Azərbaycanlı xanım yazıçı: "Romanımı yazandan sonra həyat yoldaşımın adını unutdum" - Müsahibə

MÜSAHİBƏ 29 yanvar 2021, 10:35
Karvannews.com İsveçdə yaşayan azərbaycanlı xanım yazıçı Eluca Atalı ilə müsahibəni təqdim edir.

- İlk olaraq özünüz haqda oxuculara məlumat verərsiniz...

- Quzey Azərbaycanın Neftçala rayonun Xolqaraqaşlı kəndində doğulmuşam, BDU-nun kitabxanaçılıq fakultəsini bitirib Azərbaycan Universitetində çalışıb və kitabşünaslıq sahəsində elmi fəaliyyət aparmışam. Asif Ata Ocağının Evladıyam, əqidəcə Asifçiyəm, Mütləqə inanıram, Mütləq olanı var sayıram. 14 ildir İsveçdə yaşayıb, pedaqoji və bədii yaradıcılıqla məşğulam.
 
- Eluca adının mənası nədir?
 
- Eluca adını mənə Asif Ata Ocağa gələndə verib, elin ucası deməkdir, eli ucaldan. El evladları ilə yüksəlir, mənaya çatır. Ata da bu adı mənə verəndə belə bir yükü çiynimə qoydu. 30 ildir bu adı fəxr və məsuliyyətlə daşıyıram.
 
- Çingiz Aytmatovun bir sözü var: “Uşaqlığım mənim vətənimdir”. Bəs sizdə necədir, yazılarınızda uşaqlıq xatirələri nə qədər yer alır?
 
- Əvvəla deyim, Aytmatov sevdiyim yazıçıdır, Qırğızıstanda səfərdə olanda onun məzarını ziyarət etdim, Tanrı dağda məşhur Ata məzarlığında dəfn olunub. Səfər təəssüratımı "Zəncirini öpən qulun qiyməti nə qədərdir?" məqaləmdə yazmışam.

Açığını deyim, uşaqlığım anbaan məni izləyir, bəlkə də mən ondan ayrıla bilmirəm. Ümumiyyətlə, mənim qənaətim, kimsə uşaqlığından qaça bilməz. Çünki insanın yeniyetmə, gənclik, dolğunluq dövrü hamısı bu sadəlövh dövrünün üzərində inşa olunur. Bir binanı bünövrəsindən ayırmaq mümkün olmadığı kimi insanı da uşaqlıqdan qoparmaq mümkünsüzdür. Uşaqlıqda yaşadıqlarım dönə-dönə mənə bədii təsvirlərdə gərək olur. Kənddə böyümüşəm, təbiətə çox bağlıyam, 2 hektardan artıq bağımız vardı, çoxlu çöl və köçəri quşlarla əyani bağımızda tanış olmuşam. Bəlkə elə buna görədir, "Ənqa quşu" uşaq romanı yazdım, bioloq alim Yusif Dirili bu kitabıma bir elmi monoqrafiya həsr edərək Azərbaycan ədəbiyyatına natur fəlsəfəni gətirdiyimi vurğuladı. Romanda əllidən artıq quşun mifologiyası, həyat tərzi öz əksini tapır. Uşaqlığımın ən bariz nümunəsi olan "Gecikmiş oyuncaq" povestini yazdım. Bir oyuncaq həsrəti 40 il məni izləmişdi. Çoxlu oyuncaq alıb uşaqlara bağışlayıram, amma heç vaxt özümün oyuncağım olmamışdı. 46 yaşım olanda 3 yaşlı bir qızcığaz anasına oyuncaq aldırıb mağazadan birbaşa evimizə gəlib mənə bağışladı. Bu hadisədən bir ay qabaq anası Almaniyaya səfər edərkən mən qızcığazla qalmışdım və onun gəlinciyi ilə üçümüz bir yerdə yatmışdıq. Düşünürəm, həmin an qızcığaz mənim oyuncağa olan sevgimi duymuşdu. Axı, uşaqlarda hissiyyat çox güclü olur, çünki onlarda problem azdır. Bu mənim ilk oyuncağım oldu, saxlayıram, yazar kimi görüşlərim keçiriləndə özümlə əyani vəsait kimi götürürəm hərdən. Çünki o oyuncaq mənə bir kitab yazdırdı. Qəribədir, bu kitabı oxuyan oxucularımın bəziləri mənə oyuncaq bağışladılar, bəziləri də zarafatyana sənə oyuncaq alacam deyirlər.

