Azərbaycanlı memar: “Dünyada Bakı kimi zəngin memarlıq nümunələri olan şəhər yoxdur” – Müsahibə

MÜSAHİBƏ 22 aprel 2021, 10:38
Karvannews Memarlar İttifaqının və Rəssamlar İttifaqının üzvü, memar Yeganə Abdullayeva ilə müsahibəni təqdim edir.

- Memar olmaq sizin üçün bir seçim oldu yoxsa tale bu sənəti qarşınıza çıxardı?


- Memar olmaq mənim üçün bir təsadüf deyildi. Həm ata, həm anam, dayılarım, babam da yaradıcı insanlar idi. Ümumiyyətlə yaradıcı nəslin nümayəndəsi olduğumdan bunun bir genetik köklərə dayandığını qeyd etmək istəyirəm. Babam Əli Heydərov memar idi və demək olar bizdə hamı rəsm çəkmək, şer yazmaq istedadına malik idi. Uşaq vaxtlarımdan valideynlərim bu potensialı məndə daha çox olduğunu hiss edib rəssamlıq məktəbinə yazdırmışdılar. Orta məktəb təhsili ilə yanaşı 5 il Ə.Quliyev adına Mədəniyyət evinin nəzdində Rəssamlıq məktəbini oxumuşam. Təsadüf o oldu ki, müəyyən səbəblərdən Pedoqoji Universitetdə oxumalı oldum. Fərqli və yaxşı şəkil çəkmək qabiliyyətim olduğu üçün orada da rəsm müəlliməmiz Nazilə xanım mənim ilk sərgilərimi təşkil etməyə başladı. Davamlı sərgilərdən sonra Universiteti bitirib Ə.Əzimzadə adına Rəssamlıq kollecinə, “dizayn” fakultəsinə daxil oldum. Daha sonra Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “memarlıq” fakultəsində “memar-rəssam” ixtisasına yiyələndim.
 
- İlk layihəniz hansı olub?

- Xatırlayıram, ilk memarlıq layihəmi riyaziyyat dəftərinin vərəqində çəkmişdim. (gülür) Qonşuda iki qızı ilə yaşayan qadın vardı. Onun istək və arzusu ilə otaqları, sanuzel qovşağını primitiv şəkildə də olsa sevə-sevə layihələndirmişdim. Üstündən çox illər keçib, amma o qadınla hər dəfə rastlaşanda onun evini mənim layihələndirdiyimi fəxrlə vurğulayır. Təbii ki, mənim də ilk işim olduğu üçün o xanıma qarşı bir doğmalıq hiss edirəm. Zaman keçdikcə öz evimin, yaxın qohumların evinin sxemlərini çəkirdim. İlk satılan rəsm əsərimi isə atam almışdı...
 
- Memarlıq da sənətin bir qoludur. Daha çox rəssamlıqla bənzərlikləri var...

- Memarın mütləq rəssamlıq təhsilinin olmasının tərəfdarıyam. Rəssamlıq hər bir rəssamın düşüncə mənbəyidir. Memar da rəssamdır. Rəssamlıq memar üçün bir neçə baxımdan vacibdir. Yaradıcı insan rəsmlə fikrini formalaşdırır. Texniki cizgilər və 3 ölçülü görüntülər isə sonradan rəsmin əsasında yaradılır. Rəqəmsal texnologiya, kompüter qrafikası rəssamlığı əvəz edə bilməyən konseptual bir vasitədir. Rəssamlığı bacaramayan memarı təsəvvür etmək çətindir. Çünki, qeyri standart düşüncə, koloristika, kompozisiyanın qurulması, mütənasibliklər dizayn və memarlığın təməlidir. Nəticədə daha gözəl, gözoxşayan, dolğun, əsaslı həll olunmuş dizayn alına bilir.
 
- Sizcə, müasir memar necə olmalıdır?

- Müasir memar psixoloq olmalıdır. Çünki indiki zəmanədə informasiya çoxluğu ilə əlaqədar demək olar ki, doxsan faiz əhali psixoloji sarsıntı içindədir. Və onlar bunun fərqindədirlər. Son vaxtlar psixoloqlara müraciətlərin də çoxalması bu qənaətə gəlməyə əsas verir. Bu baxımdan mənzil çox vaxt keçirilən məkan kimi sakinlərin psixologiyasına təsir edə bilir. İstifadə olunan rənglər, formalar, işıqlar insanın səhhətinə təsir etdiyindən, memar da sakinlərin psixoloji durumunu aydınlaşdırıb dizayn layihəsi təqdim edərsə qan dövranını, ağrılarını, yeniyetmələrin xasiyyətinə belə müdaxilə edə bilir. Düzgün psixoloji analiz edə bilən memar gələcək xoşbəxt ailənin təməlini qoymuş ola bilir.
 
