“Holland qadınları çox gözəl və xoşbəxt şəkildə qocalır” - MÜSAHİBƏ

MÜSAHİBƏ 20 avqust 2021, 10:01
"Beynəlxalq Azərbaycanlı Xanımlar Klubu"nun rəhbəri: “Savaş bitsə də, bizim mübarizəmiz bitməyib”
 
“Bir gündə klubumuzun e-mail adresindən 24 Avropa qurumuna etiraz məktubları göndərmişəm”
 
21 ildir Niderland krallığında yaşayır. Niderlandda fəaliyyət göstərən "Beynəlxalq Azərbaycanlı Xanımlar Klubu"nun rəhbəridir. Dünyanın 35 ölkəsindən 100-ə yaxın xanım onun klubunun ən fəal üzvləridir. Ötən gün isə bu xanımlar Azərbaycanda bir araya gələrək Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşdülər.  “Beynəlxalq Azərbaycanlı Xanımlar Klubu” 44 günlük Vətən müharibəsi dövründə müxtəlif ölkələrdə yaşayan fəal azərbaycanlı xanımlar arxa cəbhədə-informasiya mübarizəsində fəallıq nümayiş etdiriklər üçün sədr tərəfindən medal və təşəkkürnamə ilə mükafatlandırılıblar.
 
Görüş sonrası klubun üzvləri ilə görüşdük və rəhbərləri Kəmalə Ceylinova ilə həmsöhbət olduq. 21 ildir ki, Hollandiyada yaşayan və yad məmləkətdə Qarabağ həqiqətlərini həmin arenadan çatdırmağa çalışan Kəmalə Ceylinova Moderator.az-ın suallarını cavablandırdı.
 
- Kəmalə xanım, daha çox yaşadığı ölkədə haqsızlığa uğrayan, düşdüyü mühitdə özünü tapmayan və azadlıq əldə etmək istəyən xanımlar fərqli həyat axtarışında olanlar xaricə üz tuturlar. O xanımlar düşdükləri mühitdə dəyərlərinə sahib çıxa bilirlərmi?

- Xaricdə yaşayan xanımlarımızın çoxu  yaşadıqları ölkələrdə öz dəyərlərinə daha çox sahib çıxırlar. Bizim klubun xanımlarının çoxu xarici vətəndaşlarla evlidir. Onların hər birinin evindəki uşaqlar Azərbaycan dilində danışır. Həyat yoldaşlarına da milli dəyərlərimizi aşılayıblar. Bunun özü də bir təbliğatdır. Əcnəbi kişilər  Azərbaycan  qadını ilə ailə həyatı quranda budan qürur duyurlar. Mən bunun tərəfdarıyam. Bizim qadınlarımız həm uşağa baxır,həm evinin xanımıdır, həm də  yaşadıqları cəmiyyətdə uğur əldə edirlər. Azərbaycan qadınlarının dünyada əldə etdiyi nailiyyətlərinə görə onlarla fəxr edir, qürur duyuram. 
 
- Yad bir məmləkət və 22 yaşda o məmlətin bir üzvünə çevrilməyə çalışan Azərbaycan xanımı. Hansı çətinliklərlə üzləşdinniz?
 
Hollandiyaya çox çətinliklərlə üzləşdim. Dünyanın  müxtəlif ölkələrində rus, ingilis, türk dillərində danışılır, ancaq heç bir yerində  holland dilindən istifadə edilmir. Bu dildən ancaq  Hollandiyada danışılır.  Məcbur olub o dili öyrəndim. Daha sonra burada nə edə biləcəyim haqqında düşüməyə başladım. Mən Azərbaycanda pedaqoqika və psixologiya fakültəsini bitirmişdim.  Bizim diplomlarımız burada tanınmadığı üçün psixoloq kimi çalışmaq üçün Hollandiyada uzun illər oxumaq lazım idi. Hazırda Hollandiyada yaşlı və əngəllilərin sosial durumu, həyat tərzinə yardımçı oluruq. Yaşlılar evində çalışır, oradakı yaşlı insanların həyatlarını daha da asanlaşdırırıq. Mən Hollandiyaya gələndə çox əziyyət çəkdim, dünyanın müxtəlif ölkələrinə gələn qadınlara kömək etmək, onlara yardımçı olmaq üçün “Beynəlxalq Azərbaycan xanımlar Klubu”-nu yaratdım. 
 