- Maraqlıdır...

- Digər bir olay, birinci Qarabağ savaşından bəhs edən "Savaşda qalib yoxdur" romanımı yazanda qəhrəmanın uşaqlıq həyatını verəndə öz uşaqlığımı ora köçürtdüm, əlbəttə, üzərinə əlavə yüklər cəmləyərək, əsərin ana xəttinə xələl gəlmədən. İki əmim İkinci dünya savaşına gedib, onlardan biri geri dönməyib. Nənəm son nəfəsinə qədər onu gözlədi, can verə bilmirdi, savaşdan qayıtmayan oğlu Məmmədin böyük portretini ona göstərəndən sonra gözlərini yumdu. Bəlkə də inandı ki, o qayıdıb, rahat dünyadan köçdü. Bu mənim uşaq yaddaşımın acı xatirəsidir, amma silinməyən. O üzdən romanımda xüsusi yer aldı.
 
- Azərbaycan ədəbiyyatı haqda nə qədər bilgilisiniz? Oxuduğunuz, diqqətinizi çəkən əsərlər, imzalar varmı?
 
- Azərbaycan ədəbiyyatı qədim, orta əsr, Sovet dövrü ədəbiyyatından məlumatlıyam. Orta məktəbdə və universitetdə yaxşı tədris olunub, ədəbiyyatı qiymət xətrinə oxumamışam, təbii ki, yazmaq həvəsim məndə ədəbiyyatı mənimsəmək istəyi yaratmışdı. Müasir dövür yazarlarını ardıcıl oxumuram, parakəndə, rastıma gəldikcə oxuyuram. Çünki isveç dilində dünya ədəbiyyatını yaxşı izləyirəm deyə, müasir ədəbiyyatımza xüsusi vaxt ayıra bilmirəm. Həm də mənim işim elədir ki, mövzu üzrə dünya ədəbiyyatını izləyib təbliğ etməliyəm. Son dövr acgözcəsinə Qabriel Qarsia Markes, Rabindranat Taqoru, İvan Bunini oxudum. Bu yazarların bütün əsərlərini hardasa 20-30 il bundan qabaq oxumuşdum, amma indi içimdə bir istək yarandı ki, onların sənətkarlıq xüsusiyyətlərini öyrənim. Azərbaycan ədəbiyyatından İsmayıl Şıxlı, İsa Muğannanın əsərlərini çox bəyənirəm.
 
- Azərbaycan ədəbiyyatında qadın imzalar niyə azdı bəs?
 
- Yaralı yerimə toxundunuz. Bunun çox səbəbləri var, amma bir müsahibədə yalnız bir neçəsini demək mümkündür. Birinci və mən deyərdim əsaslardan biri, yazarlıq inqilabçılıqla çox səsləşir. Hansı mənada inqilabçılıq? Yeni cəmiyyət qurmaq və ya quruluş dəyişməkdən söhbət getmir, özünü tam aşkarlayıb əsəri yazmaq. Yazarlıq döyüşkən ruh tələb edir, təəssüf ki, hər qadın belə bir ağır yükü çiyninə götürə bilmir.

İkincisi, biz şərq qadını olaraq ailəyə, məişətə çox bağlıyıq, bu da imkan vermir, qadın daim öz üzərində çalışsın. Ailə, uşaq, məişət adamın zamanın çox alır. Vaxtı ilə bizim Evaldlardan biri bir dəfə Atadan sual vermişdi ki, "Niyə qadınların içində dahi azdır?" Ata isə: "Qadın öz dahiliyini, istedadını analığında üzə çıxarır" cavab vermişdi. Bir faktı da deyim, ədəbiyyat üzrə Nobel mükafatı almış Kanadalı qadın yazıçı Alis Munronun dörd uşağı var, o novellalar ustası kimi məşhurdur. O deyir: "Uşaqlarım çox zamanımı aldıqlarından heç vaxt roman yazmağa vaxt ayıra bilmədim."

