MÜSAHİBİMİZ "LOQOS" PSİXOLOJİ VƏ NİTQ MƏRKƏZİNİN RƏHBƏRİ TƏRANƏ XANIM PAŞAYEVADIR.
- Təranə xanım, ömürdən daha bir il ötür, qarşıdan yeni il gəlir, necədir ruhunuz?
- Təşəkkür edirəm, psixoloq ruh mütəxəssisidir, başqalarının psixoloji problemlərini təhlil edib, çarə tapan, insanlara psixoloji yardım göstərən şəxs gərək vaxtlı-vaxtında öz ovqatını, fərdi psixoloq ruhunu nizamlaya bilsin. Hələ ki, öhdəsindən gəlirik.
- Sizcə, 2021-ci il "Loqos" Psixoloji və Nitq Mərkəzinin timsalında, yəni sizin təşkilatın fəaliyyəti və əldə olunmuş yekunlar baxımından necə dəyərləndirilə bilər?
- Bəli, ünvanımız, adımız bəllidir: "Loqos" Psixoloji və Nitq Mərkəzi... Amma biz, təvazökarlıqdan uzaq düşməmək şərti ilə deyirəm, 7 il ərzində və əlbəttə ki, dəyərli psixoloq mütəxəssislərimizin gərgin əməyi, yüksək səviyyəli psixoloji yardımların icrası sayəsində Respublika miqyaslı mərkəz olaraq tanınırıq. Bu, çox xoşdur, həm də böyük məsuliyyət yaradır. Yəni bu o deməkdir ki, fəaliyyətimiz bütün parametrlər üzrə ölkəmizin həyat ritminə qovuşmuş haldadır. Deməli, Azərbaycan üçün, əhalimizin nəzərincə zaman və sosial-ictimai-mədəni dinamika necə olmuşdursa, bizim Mərkəz mövcud gerçəkliyi bütün dolğunluğu ilə hiss etmişdir.
Misal deyirəm, bilirsiniz, artıq iki ildən çoxdur ki, dünya, dünyanın bir parçası olan Vətənimiz Covid-19 pandemiyasından əziyyət çəkir. İnsan kapitalını ən böyük sərvət elan edən, insanların sosial durumunun daimi qaydada və dolğun ödənilməsi üçün tədbirlər görən dövlətimiz milli idarəetmə strategiyasına uyğun olaraq dünya ölkələri arasında kütləvi şəkildə yayılan, müalicəsi, necə deyərlər, ehtimal əsasda aparılan bu xəstəliyə qarşı ən qəti şəkildə və ən birinci müharibə elan edən ölkələr sırasında olmuşdur, indi də var. Dünya Sağlamlıq Təşkilatı da bu faktı dönə-dönə beynəlxalq tribunalardan təqdir etmişdir. Görülən tədbirlərə baxmayaraq, məlum obyektiv səbəbdən xəstəliyə yoluxmalar da olur, həyatını itirənlər də. Əsas odur ki, Azərbaycanda insanların əziyyət və ağrılarının, ölüm hallarının minimuma endirilməsi üçün bütün lazımi tədbirlər görülür, vaxtında zəruri addımlar atılır. Şükür ki, indi bizdə vaksin təminatı yetərincədir, ciddi maarifləndirilmə işləri aparılır, insanlar imkanları səfərbər edərək pandemiya şəraitinin davranış tələblərinə əməl edirlər. Bir sözlə, mütəxəssislərin qeyd etdiyi kimi, xəstəliklə bağlı tibbi-sağlamlıq şəraiti idarə olunur.
