Birinci Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçiriləcək

Mədəniyyət və turizm 25 may 2022, 17:41

Mayın 26-dan 28-dək Bakı şəhərində Birinci Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçiriləcək.

Bu barədə Karvannews-a tədbirin təşkilatçısı Beynəlxalq Türk Müəllifləri Birliyinin (BEYTÜM) sədri, şair Xəyal Rza məlumat verib.

Onun sözlərinə görə, tədbir Bakı Dövlət Universitetinin həyətində - açıq havada təşkil olunacaq. Türksoylu ölkələrdən tanınmış alimlərin, qələm adamlarının qatılacağı tədbirin birinci günü Şuşa Günü, ikinci günü Türk Dünyası Günü, üçüncü günü isə Dədə Qorqud Günü adlandırılıb.

Tədbir BEYTÜM-ün təşkilatçılığı, Azərbaycan Yazıçılar Birliyinin, Milli Məclisin Mədəniyyət Komitəsinin, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun, Beynəlxalq Türk Akademiyasının, TÜRKSOY-un, TÜRKPA-nın, Yunus Əmrə İnstitutunun, İLESAM-ın, Bakı Dövlət Universitetinin və Azərbaycan Yaradıcılıq Fondunun təşkilati dəstəyi ilə keçiriləcək.

Festivalın təntənəli açılış mərasimi mayın 26-da baş tutacaq. Festivalda nəşriyyatlar çap etdikləri kitabları sərgiləyəcək və milli rəqslər, muğam konserti, tanınmış müğənnilərin çıxışları nəzərdə tutulub.

Festival türk dünyasının böyük mütəfəkkirləri Nizaminin, Yunus Əmrənin, Əlişir Nəvainin, Məhdimqulu Firakinin, Tüğölbay Sıdıkbekovun və Abayın xatirəsinə həsr edilib. Festivalda türksoylu ölkələrin alimləri yuxarıda adları qeyd edilmiş ədiblərlə bağlı məruzələrlə çıxış edəcəklər.

Tədbir çərçivəsində həmçinin M.Ə.Sabirin, Həsən bəy Zərdabinin, Əhməd Cavadın, Xurşidbanu Natəvanın, Hüseyn Cavidin, Əhməd Baydursunlunun, M.F.Axundzadənin, Ömər Faiq Nemanzadənin yubiley tədbirləri keçiriləcək.

Festivalda Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun, Beynəlxalq Türk Akademiyasının, TÜRKSOY-un, Azərbaycan Yazıçılar Birliyinin nəşr etdiyi kitabların təqdimatları da nəzərdə tutulub.

Tədbirin sonuncu günü mükafatlandırma mərasimi təşkil olunacaq.

Qeyd edək ki, Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının növbəti ili Türkiyədə təşkil ediləcək.

DİGƏR XƏBƏRLƏR

Loading
Top