Oğuz Ayvaz: "Evlilik bizi ədəbiyyatdan uzaq salıb" - Müsahibə

MÜSAHİBƏ 05 fevral 2021, 14:29
Qaynarinfo gənc şair Oğuz Ayvazla müsahibəni təqdim edir.

- Oğuz, sən ədəbi mühitdə çoxdan tanınırsan. Uzun zamandır yazırsan, jurnalistika fəaliyyəti ilə məşğulsan. Amma özün də qəbul edərsən ki, sanki bir az parlaya bilmirsən. İstedadın bura qədərdir, yoxsa başqa amillər var, səni görməzdən gəlirlər?

- Mənim ədəbiyyata gəlməyim tamamilə taleyimlə bağlıdır. Yeniyetməlik vaxtlarımda futbol fanatı olmuşam. Hətta Bakının "İnter” klubu məni kəşf eləmiş, yoxlanışa çağırmışdı. Oyunda 4 qol vuraraq məşqçilərin gözünə girmişdim, amma atam futbolçu olmağımın qarşısını kəsdi. Təhsil almağımı, universitet bitirməyimi istəyirdi. Futboldan sonra onsuz da nə düz-əməlli təhsil ala bildim, nə də universitet bitirə bildim. Anamın intiharından sonra şeir yazmağa başladım. Bu əlaqəni sonralar başa düşdüm. Travma içimdə yazmaq istəyi yaratdı. İndi şeir yazmaq istəyim içimdən çıxıb gedib. İsətəsəm, qısa zamanda tanınar, fenomen olardım. Ucuz şöhrət axrasınca getməmişəm heç vaxt. Ədəbiyyatın missiyası yazmaqdır, vəssalam.

- Bəs, nə yazırsan? Göründüyü qədər nəsr nümunən də yoxdu, belə çıxır ki, "ədəbiyyatdan getmisən?" Ya keçici tükənmək sindromu yaşayırsan?

- Ədəbiyyata gəlib-gəlmədiyimi ancaq zaman göstərəcək. Çünki bir-iki yaxşı şeirim var. Hazırda romanımın üzərində çalışıram. "Bir dəlinin gündəliyi” adlı əsər. 19 yaşımda dəlixanada yatmışam, orda gördüklərimi yazıram. Palatada hər cürə insan tanıdım. Tükənmək deyil bu, yaradıcı əzabıdır. İstedad həm də əzabdır. Onu çiyinlərində daşımaq asan məsələ deyil. Müəyyən zamanlarda yaradıcı insanlar o boşluğa yuvarlanır. Bu cür məqamlarda onlar özlərini çox lazımısız, məzmunsuz hiss edirlər. Çünki yarada bilməmək onlar üçün ağrılı bir prosesdir.

- Oğuz, bəzən sənin və qardaşın Ayxan Ayvazın haqqında bu cür fikirlər də səslənib. "Onlar atalarına görə tanınıb, ataları yazıçı olmasa, onlar da tanımayacaqdı" və s. Nə dərəcədə düzgündür? Bəlkə gözünüzü açıb görmüsünüz atanız yazır, siz də yaza bilmisiz və atanıza görə tanınmısınız? Ən azından atanızı çox adam tanıyırdı, məşhur yazıçı-şairləri uşaqlıqdan görüb tanımısınız...

- Mənim Bakıyla, teatrla, kinoyla, musiqiylə tanışlığım atamla bağlıdır. Əlimdən tutub şəhərə aparardı məni. Sovetin son nəfəsi, qoxusu yaddaşımın bir küncündə ilişib. Bakının dolanbac küçələri, nimdaş geyimli adamlar, qatarlar, küçələr... Bu görüntülər uşaq yaddaşıma yazılırdı və atam sanki məni həmin xəyalındakı şəhərə aparırdı. Sonra böyüdüm. Atamdan uzaqlaşdım. Yeniyetməlik vaxtlarım daha ağır keçdi. O şəhərdən qopub kirli dünyaya ayaq basdım.
Atam heç günü bu gün də yetərincə tanınmır. Ayxanla mən ondan daha çox tanınırıq. Bu, başqa bir məsələdir. Atam şöhrəti, tanınmağı sevməzdi. Televiziyadan verlişə çağırırdılar, hər dəfə də deyirdi, səhv düşmüsünüz. Qaldı ki, atama görə tanınmağımız, qətiyyən razı deyiləm. Mən atamın sağlığında yazmırdım, yuxarıda dediyim intihar hadisəsi məndə yazmaq istəyi yaratmışdı.

- Roman yazdığını dedin. Həyat yoldaşın Dəniz Pənahova da yazıçıdır. İki yaradıcı adamın evli olması, bir damın altında yaşaması rahatdırmı? Maraqlıdır, heç ədəbiyyat problemi olur aranızda, yoxsa sən də "əşşi, qadındır da, çox ciddi nə yazacaq ki" deyirsən?

