"Bizi uşaqlara göstərirdilər... intihar edənlər olurdu" - Erməni əsirliyində olan azərbaycanlıdan şok etiraflar

MÜSAHİBƏ 17 iyun 2021, 14:42
Xəbər verdiyimiz kimi, erməni terrorçularının məhkəməsi ötüb keçdi. Keçmiş əsir, məhbus Famil Əliyev Karvannews-a Birinci Qarabağ müharibəsi zamanı erməni hərbi cinayətkarlarının vəhşiliklərindən danışıb. Müharibə zamanı o və onun kimi əsirlər Şuşa həbsxanasında məhbusluq həyatı yaşayıblarmış.

Əsirlik həyatının dəhşətlərindən bəhs edən Famil Əliyevin Karvannews-a müsahibəsini təqdim edirik. Xatırladaq ki, müsahibə saytımızda rus dilində yayımlanmışdı. Azərbaycandilli oxucuları nəzərə alaraq həmin müsahibənin Azərbaycan dilində də təqdim olunmasını vacib hesab etdik. 

- Nə vaxt əsir düşdünüz? Hansı şəraitdə? 

- 1994-cü ildə, Birinci Qarabağ müharibəsi ərəfəsində əsir düşdüm. 7 nəfər idik. Erməni quldur dəstələri bizi əhatəyə almışdılar. Orada hücum nəticəsində üç nəfər öldü, mən də daxil olmaqla digər dörd nəfər yaralandı. Beləliklə, biz artıq əsirlikdə qaldıq.

- Sizi hara apardılar? Sizinlə bərabər neçə soydaşımız əsirlikdə idi? (Sizin olduğunuz yerdə). Ermənilər təzyiqlərinə dözə bilməyib ölənlər var idimi?

- Birinci bizi Ağdama apardılar. Daha sonra Xankəndiyə. Üç-dörd gün bizi burda saxlayandan sonra Şuşaya apardılar, daha dəqiqi Şuşa həbsxanasına. Orda təxmini 200-300 adam vardı.

Xankəndində, Şuşada işləmək məcburiyyətində qaldıq. Əlbəttə ki, işləmək asan deyildi... döyülmək, aşağılanmaq, lağ-lağı olunmaq da vardı. Biz də adi insanlar idik və hamı kimi möhkəm yorulurduq. Amma lağ-lağı, aşağılanma və döyülməyə rəğmən bizi dayandırmaq mümkünsüz idi. Bizi əsasən tikinti işlərinə və ərazilərin təmizlənməsinə cəlb edirdilər.

Bəziləri üçün bütün bunlar intihara gətirib çıxardı. Onlar sadəcə, amansız münasibətə dözə bilmədilər. Ermənilər bizim işçi qüvvəsinə ehtiyac duyduqları üçün buna imkan verməməyə çalışırdılar. Bir dəfə mən də elektrik naqillərindən tutaraq intihara cəhd etmişdim. Onda cərəyan məni kənara atmışdı. Allah məni o anda xilas etdi.

Ermənilərin bizimkiləri qəfil, yerindəcə öldürdükləri vaxtlar olurdu. Bir dəfə Pasxa zamanı aramızdan birini götürüb apardılar və sonra bizə məlum oldu ki, onu öldürüblər.

- Bu yaxınlarda məhkəmə prosesində erməni terrorçularının ifadələri təqdim olunmuşdu. Onlar işgəncə ilə əlaqəli olduqlarını rədd etmişdilər. Bu barədə nə deyə bilərsiniz? O ifadələr zamanı sizdə hansı hislər oyandı?

- Biz Lyudviq və Lexlə (Mkrtıçyan Lyudvik Mkrtıçoviç və Xosrovyan Alyoşa Aramaisoviç) Şuşa həbsxanasında qarşılaşmışdıq. Həbsxananın işçiləri deyildilər, ancaq problemsiz də oraya gedə bilirdilər. Əllərinə keçən hər şeylə bizi döyürdülər. Armaturlar, dəyənəklər və s. Xatırlamaq qorxuncdu... Və ən əsası, onlar Qırmızı Xaç təmsilçilərini nəzərə almırdılar. Öldürülənlər barədə onlara sual verəndə cavab eyni olurdu: "Qaçmağa çalışdılar, güllələdik ...". Əsasən Lyudviq amansızlıqla seçilirdi. Məhbusları döymək anını əlindən qaçırmırdı. Bu adamlar həbsxanaya tez-tez qonaq gəlirdilər. Onlar üçün fərqi yox idi, kimi, niyə döyəcək, yaxud kim öləcək, kim sağ qalacaq. 

Zaman-zaman uşaqlara hansı türklərin “pis” olduğunu izah etmək və göstərmək üçün onları həbsxanaya gətirirdilər. Bir dəfə bu ziyarətlərdən birində uşaq bizim türk olduğumuzu eşidəndə pis oldu, özünü itirdi. O zaman uşaq çox qorxdu. Bax, ermənilərin uşaqlarının beynini bu cür "yuyurlar".

- Əsirlikdən necə çıxdınız? Bütün bunları atlatmağınıza nə kömək etdi? 

- Həmin il 10 dekabr tarixində mən və digər dörd məhkum bu cəhənnəmdən qaçmağı bacardıq. Yolda birimiz minaya düşdü və öldü. Nəticədə öz postumuza dördümüz qayıtmalı olduq. Beləliklə, özümüzü evimizdə, Vətənimizdə tapdıq. 

- Təxminən 30 il sonra Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi rəşadətli ordumuz İkinci Qarabağ müharibəsində qalib gəldi. Bu qədər il əsgərlərimizə və mülki vətəndaşlarımıza göstərilən əzablardan, əziyyətlərdən sonra içinizdə bir rahatlıq hiss etdinizmi?

- Əlbəttə, torpaqlarımız geri qayıtdıqdan sonra həyat daha asan oldu. Uzun illər ərzində o vaxt bir çox qardaşımızın öldüyünü və torpaqların barbarlar tərəfindən işğal olunduğunu düşünmək bizə əzab verirdi. İndi deyə bilərəm ki, rahat yatın. Torpaqlar öz sahiblərinə qayıtdı!

DİGƏR XƏBƏRLƏR

Loading
Top