- Bakı sənayə şəhəri olub. İndi isə günü-gündən inkişaf edir, gözəlləşir. Sizcə Bakı memarlıq üslubu və arxitekturası baxımından necə bir şəhərdir?

- Bütün dünya bilir ki, Bakı dünyanın nadir tolerant və multikultural diyarlarından biridir. Hələ Sovetlər dönəmində Bakı beynəlmiləl şəhər adlanırdı. Burada bütün dinlərə sitayiş edən sakinlər var və onların mədəniyyətinə aid tikililər əsrlər öncə inşa edilmiş, hələ də qorunub saxlanılır. Multikurallıq memarlıq abidələrimizdə də özünü göstərir. Roman üslubunda inşa edilmiş Qız qalasının tarixindən bu yana müxtəlif dövrlərdə Azərbaycana xaricdən gələn tendensiyalar da Bakımızın arxitekturasına da çox təsir etmişdir. Orta əsrlərdə şərq mədəniyyəti, XVIII əsrin sonu, XIX əsrin əvvəllərindəki neft bumu zamanı avropa mədəniyyətinə aid ar nuvo üslubu, 30-40-cı illərdə konstruktivizm, 40-50-ci illəri əhatə edən Stalin tikililəri, post-modernizm və müasir dövr memarlığı Bakının zəngin memarlıq muzeyinə bənzədir. Dünyada Bakı kimi zəngin memarlıq nümunələri olan şəhər demək olar ki, yoxdur. Bu bizim üstünlüyümüz olduğundan hesab edirəm ki, onun dəyərini bilib qorumaq hər birimizin borcudur.
 
- Müasir şəhərsalmada əsas nəyə üstünlük verilməlidir?

- Prezidentimizin verdiyi son qərarına əsasən ağıllı kəndlər, şəhərlər salınmağa başlayıb. Bu müasir şəhərsalmanın əsas ünsürləridir. Eyni zamanda müasir şəhərsalmada əlilliyi olan insanların, uşaq arabası və ya sağlam həyat tərzini tərcih edən velosipedçilərin rahat hərəkəti nəzərə alınmalıdır. Bu zaman süni intellektlərdən istifadə olunacaq və demək olar ki, proseslərin əksəri avtomatlaşacaqdır. Lakin bütün bunlarin tətbiqi zamanı milli-mədəni irsimiz qorunmalı, gələcək nəslə köklü şəkildə ötürülməlidir.
 
- Azərbaycan memarları iddia edirlər ki, Tac Mahalı Azərbaycan memarları tikib. Bu nə dərəcədə real faktdır?

- Tac Mahal Hindistanda yerləşən tikilidir. Dünyanın yeni yeddi möcüzəsindən biri hesab olunub. Bəzi fərziyyələr görə bizim Təbrizdən gətirilən türk memarlarının yaratdığı bu tikili dünyanın ən gözəl, ən möhtəşəm türbəsidir.

Tac Mahalın memarlığına baxdıqda və onu Hindistanın başqa abidələri ilə müqayisə etdikdə, onun digər Hindistan tikililərindən fərqli olduğunu görərik. Bu səbəbdən bəzi fərziyyələrə görə Tac Mahal  Hindistan memarlığı deyil, müsəlman memarlığıdır. Tac Mahalın elementlərini bizim Xan Sarayı ilə müqayisə etdikdə, görmək olur ki, tağların konturu, abrisi çox oxşardır. Bu, Təbriz məktəbidir. Onların öz araşdırmalarının nəticəsinə görə isə XV əsrdə inşa edilən bu sarayı tikənlər Memar Sinanın tələbələrindən olan memar Məhməd İsa Əfəndi və onun dəstəsi idi.
 
- Sizcə, Qarabağın yeni görkəmi necə olacaq? Şuşa, Laçın, Kəlbəcər və digər rayonlar...