- Həyat yoldaşımla bizi birləşdirən sevgidən əvvəl ədəbiyyat oldu. Dəniz mənim şeirlərimdən xəbərdar idi. Şeirlərimi çox sevir. O məndən daha istedadlıdır, inanıram ki, gələcəkdə gözəl əsərlər ortaya qoyacaq. Evlilik bizi ədəbiyyatdan uzaq salıb. Gündəlik məişət qayğıları, qızımız, işimiz bizi xeyli məşğul edir. Çalışdığımız qədər məişətin əsirinə çavrilmirik. Hazırda qızım nənəsigildə olduğundan Dənizlə filmə baxır, kitab oxumağa vaxt tapırıq. Demirəm ki, evlilik güllük-gülüstanlıqdı, amma insanın ən zəyif yerində vurulduğu anda köməyə çatır. Bəzən ədəbi polemikalarımız olur, mübahisələr edirik.

- Oğuz, sən daha çox pessimist, özünə qapanıq biri kimi tanınırsan. Həm işlədiyin yerlərdə, həm də dost-tanış arasında. Bu da ədəbiyyatdan qaynaqlanır? Ətrafının ədəbi mühitdən təşkil olunduğunu nəzərə alsaq, bəzən bu təbiətinə görə münasibətlərin də korlanır. Haqqında bu barədə mənfi sözlər işlədilir. Razısan, yoxsa səni nələrəsə görə gözü götürməyənlər, çıxdaş etmək istəyənlər var deyə belə deyirlər?

- Təbiətcə ovqat, duyğu adamıyam. Məni incitmək çox asandır. Enerji ala bilmədiyim adamla qətiyyən münasibət qurmuram. İnsanları yetərincə tanıdığıma inanıram. Onların iç dünyası ilə üzləşmək sarsıdıcıdır. Əslində pessimist biri deyiləm, düşdüyüm mühitdə az da olsa işıq, müsbət enerji görməyəndə içimə qapanıram. Hər kəslə yola gedəcək bir adamam. Di gəl ki, adamları da çox yaxşı tanıyıram. Ona görə də onlarla yaxınlıqdan yorulmuşam. Belinski deyirdi ki, insan inkişaf elədikcə ətrafı azalır.

- Oğuz, atan barədə bir az da danışaq. Daha dəqiq, atan, ədəbiyyat və bunun da fonunda sən. Vaxtında atanın dost-tanışı dünyasını dəyişəndən sonra maraqlandılarmı sizinlə? Söhbət ədəbiyyatçı dostlarından gedir. Bu barədə bir dəfə sosial şəbəkədə söhbət düşəndə dedilər, sizə dəstək duranlar içində AYB-də var. Amma sizin AYB-yə münasibətiniz fərqlidir.

- AYB onsuz da həmişə tənqid olunub. Bir çox gənclər tənqid edib müəyyən məsələlərə görə. O cümlədən mənim qardaşım da. Buna görə başı da ağrayıb. Amma mən özüm şəxsən heç vaxt AYB ilə konfliktdə olmamışam. Mənə maraqlı deyil, ümumiyyətlə, AYB bitib. Mənə heç təqaüd də verməyiblər. Ora dövlət qurumudur, tənqid olub, həmişə də olacaq. Mənim üçün əsas və ancaq yazmaqdır. Amma dəstək, dediyim kimi olub. Ayxana təqaüd verildi, ümumi müəyyən məbləğdə pul verildi, onun sayəsində özümüzə bir az şərait də qura bildik ev məsələsində. Belə də. Nə deyim? Artıq söz deyə bilmirəm.

- Dedin ki, sən yox, amma qardaşın tənqid edib həmişə. Bunu da görmüşük. Həm də deyirsən, başı ağrıyıb buna görə. Niyə ki? Nə ediblər? Nə kimi maneə törədib AYB? Ailə olaraq etirazınız nəyədir? Sizə olan dəstəyin az olduğunu düşünürsüz, yoxsa ədəbiyyat adına?

- AYB heç bir maneə törətməyib bizə. Ailə olaraq da heç bir etirazmız yoxdur. Sadəcə, gənclər AYB-ni tənqid eləməklə gündəmə gəlməyəcəklər. Bu söhbətlər artıq köhnəlib.

- Yazdığın roman haqqında nə düşünürsən bəs? Səncə, ədəbi mühitdə hadisə yarada biləcəkmi şeirdən nəsrə keçməyin? Əminsən özünə, yoxsa elə mövzudur yazırsan?

- Əgər pandemiya bitsə, düşünürəm ki, romanım xeyli səs-küy yaradacaq. Çünki avtobiqrafik romandı. Yaşadıqlarımı yazmışam. Dəlixanada gördüklərimi unuda bilmirəm. Bəlkə o roman işıq üzü görəndən sonra müəyyən qədər unudam.

- Müsahibə üçün təşəkkür edirik, Oğuz. Uğurlar romanında da.

- Xoşdur. Minnətdaram.

DİGƏR XƏBƏRLƏR

Loading
Top