Digər bir səbəbsə cəmiyyətdir. Yazıçı cəmiyyətə qarşı durmağı bacarmalıdır. "Qadın yazıçılara acığım tutub" adlı yazımda bu haqda müəyyən şeyləri vermişəm. Yazan zaman adam özü ilə təkbətək qalır, gərək yazan zaman ürəyində nə varsa kağıza tökəsən, ondan heç nəyi gizlətməyəsən. Amma bizim qadın yazarların əsərlərini oxuyanda sən orda özünü, qadınlığını görə bilmirsən. Elə bil bu əsəri qadın yox, kişi yazıb. Çünki hadisələrə öz gözü ilə baxa bilmədiyindən pərdə arxasından baxır.  Çünki o qadın yazar özünü əsərdə tam ifadə etməyib. İçlərində bir qorxu gəzdirirlər, "görəsən, cəmiyyət mənə necə baxacaq? Nə düşünəcək oxuyarkən?" Sən cəmiyyətin səviyyəsində çıxış etməməlisən, sən ondan yüksəyə qalxmalısan ki, onu tərbiyə edəsən, ona yeni bir düşüncə tərzi verə biləsən. Jorj Sandın həyatındakı qadın cəngavərliyini bizim qadın yazıçıları yaşaya bilmirlər. Bir də diqqət etsəniz, bizdə sənət aləmində ad-san qazanmış qadınların əksəriyyəti müstəqil həyat sürürlər, çünki bizdəki kişilər azad düşüncəli qadınları çətin qəbul edirlər.

Türkiyədə 5 kitabım yayımlanandan sonra oxucularım məndən dönə-dönə özümü qadın kimi anladacaq bir əsərimi oxumaq arzusunda olduqlarını dedilər, sizi qadın tək duymaq istəyirik kimi arzularını bildirirdilər. Mən onları tam anlayıram, çünki "Azadlıq hekayələri", "Kərküklülər - yalnız buraxılmış türklər", "Tiqranizm Xocalıda" kimi tarixi-siyasi kitablarım yayımlanandan sonra oxucularım mənim qadınlığımı maraq etdilər. Bundan sonra "Ruhu ilə oynayan qadın" romanımı yazdım, hələ də kitab yayımlanmayıb, çünki zaman lazımdır mətni redəktə etməyə. Amma kitabdan hissə-hissə yayımlanıb. İndi də oxucular sorurlar: "Bu sənin gerçək həyatındımı? Sən bunları yaşadınmı?" Əgər doğru cavab versəm, problem də yaşana bilər, doğru olanı yox, fantaziyanın məhsuludur desəm, həssas oxucunu aldada bilmərəm. Sözsüz ki, yazar gerçəklərdən bəhrələnir, amma gerçək tam bədii əsər formasında olsaydı, onda yazmağa ehtiyac olmazdı, onsuz da oxucu gerçəyi görür. Buna görə, yazar gerçəyə söykənib yeni bir aləm yaradır və oxucusunu ora salır. Təbii ki, güclü şəkildə işlənmiş bədii təsvir vasitəsi ilə.

Yaradıcılıq quruculuq tələb edir, köhnəni dağıtmalı, yeni yaratdığını oxucuya verməlisən. Ona görə də özündən qabaq yazılmışlardan fərqli yazmalısan.
 
- Sizcə, yazıçı üçün əsas olan isteddadırmı, yoxsa intellektmi?