-“Beynəlxalq Azərbaycanlı Xanımlar Klubu”-nun  əsas məqsədi, missiyası nədən ibarətdir? 
 
- Xarici ölkələrə üz tutan xanımlarımızın belə bir kluba ehtiyacı var. Bu ideyamı reallaşdırmaq üçün çalışdım və nəhayət Niderlandda onu qeydiyyatdan keçirdim. Bundan başqa Azərbaycan diaspor komitəsindən qeydiyyatdan keçdim. Hazırda  dünyanın 35 ölkəsindən 100-ə yaxın xanım klubumuzun üzvüdür.  Məqsədimiz dünyanın müxtəlif ölkələrində yaşayan xanımlara kömək olmaq, onların işlərində, həyatlarında qadın həmrəyliyini göstərməkdir. Biz dünyanın müxtəlif ölkələrində yaşayan qadınlarımızın haqlarını qorumaq üçün çalışırıq. Bizə xanımlarımız tərəfindən çoxsaylı məktublar və müraciətlər olunur.

 - Xanımlarımız  ən çox hansı problemlərlə sizə müraciət edirlər?
 
 - Xanımlarımız daha çox ailə problemləri və sosial qayğıları ilə bağlı bizə müraciət edirlər. Daha çox isə gəldikləri ölkələrdə yamaşağa yerlərinin olmdıqlarını deyirlər. Hollandiyada qadın haqları kifayət qədər yaxşı qorunur. 
 
- Necə, məsələn? 
 
- Misal üçün qadın ailədə özünə qarşı diqqətsizlik görəndə polisə müraciət edir ki, yoldaşım mənə zor tətbiq etmək istəyir. Kişi yoldaşına şiddət tətbiq etdmədiyi halda belə bir istəyinə gözə cəzalandrılır.  Bu baxımdan holland qadınlarının şanslıdırlar və onlar qadınları xoşbəxt qocalırlar. Mən çox istəyərdim ki, orada gördüyüm insanların yaşam sevinci, yaşayış tərzi və sair mövzularda Azərbaycanda treninqlər keçim. Holland qadınları çox gözəl və xoşbəxt şəkildə qocalır. İstərdim ki, bizim yaşlılar da elə qocalsın. 
 
- Bu müddət ərzində kluba nə qədər xanım müraciət edib?
 
- Bizə bu zamana qədər 5000-ə yaxın müraciətlər olsa da bizim 100 üzvümüz var. Üzvlərimiz daha çox Azərbaycanı yaşadığı ölkədə zəkası, intellekt səviyyəsi ilə ölkəmizi yüksək səviyyədə təbliğ edən ziyalı xanımlardır. Onlar yaşadıqları ölkələrdə Azərbaycanın milli mənəvi dəyərlərini təbliğ edirlər. 
 
- Yalnız milli-mənəvi dəyərlərimizin təbliğatı iləmi məşğul olurlar? 
 
- Nəinki milli dəyərlərimiz, Azərbaycanın haqq səsini də yaşadıqları ölkələrdən eşitdirməyə çalışırlar. Hər birimiz “Qarabağ” adlı layihələr həyata keçirir, tədbirlər edirik. Bizə deyirdilər ki,  niyə öz torpalarınızı azad etmirsiniz?  Qeyd edirdilər ki, necə olar ki, sizin evnizin bir otağını qonşunuz alıb və siz onlara “çıx” demirsiniz. Biz onlara izah edə bilmirdik ki, Azərbaycanın torpağını almağa gücü yetir,  amma biz tək erməni ordusu ilə döyüşmürük qarşımızda böyük maneələr var. Biz Qarabağın əzəli Azərbaycanın torpaqları olduğunu deyir, bunu sübut edən dəlillər göstəririk. Mən özüm Qarabağlı olmasam da hər yerdə, vətəndən kənarda özümü Qarabağlı kimi təqdim edirəm. Halbuki Qarabağı görməmişəm. 
 