Pandemiya həyatın ritmini təmin edən bütün təşkilatları xüsusi rejimdə çalışmağa vadar etmişdir. Niyə belə deyirəm? Çünki infeksiya ilə bağlı sərt karantin tədbirləri görülür. Xəstəliyin yayıldığı ilk mərhələdə biz də qaydalara ciddi əməl edərək aylarla minimum miqyasda çalışmışdıq. Bəlkə heç buna çalışmaq da demək olmazdı. Dövlətimiz sağ olsun, həmin çətin vaxtlarda digər xidmət sahələri, QHT təşkilatları ilə bir sırada bizim də işçilərimizin əmək haqqının ödənməsinə yardım göstərmişdi. Bütün bunlarla yanaşı, elə müəssisələr, elə infrastruktur sahələri var ki, onlar hansı yolla olur-olsun, insanların xidmətində durmağa fürsət tapa bilməlidirlər. Biz bunu fədakar həkimlərimizin timsalında gördük. Ərzaq təminatı sahəsində fəaliyyət mürəkkəb vəziyyətdə düzgün, təmkinli işlədi. Təhsildə onlayn sistem işə düşdü. Son iki ilin yaratdığı psixoloji ovqat bizi də hətta məhdud səviyyədə olsa da fəaliyyət göstərmək tələbi ilə üz-üzə qoydu.
- Belə bir şəraitdə əhaliyə psixoloji yardım göstərmənin səciyyəvi cəhətləri nələrdən ibarət idi?
- Bu cəhətlər həm ümumi, həm də spesifikdir. Məsələn, biz tam bir məsuliyyətlə karantin qaydalarına əməl etməyi ön plana çəkdik. İşçilərimizə izah edildi ki, biz hər gün insanlarla təmasda oluruq. Psixoloji yardım almaq məqsədi ilə gələn hər kəsə nümunə göstərmək borcumuz və vəzifəmizdir. Ona görə də bütün filiallarımız sanitar epidemioloji qaydalar baxımından yenidən, ən yüksək səviyyədə quruldu. Onu da deyim ki, 7 il ərzində fəaliyyətimizdə üstün tutduğumuz tələblərdən biri səliqə-səhman, tibbi-sanitar təmizlik olmuşdu. Yeni şəraitdə isə biz hər kəs üçün məcburi olan qaydalara riayət olunmasını tam və fasiləsiz nəzarətdə saxladıq. Bura iş yerində əllərin sabunla dəfələrlə, daha doğrusu, zərurət yarandıqca yuyulması, spirtli vasitələrlə təmizlik, maska taxılması, toy, yas, toplantı və digər mərasimlərdən çəkinmə və s. daxildir.
Xəstəliyin həm fizioloji, həm də psixoloji gərginlik yaratdığı iki il ərzində qısa müddətli məcburi qapanmaları çıxmaq şərti ilə demək olar ki, fasiləsiz fəaliyyət göstərməyə nail olduq. Biz çətinlikdən birlikdə, yardım etdiyimiz insanlarla bərabər çıxmağı öyrəndik. Mən burada Bakı şəhəri və regionlar üzrə mütəxəssislərimiz tərəfindən təşkil edilən vebinarların təsir gücünü xüsusi qeyd etmək istərdim. Texnoloji təmas alətlərindən istifadə fasiləsiz və daha kütləvi maarifləndirmə prosesinə qoşulmağa imkan yaratdı.
- Siz pasiyentlərlə sıx əlaqənin səmərəli olduğuna işarə etdiniz. Məncə, ekstremal vəziyyətlərdə bütün cəmiyyətin həmrəyliyinə ehtiyac yaranır. Konkret misallar əsasında bu məsələyə nəzər sala bilərikmi?
- Niyə də yox, iş olan yerdə deməyə söz, göstərməyə nümunələr də olur. "Loqos" PNM, eləcə də tərəfimizdən yaradılan və uğurlu addımlar atan PXTM İctimai Birliyi digər dövlət və QHT təşkilatları ilə sıx əməkdaşlıq şəraitində çalışmağa üstünlük vermişdir. Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası, Respublika Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə keçirdiyi "Regionlarda ailə dəyərlərinin təbliği və gənc ailələrə psixoloji yardım göstərilməsi" layihəsinin icrasında kollektivimiz, psixoloq mütəxəssislərimiz yaxından iştirak etmiş, Bakı, Lənkəran, Gəncə, Bərdə, Xaçmaz rayonlarında müraciət edən vətəndaşlar üçün yaş məhdudiyyəti qoyulmadan ödənişsiz psixoloji konsultasiyalar təşkil olunmuşdur.