​- Hər ikisi əsasdır, istedad yer altından çıxmış qızıl külçəsi kimidir. İntellekt onu bir zərgar kimi cilalayır. İstedad təsəvvür edin ki, bir ağacdır, intellekt sənin o ağaca verdiyin su, hava, günəşdir. Yazar üçün oxumaq, eşitmək, müşahidə etmək və oxuduğunu, müşahidə etdiyini analiz, sintez, təhlil süzgəcindən keçirməsi vacibdir. Asif Atanın bir fikri var, deyir: "Oxumaq - beynin gimnastikasıdır". Gerçəkdən də elədir, oxumasan beynin qidalanmır. Və ya məsələni belə qoyaq, şumlanmış bir torpağa su, hava, günəş şüası verək, əgər təməl hesab etdiyimiz ağac toxumu orda yoxdursa, onda orda ağac bitməz ki. Mənə qalsa, istedad əsasdır, amma hələ hər şey demək deyil. İstedadı sənətkarlığa çevirmək üçün zəhmətkeşlik lazımdır.
 
- İndiyə qədər neçə kitabınız çap olunub?

- 28 kitabım müxtəlif dillərdə yayımlanıb, 5 kitabım çapdadır.
 
- Bir az şablon və pafoslu səslənəcək, ilham pərisi filan, bu sarıdan soruşmuram, sadəcə maraqlıdır, hər qələmi götürəndə yaza bilirsiz, yoxsa xüsusi bir ovqatmı lazımdır?
 
- O zaman yazıram ki, yazmaya bilmərəm. Hər hansı bir mövzunu yazmamışdan qabaq onu beynimdə tam qururam. Mənə lazım olan ilk abzasdır, onu da bədii formada hazırlayandan sonra yazı prosesi başlayır. Yazdığım dövrdə ancaq ideya və ədəbiyyatı ardıcıl düşünürəm, yol gedəndə, yemək bişirəndə ideya mənlə birgə olur. Yazı prosesində ideya məni idarə edir, özümü onun ixtiyarına buraxıram. Elə günlər olur bir cümlə də yazmıram, o zaman kitab oxuyur, radio tamaşalarını dinləyirəm. Sizin sualınız Seyran Səxavətin Qədir Rüstəmovdan aldığı müsahibəni yadıma saldı. Vaxtı ilə "Azərbaycan" jurnalında dərc edilmişdi. Deyir: "Nə vaxtlar oxuyursunuz?" Cavab verir: "Bu idarə işi deyil ki, 8-dən 5-ə kimi oxuyasan. Nə vaxt dəmi gəlsə, çıxıram dağa, əlimi qoyuram qulağımın dibinə oxuyuram." Yazının öz dəmi var, elə ki, doldun yazmalısan. Amma hər bir kitabımın özünün yaranma tarixi və yazılma prosesi olub. Xüsusən də "Tiqranizm Xocalıda" 240 səhifəlik kitabı tam iki aya yazmışam. Bəzən gecə səhərə qədər yazıb, elə ordan da durub işə getmişəm. İşdən qayıdanda düşünmüşəm bir az dincəlim, sonra yazım. Amma o dolmaq dediyim elə səviyyədə olub ki, dincəlməyə izin verməyib. Bəlkə də bu sənətin dəlilik dövrüdür, mən bu halı su içim kimi yaşadım. Lakin kitabı bitirəndən sonra yaddaşım itdi, bir müddətdən sonra bərpa olundu. Təsəvvür edin, mətbəxə çay götürməyə gedirdim, orda durub düşünürdüm bura niyə gəlmişəm. Bir dəfə çox acınacaqlı hal yaşadım: yoldaşıma zəng edəcəkdim, telefonu açdım, nə qədər etdimsə, adın yadıma sala bilmirdim.
 
- İsveçdə sizin yazıçı olmağınıza münasibət necədi?

- Müsbət münasibət bəsləyib, insanla bağlı həyatda və dünyada nə qədər problem varsa hamısını sual formasında mənə verirlər. İsveç və ingilis dilində olan əsərlərimi oxuyub ağladıqlarını, çox yüksək hissiyyatla yazdığımı deyirlər. Üstəgəl Güneylə bağlı hekayələrimin Ümeo universitetinin doktoru, gözəl ziyalımız Səadət xanım Kəriminin yenicə çapdan çıxan "Əks-səda: Qarabağ -Təbriz-İrəvan şahidlərin gözü ilə" antologiyasında mənim də əsərlərim yer alır. Kitab imkan yaradıb tanımadığım insanlarla ünsiyyət qurum, qələm məhsullarım haqda rəyləri eşidim. Azərbaycanla bağlı sual verirlər.
 
