Omanda yaşayan azərbaycanlı xanım sənətçi: “Vətənə qayıdacam” – Müsahibə

MÜSAHİBƏ 13 avqust 2021, 10:02
Karvannews.com sənətşünaslıq üzrə fəlsəfə doktoru, Oman Sultanlığının Sultan Qabus Universitetinin musiqi müəllimi Vüsalə Yusiflə müsahibəni təqdim edir.
 
- Oxuculara özünüz haqda məlumat verərsiniz...
 
- 1978-ci ildə Sumqayıt şəhərində, ziyalı ailəsində dünyaya gəlmişəm. 1993-cü ildə 23 nömrəli orta məktəbin 9-cu sinfini bitirərək, Sumqayıt Musiqi Texnikumuna qəbul olunmuşam. 1997-ci ildə oranı fərqlənmə diplomu ilə başa vurmuşam. Sonra Bakı Musiqi Akademiyasının fortopiano və solo ifaçılığı fakultəsinə daxil oldum. 2001-ci illdə bakalavr, 2003-cü ildə isə magistr dərəcələrinə yiyələndim. 
 
- Musiqiyə marağınız necə yarandı?
 
- Anam Validə xanım tar müəllimidir. 40 ildən çox musiqi texnikumunda musiqini tədris edib. Gözümü açıb evdə piano, tar, qarmon və digər musiqi alətləri görmüşəm. Çox erkən yaşda, dörd yaşım olanda pianoda ifa etməyi öyrənməyə başlamışam. İlk ilham mənbəyim anam olub.
 
- Hərdən deyirlər ki, həyat notlar üzərində gedir. Bu fikirləri bütünlüklə həyatınıza aid edirsinizmi?
 
- Çox gözəl sualdır. Bəli, həyat həm notla, həm də müxtəlif lad və tonallıqlar ilə gedir deyərdim. Enişli, yoxuşlu bəzən yüksəlişli, major və minor tonallarının qovuşub ahəngdə yaşaya bilməsidir həyat...


 
- Dünya və Azərbaycan bəstəkalarından kimləri sevirsiniz?
 
- Dünya bəstəkarlarından Betxoven və Şopen mənim ruhuma çox yaxındır. Üzeyir bəy Hacıbəyov başda olmaqla demək olar bütün Azərbaycan bəstəkarlarının yaradıcılığına müraciət edib ifa edirəm.
 
- Sənət aləmindən kimlərlə dostluq edirsiniz?
 
- Azərbaycanı dünyada layiqli təmsil edən bir çox musiqiçilərlə tanışlığım və əməkdaşlıqlarımız var.
 
- Necə oldu ki, Omana köçməyə qərar verdiniz?
 
- Bir iş təklifi aldım və müsahibədən uğurla keçdim. Omana köçəndə Azərbaycanda müəllim kimi fəaliyyət göstərirdim. Sadəcə mənə maraqlı gəldi - fərqli mədəniyyət, fərqli mühit, adət-ənənələr...
 
- Omana alışmağınız, adaptasiya müddətiniz necə keçdi? Cəmiyyəti, insanların münasibətləri necədi?
 
- Adaptasiya dövrünü çox rahat keçdim. Həm dil baryerim yox idi, həm də ümumiyyətlə ünsiyyətcil insanam. Ən əsası isə omanlılar çox qayğıkeş, daim kömək etməyə hazır insanlardır. Bir çox fərqlərimiz olsa belə mənə çox rahatdır onlarla ünsiyyət qurmaq.
 
- Azərbaycan Omanda necə tanınır? Siz ölkəmizin tanıdılması üçün hansı işləri görürsünüz?
 
- 2011-ci ildə elə də tanımırdılar. Amma sonralar biz istər öz pedaqoji uğurlarımızla, tələbələrə Azərbacan bəstəkarlarının əsərlərini tədris etməklə çox gözəl tərəfdən tanınmasına nail olduq.


 
- Vüsalə xanım, Humanitar və Sosial Elm Tədqiqatları üzrə Qlobal Birliyin üzvüsünüz. Birliyin fəaliyyəti barəsində bəhs edərsiniz...
 
