Tansu Məmmədzadə: "Qarabağda tibbi yardımımızı göstərməkdən şərəf hissi duyarıq" - Müsahibə

MÜSAHİBƏ 08 dekabr 2021, 16:20

Millixəbər.az-ın “Həkimlə Biz” rubirkasının müsahibi Ömür klinkasının direktoru, həkim ginekoloq Tansu Məmmədzadədir.

Dr.Tansu Məmmədzadə ilə maraqlı müsahibəmizi sizlərə təqdim edirik!

-Tansu xanım ilk öncə istərdik ki, Ömür klinkasının yaranma tarixi haqqında danışasınız, necə oldu ki, Ömür adlı klinka təsis edildi?

-Ömür klinikası 2002-ci ildən fəaliyyət göstərir. Azərbaycanda ilk özəl tibb müəsissələrindən biri olaraq insanların ömrünə ömür qatmaq məqsədilə Ömür adı verilmişdir. Klinikanın əsas fərqi kompleks müayinə və müalicə metodu olmuşdur. Bu günə kimi də öz xüsusiyyətini qoruyaraq, düzgün müayinə -tibbi müalicə deyərək ,pasiyentlərimizi sağlamlıqlarına qovuşdurmaqda tibbi xidmətimizi davam edirik.

-Bir zamanlar Ömür klinkasının adı tanınmış mama-ginekoloq, tibb üzrə fəlsəfə doktoru mərhum Gülnara Sultanqızının adı ilə eyni çəkilirdi, Gülnara xanımın vaxtsız vəfatından sonra sanki cəmiyyətdə elə bir fikir formalaşdı ki, Ömür klinikası fəaliyyətini dayandırıb. Çaşdırıcı xarakter daşıyan bu cür şaiələr nə dərəcədə doğrudur, münasibətinizi bilmək istərdik?

-Bəli, qeyd etdiyiniz kimi anam, Gülnara Sultanqızı tək Ömur klinikasınin rəhbəri deyil, eyni zamanda t.ü.f.d ve praktik ginekoloq kimi də fəaliyyət göstərirdi. Əsasən də, ölkəmizdə yayılmış tibbi problemlərdən biri olan kişi və qadın sonsuzluğunun kompleks müalicəsini aparırdı. Bu müalicə üsulu Ömur klinikasının özunəməxsus xüsusiyyəti olduğundan, hətta cəmiyyətdə belə bir fikir formalaşırdı ki, klinikada yalnız ginekologiya şöbəsi fəaliyyət göstərir. Bu gün qürurla deyə bilərəm ki, Gülnara xanımın yetişdirdiyi peşəkar həkim komandası ilə bərabər hələ də onun yolunu davam edirik. Onu da vurğulayım ki, Ömür klinikasında ginekologiya şöbəsindən əlavə daha 10 şöbə mövcüddur, yüksək səviyyəli diaqnostika və laborator müayinələr icra edilir. Bir sözlə, klinikamız əvvəl olduğu kimi yenə də səriştəli kollektivlə fəaliyyətini uğurla davam edir.

-Tansu xanım bildiyimizə görə siz gənc həkim olmağınıza baxmayaraq Gülnara xanımın vəfatından sonra Ömür klinkasının direktoru olmaqla yanaşı həkim kimi də fəaliyyətinizi davam etdirirsiniz bu yöndə işləriniz necə gedir?