- İsveç və Azərbaycan ədəbiyyatını necə müqayisə edərdiniz?

​- İsveç ədəbiyyatında problemin həlli üçün çıxış yolu göstərilir, Azərbaycan ədəbiyyatında tərənnüm güclüdür. Ədəbiyyat yaratmaq məqsəd olmamalıdır, məqsəd ideyadır, verəcəyin mesaj, ədəbiyyat bu yolda vasitəçidir. Ədəbiyyat məqsədə çevriləndə o cılızlaşır. Bizim zəngin klassik ədəbiyyatımız var, bu keçilməzdir. Lakin bunu da bilirik ki, Füzuli dövründə 500 şair olub, amma XVI əsr Azərbaycan ədəbiyyatı deyəndə, yalnız Füzuli yada düşür. Çünki yalnız, o, zamandan üstə qalxa bilib. Bizdə təəssüf, bu gün yazarlarımız cəmiyyətə, zamana, bu günə, şəraitə, mühitə pərçimləniblər. O üzdən kitab adlanan hadisə yaranmır. Necə yaransın? Bir halda ki, yazar özü cəmiyyətin içində gedir, üzərinə qalxa bilmir.

Sözün ucuzlaşması, mənadan ayrılması bugünkü ədəbiyyatımızda daha çoxdur, təəssüf.
 
- Əsərlərinizdə daha çox hansı mövzulara müraciət edirsiniz?

- Dünya, həyat, insan və onun ətrafında baş verən bütün hadisələr mənim mövzumdur. Əsas olan hər şeyə Mütləqə İnamın və Mütləqilik fəlsəfəsinin ölçüsü ilə yanaşmağa səy edirəm. Sözsüz, Mütləqilik ölçüsünə gələn bu dünyada heç nə yoxdur, çünki gözümüzün gördüyü olanlardır, hadisə formasında baş verir. Hadisə isə mahiyyətə çatmır. O zaman mən mahiyyətdən, yəni, olmalı olacaqdan yazmağa başlayıram. Son 5 ildə əsasən tarixi - Qarabağ, Güney Azərbaycan, soyqırımları, türkçülük, yurdçuluq mövzusundan çox yazıram. Yadınızdadırsa, siz deyən də ki, söhbətimiz ədəbiyyatdan olsun. Mən də dedim, bu əla oldu, çünki 5 ildə ancaq tarixi, siyasi mövzularda müsahibələr verirəm. Bu da yazdığm əsərlərdən irəli gəlir. Ədəbiyyat məndən ötrü ülvi bir aləmdir, həm də çox dərindir. Yazar əgər ədəbiyyatda qalmağa iddialıdırsa, onda o dərinə üzməlidir. Dərinə baş vurmaq üçün isə onun mənəvi yükü ağır olmalı, mənanı əsərlərində bədii təsvir vasitəsi ilə canlandırmağı bacarmalıdır. Son iki ildə təbiət mövzularına da müraciət etmişəm, düzdü, əvvəllər də silsilə təbiətə dair əsərlərim vardı, lakin son dövür iri həcmli əsərlər yazmağa başladım - yuxarıda dediyim kimi, "Ənqa quşu", "Dəvə quşu fermasında" kimi kitablar alındı.
 
- Sevdiyiniz ədəbi janr varmı? Özünüzü hansı janrlarda sınamısınız?