- Şuşanın və digər işğaldan azad edilən ərazilərimizin tarixi memarlığı gözlənilməlidir. Milli memarlıq abidələri ilə zəngin olan və sabit memarlıq ənənələrinə malik Qarabağ zonasına əsrlər keçsə də Avropa memarlığı təsir edə bilməmişdir. Ta qədim zamanlardan Qarabağın özünün yerli üslubları var idi. Hələ XIX yüzilin ortalarında Qarabağda özünəməxsus memarlıq məktəbi yaranmışdır. Kərbəlayı Səfixan Qarabaği onun ən görkəmli nümayəndəsi olmuşdur. Memarlıq üsullarında yerli ənənə və prinsiplərə axıradək sadiq qalan Kərbəlayi Səfixan Bərdədə İmamzadə kompleksini yenidən qurmuş (1868), Ağdamda məscid (1868-1870), Şuşada Aşağı məscid (1874-1975), Yuxarı məscid, yaxud Cümə məscidi (1883) və məhəllə məscidləri, indiki Füzuli şəhərində Hacı Ələkbər məscidi (1890), həmin rayonun Horadiz (1891-1908) və Qoçəhmədli (1906) kənd məscidləri Oddesada Tatar məscidi (1870 illər), Aşqabadda Qarabağlılar məscidi (1880 illər) və s. binalar tikilmişdir. Bu ənənəyə sadiq qalaraq Azərbaycanda memarlığı bu yönümdə inkşaf etdirməyimiz sonrakı qərinələrdə də iz qoymağımıza səbəb olacaqdır.
 
- Oranın keçmiş memarlıq üslubu hansı formada qorunmalıdır? Milli ənənə ilə yanaşı hansı müasir, Avropa standartları uzlaşmalıdır?

- 1990-ci illərdən sonrakı iqtisadi dirçəliş ölkəmizdə memarlığın, o cümlədən də dizaynın keyfiyyət göstəricilərinin təkmilləşdirilməsinə və inkişafına səbəb oldu. Keyfiyyət və kəmiyyətcə yeni olan məhsullar materiallar idxal olunmağa başladı. Yerli bədii konstruksiyalaşma da qlobal dizayn sisteminə inteqrasiya etməyə başladı. Bu prosesdə Azərbaycanda milli memarlıq nümunələrinə müraciət edilmədiyindən müasir memarlıq bir növ bizi özünəməxsusluqdan uzaqlaşdırdı. Bu halın Qarabağ memarlığına da yansımaması üçün yerli ornament, xalşa və ya bəzi abiddələrimizi bəzəyən naxışlar, gübəz, tağlar, minarələr və bu kimi milli elementlərimizlə sintez olunaraq yeniliklər edilməsinə diqqət yetirilməlidir.

Yeni, milli turizmi yaratmaq və inkişaf etdirmək lazımdır!

Azərbaycan dilinin, mədəniyyətinin qorunub inkişaf etdirən müstəqilliyimizin, vahid dövlətçilik ənənələrimizin, milli birliyimizin ən başlıca simvollarından istifadə edilərək yeni abidələr layihələndirilməli, iqtisadiyyatımızın dirçəlməsi üçün milli turizmin təməli qoyulmalıdır.

Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında dövlət təbiət qoruqları və yasaqlıqlar olub. Hazırda həmin ərazilərdə ilkin qiymətləndirmə işlərinə başlanıb. 
30 ilə yaxın müddətdə Qaragöl və Bəsitçay Dövlət Təbiət Qoruqlarının ərazisi talan olunub: “Bəsitçay Dövlət Təbiət Qoruğu Avropada unikal meşə sayılan 100 hektarlıq təbii çinar meşəliyinin əksər hissəsi məhv edilib. Qaragöl Dövlət Qoruğu, Laçın Dövlət Yasaqlığı, Qubadlı Yasaqlığı, Daşaltı Yasaqlığı, Arazboyu Dövlət Təbiət Yasaqlığı tamamilə tanınmaz hala salınmışdır.

Dünya turizm mərkəzinə çevrilmiş ölkələrə nəzər salsaq tusristləri cəlb edən nüanslar həmən ölkənin tarixi mədəniyyəti ilə bağlı olur. Odur ki, əvvəldə vurğuladığım kimi iqtisadi cəhətdən güclü qalmaq, mədəni irsimizi qorumaq hər bir azərbaycanlının borcudur!









 

DİGƏR XƏBƏRLƏR

Loading
Top