“Pandemiya dövrü Azərbaycanda ərzaq qıtlığı yaşanmadı” - MÜSAHİBƏ

MÜSAHİBƏ 01 iyun 2021, 10:01
Karvannews “Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək” ictimai birliyin sədri  Zülfiyyə Nuriyeva ilə müsahibəni təqdim edir.
 
- Özünüz haqda məlumat verərsiniz. İctimai fəaliyyətə marağınız necə yarandı?
 
- İctimai fəaliyyətə ilk gəldiyim günü çox yaxşı xatırlıyıram. Bakı Slavyan Universitetində işləyərkən marağım yarandı. QHT təşkilatında könüllü olaraq fəaliyyətə başladım. Daha sonra ATƏT-in Bakı ofisinin dəstəyi ilə Azərbaycanda ilk dəfə "Qadın Sahibkarlığının İnkişafı" layihəsində rəhbər olaraq çalışmağa başladım və layihənin ideya müəllifi oldum. Ölkəmizdə ilk dəfə QHT, Diplomatik nümayəndələr və Dövlət strukturlarının birgə iştirakı ilə bütün regionları əhatə edən, qadınların məşğulluğunu təmin edən bu layihə 6 il davam etdi.
 
- Layihənin nə kimi uğurları oldu?
 
- Layihənin daha da təkmilləşdirilməsi məqsədilə BMT-nin Bakı ofisi ilə "Sahibkar Qadınlara Hüquqi-informasiya mərkəzinin yaradılması" layihəsi ilə daha böyük uğurlara imza atdıq.
İctimai fəaliyyətin aktivliyini təmin etməklə yanaşı, ölkəmizə, cəmiyyətimizə daha yararlı olmaq imkanı yaratdı.
 
2006-cı ildə Cənab Prezidentin Gənclər siyasətinin nəticəsi olaraq, Gənclər təşkilatı təsis etdik və çox sayda uğurlu layihələr həyata keçirdik. Məncə, ictimai-siyasi fəaliyyət ən yaxşı inkişaf yoludur.


 
- Neçənci ildən QHT sektorundasınız? Sektorunuzun istiqaməti hansı yönümdədir?
 
- 2000-ci ildən QHT sektorundayam və aktiv fəaliyyətlə məşğulam. Ölkəmizin ictimai-siyasi həyatında hər zaman mövqeyim dövlətimə dəstək vermək olmuşdur. Gənclər sektorundan  başladığım fəaliyyət, dövlətin gənclərlə bağlı prioritet istiqamətlərində əsasən bölgələrdə gənclərin inkişafı istiqamətində maarifləndirici tədbirlərin həyata keçirilməsi olmuşdur.
 
 
- QHT-lərin cəmiyyətə təsirini və porseslərə təsirini qənaətbəxş hesab etmək olarmı?
 
- QHT-lərin ölkəmizdə baş verən hadisələrə, ictimaiyyətin fikir formalaşmasında, məlumatın düzgün çatdırılmasında cəmiyyətə təsiri çoxdur və önəmlidir. Düşünürəm ki, "QHT-lərə Dövlət Dəstəyi Agentliyi"nin yaranması QHT-lərin daha aktiv, daha faydalı çalışacaqları bir mühiti yaradacaqdır. Ölkəmizdə aparılan islahatlar bu sektordan da yan keçməyəcək.
 
 
- "Sosial-İqtisadi və Kənd Təsərrüfatının inkişafına dəstək" ictimai birliyinin sədrisiniz. Birlik haqda məlumat verərsiniz...
 
- 2018-ci ildə"Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək" i/b təsis etdim və hazırda sədr kimi fəaliyyətimi dövlətimizin bu sahədə pfioritet istiqamətlərində layihələrlə çalışmağa davam edirəm.
 
 
- İkinci Qarabağ müharibəsindən sonra qazilərə, şəhid ailələrinə üzv olduğunuz təşkilatların yardımları olubmu?
 
- Təbii. Bu il bütün Azərbaycan vətəndaşları üçün fərqli keçir. Ali Baş Komandanımız, Cənab İlham Əliyev və Müzəffər Ordumuzun sayəsində Qələbə Zəfərimizə nail olduq. Bu da işğaldan azad olmuş torpaqlarda çox sayda layihə ideyası deməkdir. Dördüncü Sənaye İnqilabı dövründə ölkəmizdə iqtisadi sahədə, kənd təsərrüfatının, məşğulluq proqramlarının inkişafı sahəsində olacaqdır. Adından bəlli olduğu kimi təşkilatımız bu sahədə yeni layihələrlə faydalı olmağa çalışacaqdır. Qarabağ uğrunda Vətən müharibəsində çox sayda igid oğullarımız qəhrəmancasına vuruşdular və Qələbə ilə haqqımız olan tarixi torpaqlarımızı azad etdilər. Yalnız müharibənin fəsadları qaçılmazdır. Dövlət Şəhid və Qazi ailələrinə yüksək səviyyədə diqqət, qayğı göstərir.
Vətəndaş Cəmiyyətinin nümayəndəsi olaraq təşkilatımızda Qazi və Şəhidlərə hər zaman hörmət və diqqətlə yanaşıb. Təşkilatımız daxili imkanlar hesabına Qazi və Şəhid ailələrini ziyarət edib, yardımlar etmişdir. Bu hər bir vətəndaşın mənəvi borcudur.
 

 
- Dünyanı və ölkəmizi cənginə almış koronavirusun yaratdığı böhran Azərbaycan iqtsiadi-sosial vəziyyətini necə dəyişəcək?
 
- Dünyanı cənginə almış COVİD-19 virusu ilə mübarizədə Azərbaycan nümunəvi tədbirlər proqramı həyata keçirmişdir. Bəlkə də dünya ölkələri ilə müqayisədə Azərbaycan daha az insan tələfatına və iqtisadi böhrana məruz qaldı. Bu da ölkə başçımızın iqtisadiyyatdan çox vətəndaşına verdiyi dəyərdən irəli gəlirdi. Baxmayaraq ki, pandemiya ilə yanaşı, torpaqlarımız uğrunda Vətən müharibəsi eyni zamanda başladı.
 
Cənab Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində xalqın sosial vəziyyəti ciddi nəzarətdə saxlanıldı. Heç bir ərzaq qıtlığı yaşanmadı. Yalnız artıq iki ilə yaxın davam edən pandemiya və vətən müharibəsindən sonra ölkəmizdə daha dinamik iqtisadi-sosial layihələr həyata keçirilir və bu sahələr dahada güclənəcəkdir.
 
 
- Gələcək fəaliyyət planınız nələrdən ibarətdir?
 
- Azərbaycanımız yeni tarixini yaşayır, mən də təşkilat sədri olaraq ictimai-siyasi fəaliyyətə başladığım ilk gündən və bundan sonra da dövlətimin həyata keçirdiyi siyasətə dəstək verərək, prioritet istiqamət sahələrində yeni layihələrlə fəaliyyətimizi davam etdirəcəyik. Qazi və Şəhid ailələri hər zaman təşkilatımızın əsas istiqamətini təşkil edəcək.
 

DİGƏR XƏBƏRLƏR

Loading
Top