​- Fəlsəfi-bədii miniatür janrıdır, bunu özüm yaratdım. Az sözlə fikri ifadə etmək gərək olur bu janrda. 1993-cü il 4 apreldə ilk nümunəsini yaratdım, janrın adınsa Asif Ata qoydu. Bir müddət yazılarımı çap etmədilər, "Bu nədir? Ya şeir yaz, ya da esse, gətir çap edək. Bu nə əndrabadi bir şeydir..." deyirdilər. Lakin mən inadımdan dönmədim, bu janrda saysız əsərlər yaratdım. Özbəkistanın Əlişir Nəvai adına Ədəbiyyat Universitetində "Özünü gətir" fəlsəfi bədii miniatürlər kitabımı bir hadisə kimi qarşıladılar. Yenə Hindistanda benqal dilində yayımlanmış "Xoş gəldin, Ayrılıq" kitabıma Hindistan Mədəniyyət departamentindən yüksək rəy veriblər, məhz bu janrda yazılan əsərlərimə görə, benqal oxucularım "ədəbiyyatın anası" təyinini ünvanıma deyirlər. Yaradıcılıqda özünə inam və inad əsasdır.
Özümü hansı janrda sınamışam deyirsiniz, ondan artıq janrda yazıram: şeir, mənsur şeir, fəlsəfi-bədii miniatür, etüdlər, esse, hekayə, nağıl, povest, roman, dram, publisistika, elmi məqalə, monoqrafiya və s.
 
- Yazıçılar Birliyinin üzvüsünüzmü?

- Fəxri üzvüyəm, Anar müəllim İsveçə 12 nömrəli fəxri üzvülük vəsiqəsi göndərmişdi mənim üçün. Vətənimdə unudulmadığım üçün sevindim.
 
- Nobel almaq istərdinizmi?

- Ədəbiyyatın ölçüsü Nobel mükafatı olmamalıdır, mən düşündüyümə görə. İsveçli oxucularım məndən tez-tez sual edirlər: "Nə vaxt Nobel alırsan, biz də fəxrlə deyək, Nobelli dostumuz var!"  Əlbəttə, bu bir zarafatdır. Və bu suallar 2013-cü ildən sonra artdı, həmin il  fəlsəfi-bədii miniatürlərim isveç dilində kitabça formasında hazırlanıb, həmin il Beynəlxalq Kitab Günlərində görüşüm keçiriləndə kral və kraliça da iştirak etdi, əsərlərim onlara təqdim edildi. Bu haqda mətbuatda yazılar getdi.
Ədəbiyyatın meyarı inam olmalıdr, oxucuya bədii formada həll etdiyin ideya ilə inam verməyi bacarmalısan. Əslində ədəbiyyatın həll edəcəyi iki məsələ var: həqiqət və gözəllik! Əgər ədəbi əsər buna cavab verirsə, mükafata layiqdir.
    
- Feministsiniz?

- İnsançıyam! Bunun içində hər iki cins gedir.

Feminizm avropada yaranıb, zahirən qadın azaddır, açıq-saçıqlıq, filan, mən heç kəsə tabe deyiləm. Bu ideya əsasında durur. Qadın feminizm adı altında freydizm tələsinə düşüb. Bugünkü avropanın allahı, peyğəmbəri İsa Məsih deyil, Freyddir, seksualizmdir. İnanın, hərdən İsveç Tv-lərindən iyrənirəm. Guya libido insan mənəviyyatını, duyğusunu, arzusunu, iradəsini bütünlüklə idarə edir. Nəyə lazım bu qədər açıq-saçıq sənədli filmləri nümayiş etdirmək? Həyasızlıqdır! İnsanın mənəviyyatını bütünlüklə seksə bağlamaq, onu bu qədər qabardıb cəmiyyətə təqdim etmək nəyə lazımdır? Rusiyanın Putinə qarşı olan feministləri tutulduğu zaman Rusiyadan bir nümayəndə gələn kimi feministlər anadangəlmə lütlənib çıxırdılar rus səfirliyinin qarşısına. Mən bunu qadın ləyaqətinin tapdadılması hesab edirəm. Siz deyə bilərsiniz, feminizmdə yaxşı şeylər var, bərabərlik, qadın kişiyə bərabər olduğunu sübut edir, haqqını tələb edir və s. Bəli, feminizm ilk başlanğıcda bu iddia ilə yaradıldı, amma, o bu gün haqlarına sahib olub, lakin freydizmin yaratdığı qeyri-insani, insanı bütünlüklə şəhvətdən asılı edən yanlış fikirdən özünü kənar edə bilmir.
Yulian Assanjın belə bir fikri var: "Deyir, İsveçin feminist qadınları ərəb şeyxlərindən fərqlənmirlər. Ərəb şeyxlərinin qadına etdiyi zülmü İsveç feministləri kişilərə edirlər".
Bundan artıq söhbəti uzatmaq istəmirəm.
 
