Gürcüstan Мediatorlar Assosiasiyasının sədri: “Dostumuz Nadir Adilovla mediasiya istiqamətində sıx əməkdaşlıq edirik” – MÜSAHİBƏ

MÜSAHİBƏ 07 dekabr 2021, 13:01

Gürcüstan mediatorlar Assosiasiyasının sədri, Gürcüstanın “Mediasiya haqqında” qanununun həmmüəllifi İrakli Kandaşvil  e-huquq.az saytına müsahibə verib.

Proses.az müsahibəni təqdim edir:

– Bildiyiniz kimi, Azərbaycanda da Mediasiya Şurası fəaliyyət göstərir. Bu sahədə fəaliyyət artıq öz bəhrəsini verir. Necə düşünürsünüz, Azərbaycanda mediasiyanın tətbiqi hansı müsbət nəticələrə səbəb ola bilər?

– Azərbaycanda mediasiyanın tətbiqi yalnız müsbət nəticə verə bilər. Mediasiya tərəflərə mübahisə ediləcək məsələlərə dair ümumi razılıq əldə etməyə kömək edir, mediator isə tərəflərə hər iki tərəf üçün məqbul nəticənin əldə edilməsinə kömək edir. Buna əsaslanaraq düşünürəm ki, Mediasiya yalnız müsbət nəticə verə bilər, Azərbaycanda mediasiyanın tətbiqi səmərəli olmalı və ölkəyə gələcək inkişaf üçün kömək etməlidir.

– Sizin Azərbaycan Mediasiya Şurasının sədri Nadir Adilovla da yaxın dost əlaqələriniz var. Bu əlaqələr Azərbaycan və Gürcüstan mediatorlarının qarşılıqlı əməkdaşlığına, təcrübə mübadiləsinə nə kimi töhfə verə bilər?

– Azərbaycan Mediasiya Şurası ilə dostluq münasibətlərimiz var. Gürcüstan və Azərbaycan qardaş xalqdır və biz mediasiya istiqamətində də dostcasına əməkdaşlıq edirik. Düşünürəm ki, isti münasibətlərimiz mediasiya institutunun inkişafına da öz bəhrəsini verəcəkdir. Gürcüstanda “Mediasiya haqqında” qanun artıq üçüncü ildir ki, mövcuddur. Avropa sertifikatlaşdırma standartları, mediatorların icbari peşə hazırlığının standartları olan Mediatorlar Assosiasiyası yaratmışıq. Biz sıx əməkdaşlıq etməyə, azərbaycanlı həmkarlarımız üçün aktual olan məsələlər barəsində fikirlərimizi təqdim etməyə, konfransları birlikdə təşkil etməyə və təcrübə mübadiləsi aparmağa hazırıq.

– Hazırda Azərbaycanda kommersiya mübahisələri, ailə və əmək münasibətlərindən irəli gələn mübahisələrdə mediasiya tətbiq olunur. Bəs Gürcüstanda mediasiya hansı sahələri əhatə edir?

– Gürcüstanda mediasiya mülki hüquqla bağlı bütün mübahisələri əhatə edir. Yalnız kommersiya, ailə və əmək deyil, bütün məhkəmə və mülki mübahisələr mediasiyaya tabedir. Gürcüstanda bizim iki istiqamətimiz inkişaf etmişdir. Məcburi məhkəmə mediasiyası və əlbəttə ki , qeyri-məhkəmə kommersiya vasitəçiliyi. Buna əsaslanaraq deyə bilərəm ki, mediasiya olunmalı işlərin həcmi çox genişdir.

– Gürcüstan vətəndaşlarının mediasiyaya münasibəti necədir? Sizin ölkənizdə mediasiya effekt verirmi?

– Gürcüstan vətəndaşları mediasiyaya müsbət yanaşırlar və ölkəmizdə mediasiya çox yaxşı nəticə verir. Gürcüstan üçün cəmiyyətimizin nümayəndələrinin bir-biri ilə dialoq aparması, dialoq mədəniyyəti inkişaf etməsi və hər gün istifadə etməsi çox vacibdir. Bununla yanaşı, tərəflər məhkəməyə getmədən öncə öz aralarında münasibətlər qurur. Bu baxımdan mediasiya tərəflər arasında sülh əlaqələrini inkişaf etdirir. Gürcüstan üçün bu, çox mühüm bir istiqamətdir ki, ölkəmiz inkişaf etsin və insanlar sülhsevər olsun.

– Bəzi ekspertlər mediasiyanı vaxt itkisi kimi qiymətləndirir. Hesab edirlər ki, bu institut lazımsız bir qurumdur. Siz bu fikirlərdə hansısa reallıq görürsünüz?

– Mediasiyanın vaxt itkisi olduğunu düşünən mütəxəssislərlə razı deyiləm. Onlar yəqin ki, mediasiyanın bütün müsbət tərəflərini bilmirlər. Belə düşünən ekspertlərlə işləmək lazımdır ki, onlar mediasiyanın mahiyyətini başa düşsünlər. Mediasiyanın maliyyə xərclərini və vaxt itkisini azaltmağa kömək etdiyini, ən əsası tərəflərin aralarındakı əlaqələri davam etdirməyə kömək etdiyini öyrənsələr mediasiyanı belə qiymətləndirməzlər.

Tərəflər mediasiya institutu ilə tanış olacaq, onun üstün tərəflərini bilərək, mediasiyaya davam etmək və ya mübahisələrinin həllinin məhkəməyə vermək barəqə qərar qəbul edəcəklər. Mediasiya tərəflərin bütün bunları tam təmin etməyə və ölkədə dialoq siyasətini səmərəli inkişaf etdirməyə kömək edir. Mediasiya mübahisələrin alternativ həlli yollarından biridir.

DİGƏR XƏBƏRLƏR

Loading
Top