“Qarabağın inşasında pay sahibi olmaq hər bir şirkət üçün qürurvericidir”

MÜSAHİBƏ 24 noyabr 2021, 17:36

Azərbaycan Sahibkar Konfederasiyasının İdarə Heyətinin üzvü Rəşad Cabirli ölkəmizdə tanınmış və uğurlu fəaliyyətilə fərqlənən “Polymart” MMC-nin rəhbəridir. Eyni zamanda, Türkiyənin MUSİAD biznes təşkilatının Azərbaycandakı təmsilçisidir.

– Rəşad müəllim, Azərbaycanda sənaye məhsulları istehsalı, xüsusən də tikinti materialları istehsal edən yerli müəssisələr az deyil. “Polymart” MMC nə vaxt fəaliyyətə başlayıb və şirkətin əsas məhsulları hansılardır?

– Həqiqətən də doğru vurğuladınız. Bu gün münbit investisiya şəraiti olan Azərbaycanda yetərincə sənaye və tikinti məhsullarını istehsal edən şirkət vardır. Bu şirkətlərdən bəziləri tam yerli sərmayə ilə qurulsa da bunların içində əcnəbi sərmayesi ilə qurulan şirkətlər də az deyil. Polymart MMC 2015-ci ildə fəaliyyətə başlamasına baxmayaraq plastik sənayedə 20 illik təcrübəyə malikdir. Şirkətin əsas fəaliyyət istiqaməti su, qaz və kanalizasiya xəttlərinin tikintisində istifadə edilən plastik boru və birləşdiricilərinin istehsalı ilə məşğul olmaqla, həm ölkə daxilində həm də “Made in Azerbaijan” markası (Gürcüstan, Ukrayna, Rusiya və Qazaxıstan) ilə ölkə xaricində keçirilən layihələrdə iştitak etməkdir. Bundan əlavə, şirkət su təchizatı, qaz təchizatı və kanalizasiya sistemlərinin quraşdırılmasında istifadə edilən məhsulların satışını həyata keçirir. “Polymart” MMC bir sıra xarici ölkə istehsalçılarının (Türkiyə, İsveçrə, Almaniya, İtaliya ) Azərbaycanda rəsmi təmsilçisidir. Daim dinamik inkişafda olan şirkətimiz müştərilərinə onların ən iddialı layihələrini gerçəkləşdirmək üçün yaxından kömək edir

– Məhsullarınızın neçə faizi daxili, neçə faizi xarici bazarda realizə edilir?

– Təbii ki, hər bir şirkət üçün ən əsas məsələlərdən biri də istehsal etdiyi məhsulları xarici bazara çıxarmaqdır. Bunun üçün ilk növbədə ölkə daxili bazarda söz sahibi olmaq lazımdır. Bu gün mən ölkə daxilində yəni daxili bazarda yetərincə tanınıramsa və digər ölkələrdən idxal edilən sənaye məhsulları ilə rəqabət apara bilirəmsə bu mənim uğurumdur. Demək istəyirəm ki, rəqabətə dözümlü olmayan heç bir şirkət xarici bazara məhsul ixrac edə bilməz. Digər bir tərəfdən şirkət sadəcə, bir ölkənin bazarı ilə kifayətlənməli deyil, yeni bazarların çeşidləndirilməsində marağı olmalıdır. Bu səbəbdən ölkədə xammal istehsalı mühüm əhəmiyyət daşıyır. Belə ki, yerli xammal istehsalçıları daxili bazara satış qiyməti ilə xarici bazara satış qiymətləri arasında ölkədəki istehsalçının xeyrinə fərq yaratmalıdır. Bu isə öz növbəsində istehsalçılar üçün ixracın təşviqi deməkdir.

– Azərbaycanda xammal bazasının vəziyyəti ilə bağlı nə deyə bilərsiniz? İstehsal üçün xammalın hansı hissəsini xaricdən alırsınız?