Karantin müddəti və karantin sonrası dövrdə insanların psixoloji sağlamlığının qorunması vacib amillər sırasındadır. Sözügedən mərhələlərdə gənclərin psixoloji durumuna, düşüncə və şəxsi inkişafına yardımçı olmaq, habelə Azərbaycan dilində psixoloji podkast platformanın yaradılması məqsədi ilə ASAN Könüllülük məktəbinin təşkil etdiyi layihəyə biz də qoşulduq. ASAN Radionun media dəstəyi ilə əhatə olunan bu tədbir cəmiyyətimiz tərəfindən böyük maraqla qarşılandı.
İkinci Qarabağ savaşı zamanı, şanlı qələbəmizdən sonrakı dövrlərdə daim dövlətimizin, ordumuzun, Müzəffər Ali Baş Komandanın yanında olmaq, psixoloji yardımlar zamanı şəhidlik, qazilik amillərini nəzərə almaq kollektivimiz tərəfindən bir vətəndaş borcu sayılmışdır. Mən bu barədə məxsusi məqalələr yazıb, çap etdirmişəm. Ona görə də hərbi-siyasi məsələlər fonunda ölkəmizin həyatında baş verən proseslərə, daha doğrusu, xüsusi şəraitlərdə daim insanların yanında olaraq "Loqos"un verdiyi adekvat münasibətə, göstərilən təmənnasız humanitar fəaliyyətə görə Fəxri Fərmanlara layiq görüldüyümüzü qeyd etməklə kifayətlənirəm!
- Uğurlar üstünlük verilən, əsas götürülən hədəflərin düzgün seçilməsi ilə reallaşa bilir. "Loqos"un fəaliyyətinin ilkin mənbəyi gündəlik iş, psixoloji yardımların göstərilməsi ilə bağlıdırsa, məncə, növbəti faktor layihələrin icrasından qaynaqlanır. Bu mənada hansı istiqamətləri sıralaya bilərik?
- İlk olaraq “Psytech” proqramında iştirakımızı fərqləndirə bilərik. Proqram dünyada tanınır. Bu, dünya üzrə 20 milyon insanın yararlandığı psixometrik qiymətləndirmə testidir. Psixometrik qiymətləndirmə testləri hazırlayan “Psytech İnternational”ın bir parçası - Azərbaycan tərəfdaşı olaraq gücümüzü sınayır, şirkətlərin iş hədəflərini təmin etmək üçün yüksək köklü həllər təqdim edirik. Belə novator fəaliyyəti Avropa Psixoloqlar Birliyi Federasiyası və Britaniya Psixologiya Birliyi ilə əməkdaşlıq çərçivəsində aparırıq.
Sürətli dünya inkişaf prosesində bir sıra qədim və yeni neqativləri də "dirçəldir". "Loqos" PNM mütəxəssislərinin yeni nəsil insanlarda kəkələmə problemi ilə üzləşmələri bizi düşündürür və hərəkətə keçməyə əsas verir. Düzdü, biz valideynlərə, müraciət edənlərə izah edərək deyirik ki, kəkələmə xəstəlik deyil, psixoloji durumdur. Hər halda bu vəziyyət insanlarda narahatlıq yaradır. Bunu nəzərə alaraq mənim şəxsən təqdim etdiyim layihə əsas da 4 dildə (Azərbaycan, türk, rus, ingilis) "Kəkələmə" adlı kitabın birinci və ikinci nəşrini təqdim etdik. Bununla kifayətlənmədik, kəkələmə qüsurunu aradan qaldıran virtual məkan yaratdıq. Mərkəzlərimizə bu problemlə müraciət edən hər bir kəs www.kekeleme.az platformasından faydalana bilər. Məqsədimiz hər bir Azərbaycan vətəndaşının səlis, rəvan danışmağına yardımçı olmaqdır. Kəkələmə probleminin aradan qalxmasına kömək edən iş dəftərləri də əlimizin altındadır.
- Məsuliyyətli, məqsədyönlü fəaliyyətin qarşılığında uğurların olması təbiidir. 2021-ci ildə qazanılmış hansı yekunlardan danışmaq olar?
