Ötən il ixracda pambıq 1-ci, qızıl 2-ci, pomidor 3-cü olub

Kənd təsərrüfatı 31 yanvar 2022, 14:41

“İxrac icmalı” nın yanvar sayına əsasən, 2021-ci il ərzində Azərbaycanın ixracı 22,2 mlrd. ABŞ dolları, qeyri-neft sektoru üzrə 2,7 mlrd. ABŞ dolları təşkil edib.

Qeyri-neft sektoru üzrə ixrac 2020-ci il ilə müqayisədə 870 mln. ABŞ dolları və ya 47,2% artıb. 2021-ci il ərzində meyvə-tərəvəz məhsulları ötən ilin eyni dövrü ilə müqayisədə 22,9 mln ABŞ dolları artaraq 630,4 milyon ABŞ dolları təşkil edib. Müvafiq dövr ərzində pambıq ipliyi ixracı 3,1 dəfə, kimya sənayesi məhsullarının ixracı 2,9 dəfə, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 2 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 66,2%, pambıq lifi ixracı 58,3%, şəkər ixracı isə 19,3% artıb.

2021-ci ilin yanvar-dekabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında  pambıq mahlıcı (208 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda qızıl (202,5 milyon ABŞ dolları) ikinci, pomidor (tomat) (160,2 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.

2021-ci ilin dekabr ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında xurma (34,4 milyon ABŞ dolları) birinci, polimerləşmə nəticəsində əmələ gələn ilkin formalı digər maddələr (26,9 milyon ABŞ dolları) ikinci və karbamid  (25,1 milyon ABŞ dolları) üçüncü olub.

DİGƏR XƏBƏRLƏR

Loading
Top