– Təəsüflər olsun ki bu gün Azərbaycan tikinti və sənaye bazarında istehsal olunan məhsulların xammalının bir hissəsi ölkədə istehsal edilməkdədir. Əksər məhsulların istehsal edilməsi üçün xammal xarici dövlətlərdən idxal olunur. Bu da istehsal sonrası satış qiymətlərinə təsir edir. Qiymət bahalığı isə rəqabətə dözümlülüyü aşağı salır. Çünki hər bir ölkə bazarının alıcılıq qabiliyyəti var və o, alıcılıq qabiliyyəti üzərində qiymət təklif etmək məhsulların satılmamasına səbəb olur, alıcılıq qabiliyyəti altında qiymət təklifi isə şirkətin maraqlarına ziddir. İdxal edilən xammal qiymətinin baha olmasının başlıca səbəblərindən biri də ƏDVnin yüksək olması ilə yanaşı alınan xammalın yerli valyuta olan manatla deyil, beynəlxalq valyutalarla – avro, dollar və s. alınmasıdır. Daha yaxşı olardı ki, ölkədə istehsal edilməyən xammalın idxalına qoyulan vergi aşağı olsun. Sualınıza gəlincə, bizim istehsal etdiyimiz məhsullar üçün xammalın 50%-i ölkədə istehsal olunduğu üçün yerli istehsalçılardan tədarük olunur

– Qarabağda gedən tikinti işlərində müəssisənizin məhsullarından istifadə edilirmi?

– Hesab edirəm ki, Qarabağın inşasında pay sahibi olmaq hər bir şirkət üçün qürurvericidir. Qarabağda normal infrasturukturun yaradılması, “Ağıllı şəhər”, “Ağıllı kənd” konsepsiyalarının salınması Ali Baş Komandan Prezident İlham Əliyevin əsas prioritetlərindən birdir. Qarabağ (işğaldan azad olan Azərbaycan əraziləri) eyni zamanda sənaye sahəsində innovasiya mərkəzi olmalıdır ki, bu istiqamətdə də yetərincə ciddi addımlar atılır. Bildiyiniz kimi, Qarabağın bərpası üçün sadəcə yerli şirkətlərə deyil, istər türk istərsə də əcnəbi şirkət lərə çağırış olunub. Nəzərinizə çatdırıram ki, Qarabağda inşası davam edən tikinti işlərində POLYMART şirkətinin istehsal etdiyi məhsullardan istifadə edilir.

– Ölkəmizin biznes ictimaiyyəti sizi fəal sahibkar kimi tanıyır. Necə hesab edirsiniz, Azərbaycanda sahibkarlığın inkişafı üçün daha hansı addımlar atılmalıdır?

– Qlobal COVID-19 pandemiyasının Azərbaycan da daxil olmaqla dünya iqtisadiyyatına təsiri çox böyükdür.

Sahibkarlıq müasir cəmiyyətin inkişaf lokomotividir. Məhz sahibkarlar yeni iş yerləri yaradır, məhz onlar dövlət büdcəsinə qatqı verir və əlbəttə ki, ölkəmizi daha güclü edir. Həmçinin unutmaq olmaz ki, sahibkarlıq fəaliyyəti insanların xəyallarını gerçəkləşdirə bilir. Biznesdəki problemlərin həlli, ölkənin sosial-iqtisadi İnkişaf Strategiyasında öz əksini tapmalı olan biznes konsepsiyasının hazırlanmasını tələb edir. İş strategiyası problemlərinin həlli üçün dövlət dəstək mexanizminin yaradılması ölkənin iqtisadi suverenliyinin vacib şərtidir. İşin idarə edilməsinin milli iqtisadi maraqlarının dövlət tərəfindən qorunması və tədarüklərin iqtisadi təhlükəsizliyi ən vacib sahələrdən biridir. Sahibkarlığın effektiv və davamlı inkişafı üçün şəraitin yaradılması, istehsalın logistikası, bitkiçilik, emal, satış və ixrac da özəl sektorda biznesin inkişafına təkan verir. Bu istiqamətdə dövlət tərəfindən mütəmadi müvafiq tədbirlərin görüldüyünün şahidi oluruq. Azərbaycan biznesinin dünya iqtisadi sistemində dinamik inkişafı inteqrasiyanın effektivliyinin xarakterindən və sahibkarlıq səviyyəsindən asılıdır. Müasir şəraitdə sahibkarlar üçün faydalı olan özəl sektorun inkişafına xüsusi diqqət yetirilir. Azərbaycanda biznesin inkişafına mənfi təsir göstərən amillər iqtisadi və qeyri-iqtisadi xarakter daşıyır. Sahibkarlıq subyektlərinin üzləşdiyi iqtisadi problemlər institusional xarakter, daha doğrusu, bürokratik hadisələrlə əlaqədardır. Daxili bazarın, ixrac əməliyyatlarının tənzimlənməsi problemləri, struktur, balanslaşdırılmış regional inkişafa yönəlmiş müəyyən tədbirlər, inteqrasiya proseslərinin inzibati elementlərinin olması, infrastrukturun mürəkkəbliyi və s. göstərmək olar.

