƏ

MÜSAHİBƏ 10 may 2022, 11:21
Karvannews həkim, mama-ginekoloq Ləman Əliyeva ilə müsahibəni təqdim edir:
 
- Erkən yaşda hamiləliyin əsas təhlükəsi nədir?
 
- Ümumiyyətlə insan orqanizminin inkişaf mərhələləri var. Erkən yaşda qız uşaqlarının orqanizmində inkişaf mərhələsi başa çatmamış ola bilər, bu səbəblə orqanizmin gücü hamiləliyi başa çatdırmağa yetməz və ya doğuş zamanı bir çox çətinliklə üzləşə bilərlər. Bu yaxınlarda yetkinlik yaşına çatmamış qızın doğuş zamanı özünün və körpəsinin ölümü buna misaldır.
 
- Azərbaycanda qadınlar ginekoloqa vaxtı-vaxtında müraciət edirmi?
 
- Deyərdim ki, son illərdə bir çox maarifləndirici yazılar və çıxışlarla buna nail ola bilmişik. Təbii ki, istisnalar hər zaman var.
 

- Qadınlar arasında çox söylənən bir klişe fikir var: keçmişdə qadınlar daha çox uşaq dünyaya gətirirdilər, amma daha sağlam idilər, problemləri də az idi, indi 2 uşaqla bu qədər həkimə gedirlər, problem çıxarırlar...
 
- Mənim düşündüyümə görə keçmişdə ekologiyamız bu günkü vəziyyətdə deyildi, yediyimiz qidalar da. İndi gənc nəsil daha çox ”fast-food”lara, ziyanlı içkilərə üstünlük verir. Gündəlik lazım olan vitamin və mineralları qəbul etmirlər, təmiz havada lazımi qədər olmurlar. Və sonunda problemlər meydana çıxır.
 
- Pandemiya dövründə hamilə qalmaq və ana olmaq narahatlıq yaratmır?
 
- Təbii ki, pandemiya dövründə çox ağır və çətin hallarla rastlaşdıq. Vəziyyəti kritik durumda olan, reanimasiyada yarım müalicə alan və hətta həyatını itirən hamilələr oldu. Bu günümüzə çox şükür ki, ağır günləri geridə qoyduq.
 
- Ən unudulmaz doğuş prosesiniz hansı olub?
 
- Doğuş və qeysəriyyə əməliyyatları hər biri fərqlidir, özünəməxsusdur. Hər biri ayrı həyəcan, ayrı sevincdir. Düşünürəm ilk doğuş prosesi heç vaxt unudulmur. Allah hər evə körpə səsi qismət etsin.

 

- Qadınlar hansı aralıqda ginekoloji müayinəyə gəlməlidilər?
 
- 18-50 yaş arası qadınlar 6 ay-1 il aralıqda, 50 yaşdan yuxarı qadınlar pap-smear testinin normal olduğu halda 3 ildən bir.
 
- Gələcək analar üçün hansı tövsiyyələriniz var?
 
- Hər şeydən öncə hamilə qalmadan mütləq müayinə və ehtiyac olan halda müalicə olunsunlar ki, dünyaya sağlam körpə gətirsinlər. Mən bu sözü hər dəfəsində vurğulayıram - Problemlə üzləşib çətin və stressli durumlara düşməkdən, problemin olacağını öncədən bilib tədbir almaq daha yaxşıdır!
 

DİGƏR XƏBƏRLƏR

Loading
Top