Ədəbiyyatın sirli dünyası - Oğuz Ayvaz yazır

Mədəniyyət və turizm 17 may 2022, 16:21

"Kitab oxumayan, ədəbiyyata yaxın durmayan insanlıq kobud və ibtidai dilləri ucbatından dəhşətli ünsiyyət problemləri olan sağır-dilsizlər topasına, söz yaratma qabiliyyətindən tamamilə məhrum cəmiyyətə çevrilir. Eyni şey fərdlər üçün də keçərlidir. Qəti oxumayan, az oxuyan, ya da ancaq bayağı şeylər oxuyan insan şikəstdir: çox danışsa da, az şey deyir, çünki söz dağarcığı özünü ifadə etməyə yetərli deyil".

Mario Varqas Lyosa

Sürətlə dəyişən dünya sisteminin fonunda ədəbiyyatın işığı öləziyir. Yeni nəsil üçün kitab oxuma mədəniyyəti formalaşmır, inkişaf etmir. Əvəzinə "yutuber"lik, "tik-toker"lik, "vayn"erlik kimi tendensiyalar gündəmdə qalır. Bu dırnaq arası peşələrin insanlığq nə dərəcədə uğurlu olacağı isə böyük sual daşıyır.

Kitab sərgilərində, təqdimatlarda oxuculardan kitaba nə qədər zaman ayırdıqlarını soruşmuşdum. Əksəriyyəti eyni cavabı vermişdi: Vaxtım olduqca. Bu cavab odur ki, kitabı göstəriş üçün alıram. Qoy, kənardan cəmiyyət desin ki, bərəkallah kitab oxuyan, ziyalı şəxsdir. Biz hələ də kitabı göstəriş üçün alırıq. Hələ də kitabla münasibətimiz alınmır. Sadəcə ona toxunur, üz qabığına baxır, səhifələrini vərəqləyib bir yerə qoyuruq. O isə bizdən küsür və tozlanır rəflərdə.

Kitab, bəzən insanın özünün özünə etirafıdır. İçində topladığı, hamıdan, hətta özündən belə gizlətdiyi sirləri faş etməyə qadirdir kitab. Özü ilə barşıq olmayan insan, güzgüyə baxanda belə başını sağa-sola çevirərək özündən qaçmaq istəyir. Həqiqətləri ilə üzləşməyə ürkür, cəsarəti çatmır. Kitab o həqiqətləri insanın içində əzizləyir, yumşaldır sonra ehmalca bizə göstərir. İncitmədən, dərd etmədən. Bəzən insan özü ilə barışa da bilir.

Ədəbiyyat, əsərlər, hekayələr, romanlar, şeirlər, pyeslər, personajlar, kiçik qəhrəmanlar - bütün bunlar bizə insanı, həyatı sevmək sənətini aşılayır.

İnsanoğlu doğulduğu mühitin nizamına, ehtiyaclarına, stereotiplərinə və qanunlarına uyğun bir həyat sürmək üçün uzun illər sərf edir. Onun üçün kəsilmiş bu naxışlı həyat bəzən heç də yaşamaq istədiyi həyat olmur. Mövcudluğunu hiss etmədiyi bu həyatın xoşagəlməzliyi ilə yanaşı, əslində tənhalaşmağa və çox şey axtarmağa başlayır. Bu axtarışın bir nöqtəsində insan "yaşadığın dünya sənin üçün deyilsə" anlayışı ilə paralel olaraq yeni bir dünya qurma prosesinə qoşulmağa çalışır və ədəbiyyatın qapısını aralamağa cəhdlər edir.

Bu kontekstdə ədəbiyyat təkcə estetik ehtiyacları ödəyən bir məfhum deyil; Bu, qaçış, axtarış və möhlət formasıdır. İnsan ədəbiyyat vasitəsilə ən böyük aşiq, ən zəngin insan, müdrik ola bilər; O, həm də ən qəddar menecer, hətta ən qəddar seriyalı qatil və ağlını itirmiş bir dəli də ola bilər. Axtarışda olan insanlara fərqli aləmlərdə, rollarda bu cür müxtəliflik təqdim edən güc ədəbiyyatın gücüdür.

Ədəbiyyat insanların xəyal etdikləri dünyaları, nail olmaq istədikləri rolları və məqsədləri reallaşdırmaq üçün istifadə edə biləcəyi yeganə yoldur.

Ədəbiyyatın dərin dünyası məni də ədəbiyyata bağlayan ən önəmli xüsusdur. Həyatımı yaşamaq üçün mənə biçilən rolları oynamaq üçün məcburiyyətində və ehtiyac içində yaşadığım dünyadan qaçışı ədəbiyyatın mistik, sirli qapıları ilə aşa bilərəm. Ədəbiyyat sayəsində, "bir kafedə çinar ağacının kölgəsində oturub, yetmiş yaşlarında, üzərində qalın jaket və başında papağı uzaqlara baxan ağ saqqalı bir baba" ola bilərəm. Yaxu da zibil qutularında artıq yemək axtaran evsiz bir adama çevrilə bilərəm. Onun beyninə girib əzablarını, xatirələrini öyrənə, keçimişinə səyahət edib yaşadıqlarına şahid ola bilərəm. Bəlkə bu sizə xeyli valeh edici, sehrili gələ bilər, amma empatiya, fərqində olmaq tamamilə unikal hislərdir.

DİGƏR XƏBƏRLƏR

Loading
Top