Yaradıcı şəxsin taleyi olmalıdır? - Oğuz Ayvaz yazır

Mədəniyyət və turizm 12 may 2022, 16:42

Kafkanın bir fikri var: "Yaxşı əsər yazmaq üçün mütləq yazıçıda fiziki xəstəlik olmalıdır". Bu cümlə olduqca maraqlıdır. Bu sitatda çox düşündürücü məqamlar var. Söhbət mənəvi, iç xəstəliyindən getmir. Yazıçı birbaşa qeyd edir: fiziki xəstəlik. Yəni, hər bir insanda ola biləcək fiziki xəstəlik.

Məşhur yazıçılara nəzər salanda onların hər birində müəyyən xəstəliklərin olduğunu görə bilərik. Ağrı məsələsi diqqəti çəkir. Bütün məşhur, tanınmış yazıçılar ağrı keçiriblər. Əslində, mənim vurğulamaq istədiyim ayrı bir məqam var: yazıçının taleyi.

Mənə elə gəlir ki, istedaddan çox yaradıcı adamda tale olmalıdır. Təbii, sıradan, hər kəsin keçirdiyi, atlatdığı bir taledən söhbət getmir. Bambaşqa, inanılmaz, kədərli və faciəli. Bu kimi tale yaşayan yazıçılar yəqin ki, mütləq gözəl əsərlər ortaya çıxarda biləcəklər. Əslində, içindəki acılar səndə fiziki xəstəlik yarada bilər.

Yəni, nə qədər mənəvi acı çəksən, fiziki mənada ağrıların o qədər də çox olacaq.

Hər iki cəhətdən (həm mənəvi, həm də fiziki) xəstəlikləri olan yazıçı ağrını daha da dərindən duyur və bütün əsərlərində bunu oxucuya çatdıra bilir.

Yaradıcı əzabı deyilən bir şey var. Bütün qələm əhli bunu yaxşı anlayır və hər kəsin də bunu anladacaq, izah verəcək sözləri olmalıdır.

Yaradıcı əzabı - sıradan, bəsit əzabların fövqündə dayanır. Burda maddi, mənəvi sıxıntı, ailə problemi, itki və s. bu kimi əzablar əsas yer tutmur. Yaradıcı əzabı sırf insan əzabıdır.

Yəni, bu günə qədər var olan insanın əvvəldən sona doğru irəlilədiyi adını qoya bilmədiyi bir yolda yürüməsi və başından keçən qeylü-qallar.

Əlbəttə, yaradıcı adamların toxunduğu məqam məhz burda üzə çıxır.

İnsan amili... Ədəbiyyat bütövlükdə insana şamil edilib.

İnsan kimdir? İnsan niyə var? Nəyə görə insan yalnız dünyadadır?

Niyə insan başqa canlılardan fərqlənir?

Bütün bu suallar ədəbiyyatın, yaradıcı insanların düşündüyü və cavabını da çətinliklə verdiyi BÖYÜK SORĞULARDIR.

Yaradıcı insan özgür olmaqla yanaşı tale yaşamağa da borcludur. Bu tale onun istedadı ilə bütövləşib gözəl əsərlər yaratmağa qadir olur.

Yaradıcı əzabı yazıçının, şairin daim çiyinlərindən asılı vəziyyətdə onun taleyi ilə birlikdə addımlamalı və daim ona ağrı, acı yaşatmalıdır./olaylar.az/

DİGƏR XƏBƏRLƏR

Loading
Top