Emin Əliyev: “Qarabağın dirçəlişi ilə bağlı layihələr var” – Müsahibə

MÜSAHİBƏ 23 dekabr 2021, 14:47
Karvannews.com ictimai xadim, sosial aktiv şəxs Emin Əliyevlə müsahibəni təqdim edir.
 
- Artıq ili yekunlaşdırmaq üzrəyik. Bu il hamımız üçün olduqca gözlənilməz hadisələrlə yadda qaldı. İstərdim ki, sizin də fəaliyyətinizlə bağlı, oxucularımıza maraqlı bəzi məqamlara toxunasız.
 
- Mən də sizi salamlayıram, sizə uğurlar arzu edirəm. Fürsətdən istifadə edib millətimizi qarşıdan gələn bayramlar münasibətilə təbrik edirəm. Hesab edirəm ki, 2022-ci il sürətli inkişaf və Qarabağa Böyük Qayıdış ili kimi yaddaşlarda qalacaq.
 
- Zəhmət olmazsa öncə öz ictimai fəaliyyətinizlə bağlı qısa məlumat verərdiniz. 2021-ci il sizin fəaliyyətinizə necə təsir etdi?
 
- 2020 və 2021-ci il bütün dünya üçün ağır bir dövr oldu. COVİD-19 pandemiyası demək olar ki, bütün sahələrə zərər vurdu. Təsisçisi olduğum “Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları” İctimai Birliyinin fəaliyyət sahəsi isə birbaşa sağlam qidalanma, ekoloji təmiz məhsul istehsalı, ekoloji təmiz texnologiyaların tətbiqi, sağlam ətraf mühit, iqlim dəyişiklikləri və ekoloji balansın qorunması sahəsi ilə bağlı olduğu üçün demək olar ki, dayanmadıq. Şəkidə 3000 ağacdan ibarət “Zəfər bağı”, Zəngilanda 200 ağaclıq meyvə bağının salınması layihəsini icra etdik. Azad edilmiş ərazilərimizin iqtisadi potensialının qiymətləndirilməsi və ekoloji təmiz texnologiyaların tətbiqi sahəsində, o cümlədən yaşıl iqtisadi sistemlər və yaşıl artım istiqamətlərində araşdırmalar apardıq və müvafiq orqanlara təkliflər verdik və bu gün də bu istiqamətdə fəaliyyətimiz davam edir. 30 il ərzində adı ancaq müharibə, insan tələfatı və neqativliklərlə hallanan Qarabağın öz adına yaraşan bir markasının olmasını arzu edirik. Biz “Organic Karabakh” markasının yaradılması və bu adın yayılması istiqamətində səylərimizi davam etdiririk. 2021-ci il ərzində həm dövlət, həm də özəl media orqanlarında, qəzetlərdə və televiziya kanallarında bu markanın təbliğatını aparmışıq. 2022-ci il üçün təsdiq etdiyimiz tədbirlər planına uyğun olaraq bu cür tədbirlərin miqyasını və iştirakçı tərkibini daha da genişləndirəcəyik. Dövlət başçısı cənab İlham Əliyev Qarabağı yaşıl iqtisadi zonaya çevirmək və dünyaya təqdim etmək üçün tədbirlərin görülməsi istiqamətində fərman və sərəncamlar imzalayır. Dekabrın 10-da cənab Prezident tərəfindən imzalanmış “İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Sərəncamın 1.6-cı bəndi məhz bizim arzu etdiyimiz sahələrin inkişafını özündə ehtiva edir. Biz bu məsələdə dövlət orqanları ilə sıx işləməyə hazırıq və bundan sonra da əlimizdən gələni edəcəyik.
 
- Yeri gəlmişkən, Qarabağ zəfərimizin 1 ili tamam oldu. Bu bir il ərzində sizcə ictimaiyyət nümayəndələri Qarabağda kifayət qədər uğurlu fəaliyyət göstərə bildilərmi?
 