– Bildiyiniz kimi, yeni sahibkarlıq subyektlərinin yaradılması, regionların inkişafı, daim ölkə prezidenti İlham Əliyevin diqqət mərkəzindədir. Sənaye sahələrinin inkişafına dəstək vermək məqsədilə sənaye parkları yaradılıb. Ümumiyyətlə, Azərbaycandakı sənaye parkları ilə bağlı nə düşünürsünüz, bu parklarda işləmək sahibkarlar üçün maraqlıdırmı?

– Qeyd etdiyim kimi, ölkə başçısının diqqət və dəstəyi ilə bu istiqamətdə mühüm addımlar atılmaqdadır, lakin Azərbaycanda yetərincə sənaye parklarının olmaması qənaətindəyəm. Bu parklarda fəaliyyət göstərən istesalçılar üçün daha əlverişli güzəştlərin olması mütləqdir.

Bu gün Azərbaycan tikinti və sənaye bazarında istehsal olunan məhsulların xammalının bir hissəsi ölkədə istehsal edilməkdədir. Əksər məhsulların istehsal edilməsi üçün xammal isə xarici dövlətlərdən idxal olunur. Bu da istehsal sonrası satış qiymətlərinə təsir edir. 39 li güzəştlərin olması mütləqdir. Hesab edirəm ki, sənaye parkları sadəcə ölkənin bəlli bölgələrində deyil, bütün iqtisadi zonaları əhatə etməlidir. Hətta, iqtisadı baxımdan az inkişaf etmiş rayonlarda sənaye parklarındakı güzəştlər daha çox olmalıdır və yaxud da, ixtisaslaşmış sənaye parklarını təşkil etmək olar. Bu da həmin bölgədəki ənənəvi istehsal müəssisələrinin təkmilləşməsi və güclənməsinə gətirib çıxara bilər. Digər bir tərəfdən sənaye parklarında çalışan müəssisə işçilərini daha az əmək vergisinə cəlb etmək olar ki, bu sahədə vətəndaşlar arasında işləməyə maraq olsun.

– Pandemiya “Polymart” MMCnin fəaliyyətinə hansısa formada təsir etdimi?

– Şübhəsiz, qlobal pandemiya dünya iqtisadiyyatının elə bir sahəsi olmadı ki, təsir etməsin. Ümumiyyətlə, təcrübə göstərir ki, hər hansı bir qlobal pandemiya və ya maliyyə böhranı olduğu zaman bundan ilk növbədə ölkələrin lüks sektoru əziyyət çəkir. Lüks sekor dedikdə adətən, turizm nəzərdə tutulur. Biz son 2 ildə əsasən bütün dünyada turizm sektorunun, nəqliyyat, daşımaçılıq pandemiyadan ciddi şəkildə ziyan gördüyünün şahidi olduq. Zərərçəkən sahələrdən biri də inşaat sektorudur ki, bu sektor da yetərincə sarsıldı. Təbii ki, pandemiya dövründə sarsılmayan inşaat sahələri də oldu, bu da əsasən trans-milli layihələrdir. Buna misal olaraq Türkiyədə Rusiya tərəfindən inşa edilən “Akkuyu” atom elektrik stansiyasını göstərmək olar. “Polymart” şirkəti də pandemiyadan müəyyən dərəcədə zərər görüb. Pandemiya ümumbəşəri bir çətinlikdir. Digər tərəfdən biznesdə müxtəlif mərhələlərdə böhranlar qaçılmazdır. Pandemiya səbəbi ilə yaranan böhran digər böhranlardan fərqlənir. Biz artıq post pandemiya dövrünün tələblərinə uyğunlaşaraq fəaliyyətimizi davam etdirməyə çalışırıq.