- Əməyə, işə verilən qiymət ədalət meyarıdır. Uğurlarımızın müəllifi bütün komandamız, "Loqos" ailəsidir. Dəyərli olan budur ki, ölkəmizdə fəaliyyət göstərən ciddi QHT-lərin hər biri kimi, biz də daim dövlətimizin dəstəyini hiss edir, görürük. Əməkdaşlıq etdiyimiz dövlət strukturlarındakı mütəxəssislər işimizi bəyənirlər, dəyər verirlər.
Digər yandan, bu da çox əhəmiyyətlidir, kollektivimiz müəyyən bir çevrədə insanların inamını qazanıb, yəni bizə ümidlə, inanaraq üz tuturlar. Onlar bilirlər ki, "Loqos"un ən böyük uğuru insanların mənəvi rahatlığı, psixoloji sabitliyidir.
- "Loqos" PNM-nin beynəlxalq əməkdaşlıq sahəsində də yeniliklər var yəqin. Axi siz hər zaman yüksək nəticələr qazanmaqda dünyanın psixoloji yardım təcrübəsinin öyrənilməsini, bu təcrübənin tətbiqini mühüm amil hesab edirsiniz.
- Doğru qeyd edirsiniz, yenilik ondan ibarətdir ki, biz yenə ənənəmizə sadiq qalıb öz sahəmiz üzrə beynəlxalq mühitin bir parçası olmağa can atırıq. Obyektiv sıxıntılara baxmayaraq, psixoloqlarla yanaşı, həkimlərin, universitet tələbələrinin, müəllimlərin də faydalana biləcəyi, Rusiya və Türkiyənin ən güclü mütəxəssis-alimləri tərəfindən aparılan mühazirə və treninqləri davam etdirmişik.
"Şema terapiyası", "Qəzəb və stressin idarə olunması", "Yeniyetməlik dövründə depressiya və dağıdıcı davranış pozuntusu", "Filial terapiya", "Evlilik, ailə, boşanma terapiyasının əsasları" kimi vacib mövzularda təlimlər dünyada tanınan psixoloqlar - Pavel Kosyanik, Cem Özüak, Obengül Ejder, Elif Macit, Gökhan Göksu tərəfindən idarə olunmuşdur.
Dünya Pozitiv Psixoterapiya Assosiasiyası, Üsküdar Universiteti, Fundamental Təhsil Universiteti, V.M.Bexterev adına Sankt-Peterburq Milli-Tibbi Neyropsixoloji Psixiatriya Elmi-Tədqiqat Mərkəzi, Sankt-Peterburq Perinatal Psixologiya və Resurs Psixoterapiyası İnstitutu, Beynəlxalq Ailə Akademiyası, Lomonosov adına Moskva Dövlət Universiteti və beynəlxalq psixoloji informasiya mərkəzləri, redaksiyalar ilə əlaqələrimiz 2022-ci ildə də davam etdiriləcəkdir.
- Proqnozlara görə, 2022-ci və qarşıdakı illərdə hansı psixoloji-mənəvi faktorlara, proses və olaylara diqqət yetirmək lazım gələcək?
- Ümumi psixoloji məzmunlu müraciətlərin artımının müşahidə olunacağını düşünürəm. Təəssüf ki, boşanmaların sayı artmaqdadır, təəssüf ki, dəhşətli intihar halları, narkomaniyanın fəsadları, qadına şiddət epizodları kütləvi informasiya vasitələrində izlənilməkdədir. Bütün bu neqativlərin əsasında psixoloji əsasların olduğu hər kəsə bəllidir. Çalışacağıq ki, ən xırda psixoloji problemlərdən tutmuş, geniş miqyaslı humanist proseslərə qədər hər bir zəruri məqamda insanların yanında olaq, cəmiyyətimizin həyatı daha rahat, daha mənalı bir axarda davam etsin. Unutmayaq ki, psixoloji sabitlik ictimai yekunların, maddi, mənəvi sərvətlərin artımında zəruri şərtlərdən biridir.
- Yeni il ərəfəsində maraqlı söhbət üçün sizə sağ olun deyirik. İnanırıq ki, "Loqos"un uğurları, ən əsası insanların sizə inamı və sevgisi ildən ilə artacaq./525.az/