II Qarabağ döyüşlərində əldə etdiyimiz zəfərdən sonra hər birimizin yaşadığımız ölkələrdə nüfuzumuz dəyişdi, daha çox qürurlandıq. Başımız dikəldi.   44 günlük müharibdədə klubumuzun üzvləri- 100 xanım 24 saat informasiya platformasında 1 dəqiqənin içində cəbhədəki xəbərlərimizi bomba kimi partlada bildik. Belə ki, yaşadığımız ölkələrin sosial mediasında, saytlarında, qəzetlərində bələdiyyələrində o xəbərləri yayımlatdırırdıq. Nəinki Kütləvi İnformasiya Vasitələrində eyni zamanda  Avropa şurası, Amerika konqresinə kimi gedib çıxırdıq. Elə günlərimiz vardı ki, bir gündə klubun email adresindən 24 Avropa qurumuna etiraz məktubları göndərmişəm. Azərbaycannın sərhəd ərazilərdində yaşanan terror hadisələri zamanı biz sakit dura bilməzdik. Dünya bu ədalətsizliyə susmamalı idi.  
 
Avropanın çoxu ermənipərəstdir. Onlar uzun illər əvvəl Avropaya yayılıblar və 4- cü nəsilləri o ölkələrdə doğulur.  Bizim diaspopramız isə çox balacadır və mübarizə aparmaq üçün üzərinə böyük yük düşür. 44 günlük savaşda nəinki dünya azərbaycanlıları diaporası, xaricdə yaşayan azərbaycanlılar müharibə vaxtı bir oldu, onlar da Ali Baş Komandanımızın dəmir yumruğu altında hədəfi bir istiqamətə vurmağı bacardı.  
 
- Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşünüz baş tutub. Bu görüşdə nələr müzakirə edildi və görüşün məqsədi nə idi?

- Komitə sədri Fuad müəllim prezidentin tapşırığı ilə Azərbaycan diasporunun təşkilatlanması istiqamətində görülən işlər barədə bizləri məlumatlandırdı və diasporumuzun ölkəmizin haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında göstərdiyimiz fəallığı yüksək qiymətləndirdiyini bildirdi.  II Qarabağ döyüşlərində göstərdiyimiz fəallığa görə xanımlarımız təşəkküranmə və medala layiq görüldülər.
 
- Bundan sonrakı planlarınız nələrdən ibarətdir? 

- Gələcəkdə planlarımızda tanınmış dizaynerlərimizin Moskvada, Türkiyə, Hollandiyada və dünyanın müxtəlif ölkələrində silsiləli olaraq “Qarabağ” adlı dəfilələrini təkil edəcəyik. Pandemiyadan sonra milli musiqilərimizi yaşadığımız ictimaiyyətə təqdim edəcəyik. Savaş bitsə də, bizim mübarizəmiz bitməyib. İndi  əsas məqsədimiz odur ki, düşmənlərimiz Azərbaycanı işğalçı xalq kimi təqdim etməsin. Biz ölkəmizi özəlliyi və gözəlliyi ilə göstərə bilək. Biz haqlı olaraq haqsız kimi görünürük. Bu istiqamətdə əlimizdən gələni edəcəyik. Bacara bildiyimiz qədər mədəniyyətimizi təbliğ edərək, Azərbaycan qadınlarının gücünü dünyaya göstərmək istəyirik. /moderator.az/
 

DİGƏR XƏBƏRLƏR

Loading
Top