– Azərbaycan qarşıdakı illərdə Qarabağın qurulmasına böyük həcmdə vəsait xərcləyəcək. Ehtiyac olan məhsulların yerli istehsalını təmin etmək olarmı, bununla bağlı “Polymart”ın hansısa planları varmı?

– Qarabağın bərpası çox mühüm və dövlət prioritetli məsələ olduğu üçün hesab edirəm ki, ən yüksək keyfiyyətli məhsullar məhz burada istifadə edilməlidir. Lakin bu o demək deyil ki, Qarabağın bərpasında yerli tikinti və sənaye məhsullarından imtina etmək lazımdır. Bu gün Azərbaycanda istehsal olunan sənaye məhsulları rəqabətə davamlı olmaqla yanaşı, eyni zamanda keyfiyyət baxımından da xaricdə istehsal edilən tikinti məhsullarından geri qalmır. Buna görə də Qarabağın inşasında və bərpasında ehtiyac olan məhsullar Azərbaycanda istehsal olunursa, məhz yerli istehsaldan istifadə edilməlidir. Ehtiyac duyulduğu təqdirdə isə xaricdə istehsal olunan tikinti və sənaye məhsullarından istifadə edilməlidir. Hesab edirəm ki, şirkətimizin istehsal etdiyi məhsullar Qarabağın inşasında istifadə üçün keyfiyyətli və rəqabət qabiliyyətlidir. Bundan əlavə, biz ötən hər gün yeni biznes vahidləri üzərində çalışmaqla istehsal çeşidlərini artırmağa çalışırıq. Qarabağda gələcəkdə istehsalı fəaliyyəti ilə məşqul olmaqla bağlı planlamalar vardır. Yeri gəlmişkən, mən MÜSİAD və KOBİA-nın dəstəyi ilə 14-17 noyabr tarixlərində Bakıda keçiriləcək Beynəlxalq Biznes Forumu (IBF) haqqında məlumat vermək istərdim. 1995-ci ildə Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD) tərəfindən təsis edilmiş və ildə bir dəfə həyata keçirilən IBF forumu (International Business Forum) çərçivəsində konfrans, panel iclaslar, ölkə təqdimatları, B2B ikitərəfli görüşlər, sərgi təşkil olunur.

44 günlük Vətən müharibəsindən sonra qazandığımız Zəfərdən sonra MÜSİAD olaraq IBF tədbirinin Azərbaycanda keçirilməsini qərarlaşdırdıq. Azərbaycanda mövcud münbit investisiya mühitinin olması və Qarabağımızın yenidən qurulması üçün investisiyaların cəlb olunması məqsədilə forumun Bakıda keçirilməsininin vacibliyini xüsusilə vurğulamaq istərdim. Forum çərçivəsində dünyanın 32 ölkəsindən 500-dən çox investor və iş adamının ölkəmizə gələcəyini proqnozlaşdırırıq. Forum dünyanın bir sıra ölkələrinin iş adamlarını və dövlət rəsmilərini bir araya gətirməklə, ölkələr arasında ikitərəfli iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi, davamlı əməkdaşlıq modellərinin yaradılması, investisiya sahəsində əməkdaşlıq və biznes əlaqələrinin möhkəmləndirilməsi məqsədilə təşkil olunur. Qeyd etmək istərdim ki, Azərbaycanda fəaliyyət göstərən bütün yerli və xarici iş adamları birliklərini, assosiasiyaları IBF tədbirində iştirak etməyə dəvət etmişik. Bildiyiniz kimi MÜSİAD Azərbaycan və ASK arasında əməkdaşlıq haqqında MOU müqaviləsi imzalanmışdır. Bu müqaviləyə istinadən MÜSİAD Azərbaycan və ASK olaraq sıx əməkdaşlıq edirik. IBF forumuna dəstək məqsədilə ASK prezidentinin sərəncamı ilə artıq işçi qrup yaradılmış, bu istiqamətdə fəaliyyət başlamışdır.