– Bir az öncə qeyd etdiyim kimi, Gülnara xanımın yetişdirdiyi həkim komandasıyla birlikdə, müasir tibbin verdiyi bütün imkanlarından doğru şəkildə bəhrələnərək onun yolunu qürurla davam edirik. Gülnara xanım insanların qəlbində elə bir iz qoyub ki, onun pasiyentləri artıq bizə müraciət edəndə, ən azı doğmaları qədər onun vəfatına məyus olurlar. Fikrimcə, anam qısa, amma çox şərəfli ömür yaşadı, bu ad onu tanıyanların yaddaşında Ömür və Gülnara adı ilə birlikdə əbədləşdi. Nə qədər ki Ömür klinikası var daima Gülnara xanımın əziz xatirəsi ehtiramla anılaraq xatırlanacaq…

-Ömür klinkası ölkəmizdə ilk yaranan özəl klinkalardan biridir, klinikada tibbi personalın daha da təkmilləşdirilməsi, insanların sağlamlığı naminə uğurlu,faydalı, peşəkar tibbi xidmətin təşkili istiqamətində hansı işləri həyata keçirməyi qarşınıza məqsəd qoymusunuz?

-Hazırda həm klinika rəhbəri, həm də həkim olaraq klinikamızda tətbiq etmək üçün qarşıdakı planlarımız sırasında yeni ideyalarımız, müasir, qabaqcıl tibbi strateji hədəflərimiz çoxdur.
Bildiyiniz kimi, mən Azərbaycan Tibb Universitetini bitirdikdən sonra Almaniyanın Köln şəhərinə köçdüm və orada həkim-ginekoloq kimi fəaliyyətinə başladım. Hal-hazırda fəaliyyətimi doğma vətənimdə müvəffəqiyyətlə davam etdirirəm. Klinika rəhbəri olaraq əsas məqsədim Avropa xəstəxanalarında olduğu kimi öz tibbi komandaları ilə həkimlərin pasiyentlərə yanaşma tərzinin ən yaxşı, müsbət tərəflərini görüb -götürərək ölkəmizdə tətbiq etməkdir.

-Ömür klinkasının tibbi xidmətindən yararlanmaq üçün imkanları məhdud olan, ölkəmizin aztəminatlı, həssas təbəqəsi üçün güzəştli və ödənişsiz əsasda tibbi dəstəyin göstərilməsi ilə bağlı gələcəkdə layihə və təşəbbüslərinizin olması nəzərdə tutulurmu?

– Bəli, təəssüflər olsun ki, klinlamıza müraciət edən pasiyentlər sırasında aztəminatlı pasiyentlərə tez-tez rast gəlirik. Gülnara xanım klinikada rəhbərlik etdiyi dövrdə daima xeyirxahlığı ilə də fərqlənirdi. İmkanı aşağı olan vətəndaşlarımızın həkimə müraciətini asanlaşdırmaq üçün bayram və digər özəl günlərdə ödənişsiz aksiyalar həyata keçirirdi. Təsəvvür edin ki, bu neçə-neçə insanlarımızın öz sağlamlığı haqda məlumatlı olmasına imkan yaradırdı! Və bu humanitar strategiyanı bu gün mən də vacib hesab edərək davam etdirirəm. Bayram günlərində Ömür klinikasının səriştəli kollektivi tibbi önəmli aksiyalar, mütamadi check-up müayinələri təqdim edərək vətəndaşlarımızın sağlamlığının keşiyində durur. Son bir ildə də 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğurunda gedən döyüşlərdə canını Vətən uğrunda qurban verən şəhidlərimizin ailə üzvlərinə, qazi qardaşlarımıza keçirdiyimiz tibbi aksiyalardan əlavə də hər zaman, az da olsa, can borcumuzu, tibbi xidmətlərimizi, peşəmizin imkanları çərçivəsində onlara qayğı və diqqətlə göstərməyə çalışırıq. Düşünürəm ki, bu həssas mövzuya toxunmasam olmazdı…
Ona görə ki, Ali Baş Komandan, cənab İlham Əliyevin düzgün hərbi, siyasi strategiyası ilə yanaşı, əsgər və zabitlərimizin canı bahasına geri qaytarılan doğma Qarabağ torpağında da vaxtı və məqamı gəldikdə Ömur Klinikasının komandası olaraq orada yaşayacaq soydaşlarımıza tibbi yardımımızı göstərməkdən böyük qürur və şərəf hissi duyarıq.

DİGƏR XƏBƏRLƏR

Loading
Top