- Vətəndaş cəmiyyətinin nümayəndələri xaraktercə sərbəst, çevik və bürokratiyadan uzaq şəxslər olurlar. Düşünürəm ki, Vətən müharibəsi dövründə ictimai birliklər öz ölçüsü, intellekti və beynəlxalq əlaqələri çərçivəsində kifayət qədər aktiv oldular. Müharibədən sonra da aktivliklərini qoruyub saxlamağa çalışdılar. Nəzərə alsaq ki, ictimai birliklər də pandemiya dövründə ən çox zərər çəkənlərdən olmuşlar, o zaman onların fədakarlıqlarını qiymətləndirməmək ədalətsizlik olar. Eyni zamanda müvafiq dövlət orqanlarının təşkilatçılığı ilə ictimai fəal şəxslərin azad edilmiş ərazilərə səfərləri təşkil edildi və onlar öz gözləri ilə Qarabağın təbii gözəlliyi və erməni vəhşiliyinin tandeminin şahidi oldular. Bu səfərlər eyni zamanda ictimai birliklərə şərait yaratdı ki, gələcəkdə layihələr hazırlayarkən Qarabağın dirçəlişi istiqamətində tədbirlərə üstünlük versinlər. Onu da deyim ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyi yeni imic və dürüst kollektiv ilə aktiv işləməyə başlayıb. Çox çətin bir məqamda qrant müsabiqəsi elan edildi və bu qrant müsabiqəsində 415 QHT-nin layihəsi qalib seçildi. Amma gərək onu da əlavə edim ki, milli QHT-lərimizin keyfiyyət göstəriciləri o qədər də ürəkaçan səviyyədə deyil. Onların çox az bir qisminin beynəlxalq əlaqələri var. Düşünürəm ki, bundan sonrakı dövrdə ictimai birliklərin keyfiyyət göstəricilərinin qalxması, beynəlxalq layihələrin icrası və sadəcə Azərbaycanda deyil, xarici ölkələrdə də layihələrin icrası təcrübələrini əldə etməsi üçün də tədbirlər görüləcəkdir.
 
- Emin müəllim, mümkünsə bizə bir az da sahibkarlıq fəaliyyətiniz barədə danışın. Adətən sahibkarlar üçün sosial layihələr sadəcə PR məqsədi daşıyır. Siz də bunları PR üçünmü edirsiniz?
 
- Mənim sahibkarlıq fəaliyyətim çoxşaxəlidir. Aqrar idarəetmə, biznes təlimlər, fərdi məsləhət xidmətləri, layihə menecmenti və s. sahələr mənim sahibkarlıq fəaliyyətimin komponentlərindəndirlər. Çox yaxşı bir komanda formalaşdırmağa nail olmuşam. Ölkəmizin demək olar ki, bütün rayonlarında layihələr icra etmişik. İndi bu qədər iş görəsən və bunu heç kəsə göstərməyəsən, bu ədalətli olmaz axı! (gülür). Təbii ki, görülmüş işlərin ictimaiyyətlə paylaşılması da həmin işlərin tərkib hissəsidir. İlkin səbəb budur ki, biz sahibkarlıq fəaliyyəti ilə məşğul oluruq və təbii olaraq, göstərdiyimiz xidmətlərin əhatə dairəsinin genişlənməsi və daha çox layihələr icra etmək üçün çalışırıq. Buna görə biz öz fəaliyyətlərimiz barədə ictimaiyyətə müxtəlif kateqoriyalı təqdimatlar, sizin dediyiniz kimi “PR-lar edirik”. Bundan başqa görülmüş işlərin PR-ı bu sahəyə diqqətin yönəldilməsi və daha geniş miqyasda maraqlı tərəflərin cəlb edilməsinə də xidmət edir. Unutmayın, PR, olmayan şeyi varmış kimi göstərmək üçün deyil, olan şeyi ictimaiyyətə, izləyiciyə xoş gələcək şəkildə təqdim etmək üçündür. Onu da qeyd edim ki, müasir dövrün trendlərindən biri də sosial sahibkarlığın və korporativ sosial məsuliyyətin də tələblərinə müvafiq görülmüş işləri təqdim etmək öhdəliyidir. Biz bugünədək yuxarıda qeyd etdiyim çərçivələrdən kənara çıxmamışıq.
 
- Əgər yanılmıramsa siz mikro, kiçik və orta sahibkarlıq subyektləri ilə sıx təmaslarda olursunuz. Bu sahədəki işinizdə nə kimi çətinliklər və mənfi məqamlarla rastlaşmısınız?
 