– Bəzi sahələr var ki, artıq bazarda təklif çoxdur. İmkan yaransa, hansı sahədə yeni bir müəssisə qurmaq istərdiniz?

– Bazarda təklifin çox olması heç də bu sahələrin keyfiyyətli çalışmasından irəli gəlmir. Əksinə, bu sahələrdə çoxluğun olması keyfiyyət itkisinə gətirib çıxarır ki, bu da gec-tez həmin şirkətlərin bazardan ələnəcəyinə gətirib çıxaracaq. Hesab edirəm ki, bazarda həddən ziyadə təklifin qarşısı alınmalıdır. Bu bir az qəribə səslənsə də, əslində bu addım bazarda olan istehsalçının maraqlarını qorumağa xidmət edir. Bir-iki misal vermək istəyərdim. Türkiyə və Avropa ölkələrində belə bir təcrübə var, əgər hər hansı bir yerli şirkət bəlli bir məhsul is­ tehsal edirsə və ölkə bazarını təmin edə bilirsə digər əcnəbi ölkənin eyni bölgədə, eyni müəssisəni açmasına yol verilmir. Başqa bir misal gətirmək istərdim. 100 metrlik küçədə 10-dan çox aptekin açılması rəqabət kimi qələmə verilsə də, əslində müəssisələrin qazanc və rentabelliyini azaldır. Nəticə etibarı ilə bəzi məhsulların qiyməti Tarif Şurası tərəfindən tənzimləndiyi üçün faktiki olaraq müəssisə sahibi heç nə əldə edə bilmir. Dolayısıyla, hər hansı bir şirkət açılmadan öncə müvafiq dövlət qurumu tərəfindən bazar araşdırması edilməlidir, əgər sahibkarın açmaq istədiyi bölgədə analoji müəssisə fəaliyyət göstərirsə, ona yaxın ərazidə eyni fəaliyyət növünün həyata keçirilməsi məqsədə uyğun olmadığı üçün diqqətlə nəzərdən keçirilməlidir.

– Necə hesab edirsiniz, Azərbaycan hansı ölkələrin bazarına çıxa bilər və hansı məhsullarla?

– Azərbaycanda qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi üçün geniş həcmli tədbirlər görülüb, amma ölkə ixracının quruluşunda rəqabət qabiliyyətli ixrac məhsullarının çeşidinin məhdudluğu ciddi problem olaraq qalmaqdadır. Bundan başqa, bir çox ənənəvi sənaye sahələrinin ixrac potensialından zəif istifadə olunması davam edir. Güclü ixrac potensialına və bu sahədə beynəlxalq müqayisəli üstünlük komponentlərinə malik olan bir sıra kənd təsərrüfatı və aqrosektor məhsullarının ixrac potensialının cüzi bir hissəsi dövriyyədədir (təzə tərəvəz və meyvələr, üzüm şərabı, bitki yağları və s). Ölkənin qeyri-neft sektorunun ixrac potensialının ümumi vəziyyəti ilə onun mövcud potensialı arasında xeyli fərq qalmaqdadır. Bu sahənin inkişafının sürətləndirilməsi, ixracın tənzimlənməsi, stimullaşdırılması tədbirlərinin, dövlət dəstəyi mexanizmlərinin mövcudluğuna baxmayaraq, bu işlərin səmərəliliyi aşağıdır və s. Bu kimi nöqsanların aradan qaldırılması üçün ilk növbədə tələbatın daha yüksək olduğu sahələr və çatışmazlıqlar müəyyən edilməlidir. Bu istiqamətdə Azərbaycan iqtisadiyyatında müqayisəli üstünlüyə malik olan seqmentlər ayrılıqda qiymətləndirilməlidir, dövlət tərəfindən dəstəkləyici addımlar vasitəsilə həmin sahələrin istehsal potensialın gücləndirməklə ixrac spekteri genişləndirilməlidir, əlverişli investisiya və rəqabət mühiti yaradılmalıdır. 2021-ci ilin birinci rübü üzrə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatına əsasən ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq birinci, qızıl ikinci, xurma isə üçüncü yerdə qərarlaşıb. Bu da o deməkdir ki, azərbaycanda bu gün qeyri-neft sektorda ixracın əsas payını aqrar seqment təşkil edir. Qeyd edilən, çətinlikləri həll etmək üçün ixrac prosedurlarının daha da sadələşdirilməsi, yerli məhsullara verilən sertifikatların xarici ölkələrdə tanınması, ixrac məhsullarında keyfiyyət, qablaşdırma və etiketlənmə sahəsində beynəlxalq standartların tətbiqi, bu sahə üzrə mütəxəssislərin təlimləndirilməsi məsələlərinə həssas yanaşılmalıdır. Bütün bunlar isə sonda ölkədə məşğulluğunun təmin edilməsi və maddi rifahının yaxşılaşmasına səbəb olacaqdır. Önəmli olan dünya bazarlarına çıxarılacaq məhsulun keyfiyyətli olmasıdır.