- Azərbaycan yazarlarına və oxucularına nə demək istərdiniz?

​- Ümumən bütün yazıçılarımıza sözüm, Azərbaycan dərdini izhar edən iri həcmli nəsr əsərlərini xarici oxucuların oxumasına ehtiyac var. Qarabağ, Güney Azərbaycanın tarixi hadisələri xaricdə bilinmir, bu mövzularda roman tipli əsərlərin çap olunması vacibdir. Bir faktı deyəcəm, 2018-ci ildə Kaliforniyada "Heykəllər niyə danışmır?" o taylı-bu taylı Azərbaycandan bəhs edən 10 novellamın cəmləndiyi kitabım yayımlanandan sonra bir saat yarım yayınevi məndən müsahibə aldı. Kaliforniya universitetinin ədəbiyyat üzrə professoru idi intervyunu hazırlayan. Dedi: "Mən bilmirdim iki Azərbaycan var, bu kitabdan öyrəndim". 20 yanvar hadisəsini bilmirdi, bununla bağlı çoxlu suallar verdi və s. Bunun kimi kitablarımız yayımlanarsa, vətənimizi, yurdumuzu qədərincə tanıda bilərik.

Gənc yazarlara sözüm, üzərlərində ciddi çalışsınlar, yorulmadan. Kitab - özünü ifadə vasitəsidir, o üzdən kitab yaradıcılığı ciddiyyət tələb edir. Ədəbiyyatın gücü böyükdür. Siz təsəvvür edin, Viktor Hüqonun "Edama məhkumun son günü" kitabı çap olunandan sonra bir çox ölkələrdə ölüm cəzası ləğv edilib. Əsərdə insan, cəmiyyət, cinayət, hüquq, haqq, hakim kimi mövzular həll olunub.

Asif Ata deyir: "Kitab hadisə olmalıdır". Mən ədəbiyyatı yeni hadisə yaradacaq bir hal kimi qəbul edirəm. Yəni, oxcunu öz aləminə salıb, özü ilə başqa bir dünyaya apara bilən. Bədii ədəbiyyatı çoxları söz yığını kimi təqdim edir. Ata deyir: “O yerdə ki, fikir bitdi, sözü kəsmək lazımdır. Söz fikrə qulluq etməlidir". Bizdə hamı yazır, hamı söz deyir, amma sözün ağırlığı görünmür. Bu gün bizdə pulun dəyərdən düşdüyündən gileylənirlər, amma mən deyərdim, Azərbaycanda ən çox dəyərdən düşən sözdür. Söz var, təəssüf, o şəkillənmir, əmələ keçmir. Söz əmələ keçməyəndə onun dəyəri olmur. Söz dedin və ya etdin, ikisi bərabərləşməlidir.

Oxucularımdan istəyim, passiv müşahidəçi olmasınlar, yaradıcı oxucu olsunlar. Az oxuyub, çox düşünsünlər. Ucdantutma əllərinə keçən hər şeyi oxuyub ömürlərini hədər etməsinlər, məna ilə yüklü əsərləri oxumağa cəhd etsinlər və oxuduqlarında özləri rol almağa çalışsınlar. Oxucu kütləsi dediyimiz insandır, yazıçının məqsədi kütləni xalq kimi yetişdirmək olmalıdır. Bilirəm, deyəcəksiniz, bu ağır işdir. Bəli, yazıçı ağır işlə məşul olmalıdır, yüngül işləri hər kəs bacarır.

Söhbətləşdi: Oğuz Ayvaz

DİGƏR XƏBƏRLƏR

Loading
Top