- Ölkəmizdə son dövrlərdə yaradılmış dövlət orqanları içərisində ən uğurlu fəaliyyət göstərənlərdən biri də Kiçik və Orta Biznesin İnkişaf Agentliyidir. Onların fəaliyyəti nəticəsində mikro, kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyətində müsbət istiqamətdə həm kəmiyyət, həm də keyfiyyət dəyişikliyi yaranmışdır. Kəmiyyət dəyişkliyinin özü də müasir Azərbaycanın iqtisadi sistemində əhəmiyyətli rol oynayır. Çünki bir çox sahələrdə sahibkarlıqla məşğul olan şəxslər dövləq qeydiyyatından, dolayısı ilə vergi öhdəliklərindən yayınaraq fəaliyyət göstərirdilər. KOBİA-nın uğurlu layihəsi olan Kiçik və Orta Biznesin İnkişafı Mərkəzlərinin məsləhət xidmətləri, təlimləri və ümumiyyətlə bu sahədə göstərdiyi xidmətlər nəticəsində sahibkarlar vergi orqanları ilə sıx əməkdaşlıq etməyə və qazandıqları puldan da vergilər ödəməyə başlamışdırlar. Bu istiqamətdə bizim də hər hansı bir rolumuzun olması yeni uğurlar üçün bizi həvəsləndirir. Təbii ki, bu proseslər asan başa gəlmir. Biz ölkəmizin ən ucqar rayonları da daxil olmaqla hər bir yerində fəaliyyət göstəririk. Əlbəttə ki, bu regional müxtəlifliklər intellektual fərqlilikləri də özündə ehtiva edir. Amma fəaliyyət göstərdiyimiz bölgələrdə yaradılmasında və inkişaf etdirilməsində iştirak etdiyimiz sahibkarlıq subyektlərinin xeyir-duaları bütün çətinlikləri və narahatlıqları unutdurur.
 
- Siz, səhv xatırlamıramsa, parlament seçkilərində də aktiv iştirak etmişdiniz. Özü də onu deməliyəm ki, kifayət qədər fərqli və səliqəli bir seçki kampaniyası aparmışdınız. O ərəfədə "müəmmalı şəkildə" işinizdən də ayrıldığınızı demişdiniz. Önümüzdəki illərdə yenidən parlament seçkilərində iştirak etmək fikriniz varmı?
 
- Seçki prosesi həyatımın ən maraqlı dövrü idi. Keyfiyyətli komanda ilə keyfiyyətli bir təbliğat və təşviqat işləri apardıq. Seçki dövründə baş verən hadisələr, sizin də qeyd etdiyiniz kimi “müəmmalı şəkildə baş verənlər” isə mənlə qəbrə gedəcək! (gülür). Heç bir zaman heç kəsdən heç nə ummamışam, heç kəsdən də şikayətçi olmamışam. 40 il bu cür yaşamış bir insan olaraq, bundan sonra da xarakter dəyişikliyi göstərəcəyimə inanmıram. Mən “2020-ci il parlament seçkiləri” dəftərini bağlamışam. Qarşıda Qarabağın dirçəlişi ilə bağlı layihələr var. “Millət vəkili” adı bir insan üçün çox böyük bir addır, kim o ada layiq olmaq və onu əldə etmək istəməz ki?! Gələcəkdə nə baş verəcəyini bilməməklə yanaşı, bildiyim bir məsələ var ki, harada xidmət etmək, fayda vermək varsa, Emin Əliyev də orada olacaqdır! Vəssalam!
 
- Son sualımızı soruşum, sonra sizinlə sağollaşaq. Öz fəaliyyətinizi faizlə qiymətləndirəsi olsanız, bu ili neçə faiz uğurla yerinə yetirdiyinizi düşünərdiniz? Və gələn il üçün əsas hədəfləriniz nələrdir?
 
- Biz biznes fəaliyyətimizlə bağlı bu ili “Öhdəliklərin ödənməsi və inkişaf ili” elan etmişdik. Pandemiyanın və onun nəticəsində xüsusi karantin rejiminin sərt tələbləri dövründə evdə oturarkən belə bir dəqiqə dayanmadıq. Çalışdıq, post-pandemiya dövrü üçün planlar qurduq, layihələr hazırladıq. Qaydalar yumşaldıqca biz də planlarımızı icra etməyə başladıq və düşünürəm ki, nəticə, təxminən 70% uğur oldu. Belə də ki, hələ ilin sonuna bir neçə gün qalıb, bilmək olmaz, nəticə dəyişə də bilər! (gülür).
 
- Çox sağ olun, Emin müəllim. Açıq deməliyəm ki, sizinlə həmsöhbət olmaq olduqca xoşdur. Redaksiyamız adından da, öz adımdan da sizə təşəkkür edirəm.
 
- Söhbəti düzgün quran sizsiniz deyə söhbət də maraqlı alınır. Sual düzgün qoyulanda cavab da ona mütənasib düzgün olur. Siz də çox sağ olun ki, fikirlərimizi ictimaiyyətə çatdırmaqda bizə öz qapılarınızı açdınız. Minnətdaram bir daha. /telejurnal.az/
 

DİGƏR XƏBƏRLƏR

Loading
Top