– Azərbaycanda sahibkarlar olmaq üçün 5 xüsusiyyət saysanız, hansıları qeyd edərdiniz?

– Azərbaycanda sahibkar olmaq üçün aşağıdakı xüsusiyyətləri önəmli hesab edirəm: təşəbbüskarlıq, yaradıcılıq, qətiyyətlilik, davamlılıq, şəxsi inkişaf. Əmək, sərmayə, təbii resurslar və təşəbbüs istehsal faktorlarıdır. Sahibkar olmaq üçün təşəbbüskarlığın önəmli faktor olduğunu düşünürəm. Çalışma sahəsindən asılı olmayaraq yaradıcılıq da mütləqdir.Yeni fikir irəli sürmək, mümkün olmayan bir çətinliyin həllini tapmaq bacarığına malik olmalı, irəli sürdürülən fikrin intuitiv olaraq uğurlu olacağını qavrama bacarığına sahib olmalıdır sahibkar. Ümumiyyətlə psixoloqlar xüsusi bir düşüncə növünü ayırırlar bu da sahibkarlıqdır. İnsanların müəyyən bir faizi doğuşdan bu cür düşüncəyə malikdir, ancaq bu xususiyyət inkişaf etdirilə bilər. Bu düşüncənin əsas xüsusiyyətlərindən biri də qətiyyətlilikdir. Mücərrəd ideyadan təfəkkürə, oradan da təcrübəyə keçməklə yanaşı bu davamlılığı qoruyub saxlamaq önəm daşıyır. Biznes mühiti, biznesin dinamikası heç vaxt stabil olmur. Hər hansı bir çətinlikdə asanlıqla təslim olmaq, hər hansı uğurda isə təqibi azaltmamalıdır sahibkar. Biznes canlıdır. Bu canlı biznesi idarə etmək, inkişaf etdirmək üçün sahibkarın, liderin davamlı şəxsi inkişafı mühüm əhəmiyyət kəsb edir. Bu gün bəşəriyyəti ağuşuna alan pandemiya tam fərqli, yeni tələblər yaradıb. Fikrimcə, bu gün bütün sahibkarlar vəziyyəti yenidən dəyərləndirməli, yeni biznes modelləri haqqında düşünməlidir. Təəssüflər olsun ki, bəzi sahibkarlar pandemiyanın tezliklə bitməsiylə yenidən əvvəlki iş modelləri və mühiti olacağını düşünərək yeni strateji planlar etmirlər. Artıq 4-cü sənaye inqlabının tələbləri doğrultusunda köklü dəyişiklər etməyin vaxtıdır, hətta deyərdim ki, gecikirik./marja/

DİGƏR XƏBƏRLƏR

Loading
Top