- Bu birliyin xətti ilə bir çox mötəbər tədbirlərə qoşularaq Azərbaycan musiqisi haqda təqdimatlar etdim. Məlum pandemiya bitdikdən sonra daha yeni proyektlərimiz gözlənilir.
 
- Həmçinin Azerbaijani Ladies Clubun da üzvüzsüz. Buradakı fəaliyyətinizdən nələr söyləyərdiniz?
 
- Bəli, mən həm də Azerbaijani Ladies Clubun fəal üzvlərindənəm. Klubumuzun rəhbəri Kəmalə xanım Ceylinovanın dəvəti ilə bir çox tədbirlərdə musiqiçi kimi çıxışlar etmişəm. Azərbaycanın dünyada tanıdılması, eləcə də dünya azərbaycanlılarının üzə çıxarılmasında bu klubun çox böyük rolu var.
 
- Bu günlərdə Omanda təltif də olunmusunuz. Bu barədə məlumat verərsiniz...
 
- Tələbələrimlə birgə bir universitet tədbirinin musiqi bölümündə uğurlu çıxışımız oldu. Bir müddət sonra universitet rəhbərliyi tərəfindən uğurlu pedaqoji fəaliyyətimə görə mükafatlandırıldım.
 
Azərbaycana səfərim çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsində oldum. Komitənin sədri Fuad Muradovla görüşümüz baş tutdu. Görüş zamanı son illər ərzində komitənin fəaliyyəti, xaricdə, o cümlədən Omanda yaşayan azərbaycanlıların təşkilatlanması, qarşıda duran başlıca vəzifələr və məqsədlər, Azərbaycan ilə Oman arasında mədəniyyət və incəsənət sahəsində əlaqələrin inkişafında diasporun rolunun artırılması barədə fikir mübadiləsi apardıq. Solo konsertlərdə çıxışlarımdan və gənc azərbaycanlı alim-tədqiqatçı kimi Böyük Britaniya, Yaponiya, Malaziya, Sinqapur, Tailand və digər ölkələrdə keçirilən beynəlxalq konfranslarda Azərbaycanın görkəmli bəstəkarlarının və incəsənət xadimlərinin həyat və yaradıcılığı ilə əlaqədar həyata keçirdiyi təqdimatlarından da danışdım. Azərbaycan mədəniyyətinin və incəsənətinin Omanda tanıdılması məqsədilə Sultan Qaboos Universitetinin tədris proqramına salınan layihə üzərində işlədiyini qeyd elədim.
 
Görüşün sonunda Dövlət Komitəsinin sədri Azərbaycan mədəniyyətinin, incəsənətinin Omanda təbliğinə, milli maraqlarımızın müdafiəsinə, diaspor fəaliyyətindəki xidmətlərimə görə məni Azərbaycan Respublikasının “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif etdi.  
 
Azərbaycan respublikasının Diasporla iş üzrə Dövlət Komitəsinə başda hörmətli sədrimiz Fuad Muradov olmaqla ayırdıqları qayğı, diqqət və dəyərə görə dərin təşəkkürümü bildirirəm.


 
- İkinci Qarabağ müharibəsində nə kimi yardımlarınız oldu?
 
- 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan həqiqətlərinin təbliği, eyni zamanda şəhid ailələrinin və qazilərin dəstəklənməsi üçün Diasporla İş üzrə Dövlət Komitəsinin və "YAŞAT" Fondunun təşəbbüsü, Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi və təşkilatçılığı ilə keçirilmiş “Yaşat” Xeyriyyə Marafonunda fəal iştirakım oldu. Qalib Azərbaycanın cəbhə əsgəri olmaqdan böyük qürur və  fəxarət hissi duyuram.
 
 
- Sonda, Vüsalə xanım, Azərbaycana qayıtmaq istəyirsinizmi?
 
- Əlbəttə, mən, ailəm və övladlarım Azərbaycan vətəndaşlarıyıq. Kontraktım bitənə kimi burdayam. Bitərsə geri dönüb müəllimlik fəaliyyətimi ana Vətənimdə davam etdirəcəm. Sizə maraqlı müsahibə üçün təşəkkür edirəm.
 
 
 

DİGƏR XƏBƏRLƏR

Loading
Top